02:38 24 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0009
  • RUB0.0231
İQTİSADİYYAT
Qısa URL
58 0 0

Azərbaycanın Dünya Bankının koronavirusla mübarizəyə görə təklif etdiyi kreditdən imtina etməsi, ölkəmizin BƏƏ ilə iqtisadi əməkdaşlığı genişləndirməsi və digərləri - Sputnik Azərbaycan ötən həftənin ən mühüm iqtisadi hadisələrindən bəhs edir.

 

BAKI, 27 iyun — Sputnik. Geridə qoyduğumuz həftə Azərbaycanda kifayət qədər maraqlı iqtisadi hadisələr baş verib.

Azərbaycan Dünya Bankının təklif etdiyi kreditdən imtina edib

Ölkəmiz Dünya Bankının koronavirusla mübarizəyə görə təklif etdiyi kreditdən imtina edib. Belə ki, Dünya Bankı tərəfindən koronavirus infeksiyasına qarşı mübarizədə bütün ölkələrə təqdim olunan "Sürətli COVID-19 aləti" layihəsi çərçivəsində güzəştli kredit vəsaitinin cəlb olunmasına Azərbaycan tərəfi də maraq göstərib və müvafiq danışıqlara başlayıb.

Maliyyə Nazirliyindən bildirilib ki, kreditin ayrılması istiqamətləri, şərtləri və prosedurları Azərbaycan tərəfini qane etmədiyindən həmin danışıqların aparılması dayandırılıb və bu barədə Dünya Bankına məlumat verilib. Hazırda Dünya Bankından sözügedən kreditin alınması gündəmdə deyil.

Bankın İdarə Heyəti tərəfindən kreditin təsdiqlənməsi sentyabrın 6-na planlaşdırılmışdı.

Qeyd edək ki, Dünya Bankının Bakı ofisinin rəhbəri Sara Maykl bildirib ki, Dünya Bankı Azərbaycanda COVID-19-a təcili cavab tədbirlərinin həyata keçirilməsi layihəsinə 95 milyon ABŞ dolları ayırmağı planlaşdırır: "Keçən il bir neçə ölkə koronavirus infeksiyasına qarşı mübarizədə ölkələri dəstəkləmək üçün sürətləndirilmiş kredit mexanizmi elan edildikdən dərhal sonra maliyyələşmə üçün müraciət etdi. Bu ölkələrə vəsait ayrıldı və onlar COVID-19 səbəbilə yaranmış əlavə xərclərini qarşılaya bildilər. Azərbaycan hökuməti isə öz növbəsində, bu yaxınlarda müraciət edib. Müvafiq olaraq kredit vasitəsilə artıq xərclədiyi vəsaiti kompensasiya edə biləcək. Yeni xərclər arasında COVID-19-lu pasiyentlər üçün müstəsna xidmətlər göstərən tibb işçilərinə əlavə ödənişlər, avadanlıq alışı, gözlənilməz hallar və stimullaşdırıcı tədbirlər üçün əlavə vəsaitlər ola bilər".

Xatırladaq ki, Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür və indiyədək bank Azərbaycana 70-dən çox layihə üzrə 4,4 mlrd. dollar məbləğində vəsaitin ayrılmasını öz öhdəliyinə götürüb.

Azərbaycanın Birləşmiş Ərəb Əmirlikləri ilə iqtisadi əməkdaşlığı genişlənir

Ötən həftə iqtisadiyyat naziri Mikayıl Cabbarov və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələrinin yüksək səviyyədə olduğu vurğulanıb.

Birləşmiş Ərəb Əmirlikləri ilə iqtisadi sahədə uğurlu əməkdaşlıq həyata keçirildiyini qeyd edən Azərbaycanın iqtisadiyyat naziri qarşılıqlı ticarətin əməkdaşlığın əsas istiqamətlərindən olduğunu, 2021-ci ilin yanvar-may aylarında ticarət dövriyyəsinin 41%, ixracın isə 40% artığını diqqətə çatdırıb.

Ölkələrimiz arasında ticarət və investisiya sahəsində əməkdaşlığın inkişafı üçün bir sıra mexanizmlər tətbiq olunur, Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərində ticarət nümayəndəsi və Dubayda Azərbaycan Ticarət Evi fəaliyyət göstərir. Ölkəmiz Birləşmiş Ərəb Əmirliklərində təşkil edilən investisiya forumlarının fəal iştirakçılarındandır.

Görüşdə Azərbaycan-BƏƏ Birgə Hökumətlərarası Komissiyasının iqtisadi tərəfdaşlığın inkişafında səmərəli rolu qeyd edilib və qısa müddətdə Komissiyanın növbəti iclasının keçirilməsi barədə razılığa gəlinib.

Mikayıl Cabbarov rəqəmsal iqtisadiyyat, nəqliyyat-tranzit, alternativ enerji, kiçik və orta biznes, aqrar, turizm və s. sahələr üzrə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb, Birləşmiş Ərəb Əmirliklərinin iş adamlarını Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən yararlanmağa, sənaye zonalarına investisiya yatırmağa dəvət edib. Bildirilib ki, hər iki ölkənin Dördüncü Sənaye İnqilabı Mərkəzləri şəbəkəsinə qoşulması bu sahədə əməkdaşlıq üçün yeni perspektivlər açır.

Azərbaycana səfərindən məmnunluğunu ifadə edən Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marri ölkəmizlə bir sıra sahələrdə uğurlu tərəfdaşlığı vurğulayıb, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi potensialı barədə fikirlərini bölüşüb. Görüşdə tərəflər iqtisadi əlaqələrin inkişafı istiqamətlərini müzakirə ediblər.

Şanxay Əməkdaşlıq Təşkilatının 1-ci iqtisadi forumu keçirilib, tədbirdə Azərbaycan da təmsil olunub

Tacikistanın paytaxtı Düşənbə şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) "Rəqəmsal iqtisadiyyat, elektron ticarət və innovasiya sahələrində əməkdaşlığın artırılması" mövzusunda 1-ci iqtisadi forumu keçirilib.

ŞƏT-in dialoq üzrə tərəfdaş ölkəsi statusuna malik olan Azərbaycanı forumda iqtisadiyyat nazirinin müavini Elnur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Forumda ŞƏT-in 20 illiyi, iqtisadiyyatın transformasiyası və rəqəmsallaşma, elektron ticarət və dayanıqlı inkişaf üzrə müasir texnologiyaların tətbiqi ilə bağlı müzakirələr aparılıb.

Forumun ilk günü plenar iclasda çıxış edən iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Azərbaycanda rəqəmsallaşma, innovasiya, rəqəmsal bilik və bacarıqların inkişaf etdirilməsi, insan kapitalının inkişafı, Dördüncü Sənaye İnqilabının yeni çağırışlarına çevik uyğunlaşma istiqamətində görülən işlər barədə məlumat verib.

Nazir müavini Elnur Əliyev tədbir çərçivəsində həmçinin, bir sıra görüşlər keçirib, görüşlərdə ikitərəfli iqtisadi-ticarət əlaqələri müzakirə edilib.

Forum çərçivəsində keçirilən tematik sessiyada elektron hökumət sisteminin tətbiqi və dövlət xidmətlərinin elektron formatda göstərilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı ilə bağlı əməkdaşlıq, elektron ticarətin üstünlüklərinin təşviqi məsələləri müzakirə edilib.

Rostov müəssisələrinin nümayəndələrinin Azərbaycana biznes-missiyası təşkil olunub

Azərbaycan-Rusiya İşgüzar Şurası və Rusiya Federasiyasının Rostov vilayətinin Ticarət və Sənaye Palatasının dəstəyi ilə Rostovdan olan müəssisələrin nümayəndələrinin ölkəmizə biznes-missiyası təşkil olunub.

Biznes-missiya çərçivəsində kənd təsərrüfatı, gəmiqayırma, logistika, balıqçılıq, tikinti və tibb sahələrində fəaliyyət göstərən Azərbaycan və Rostovdan olan müəssisələrin nümayəndələri arasında ikitərəfli görüşlər keçirilib. Rostovdan olan nümayəndə heyəti, həmçinin Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin nümayəndələri ilə görüşüb, fikir mübadiləsi aparıblar. Rostovdan olan nümayəndələr biznes-missiya çərçivəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə tanış olub.

Kəlbəcərdə elektrik enerjisi ilə təchizat üçün vəsait ayrılıb

Kəlbəcər rayonu ərazisində dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinin etibarlı və dayanıqlı elektrik enerjisi ilə təchizatı məqsədilə "Azərişıq" ASC-yə 24 milyon 500 min manat ayrılıb. Bu barədə Prezident İlham Əliyev "Kəlbəcər rayonu ərazisində dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinin elektrik enerjisi ilə təchizatı haqqında" Sərəncam imzalayıb.

Sərəncama əsasən, Kəlbəcər rayonu ərazisində dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinin etibarlı və dayanıqlı elektrik enerjisi ilə təchizatı məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinə 24 milyon 500 min manat ayrılıb.

Pandemiyadan zərər çəkən sahibkarlara maliyyə dəstəyi davam etdirilir

Pandemiyadan zərər çəkən sahibkarlara maliyyə dəstəyinin göstərilməsi davam etdirilir. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarlara yeni verilən bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılmasını, eləcə də mövcud kredit borcu olan sahibkarların kredit faizlərinin bir hissəsinin dövlət tərəfindən subsidiyalaşdırılmasını davam etdirir.

Bu addım pandemiyadan zərər çəkmiş fəaliyyət sahələrinə investisiya qoyuluşlarının sürətləndirilməsi və bu fəaliyyət sahələri üzrə məşğulluğun qorunub saxlanması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində reallaşdırılır.

Belə ki, 2021-ci ilin 31 may tarixinədək dövlət zəmanətli kredit və faizlərin subsidiyalaşdırılması mexanizmi çərçivəsində 1026 müraciət üzrə 258,3 milyon manat kreditə 149,7 milyon manat məbləğində dövlət zəmanəti verilib. Mövcud kredit portfelinin subsidiyalaşdırılması mexanizmi üzrə isə kredit qalığı 819,2 milyon manat olan 4497 müraciətə 57 milyon manat faiz subsidiyasının verilməsi barədə müsbət qərar qəbul edilib və artıq 49,3 milyon manat subsidiya ödənişi həyata keçirilib.

Qeyd edək ki, sahibkarların dövlət zəmanətli kredit və faizlərin subsidiyalaşdırılması mexanizmi üzrə müraciətləri Elektron Kredit Platforması üzərindən qəbul olunur. Sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının daha da asanlaşdırılması məqsədilə Fond tərəfindən xidmətlərin tam elektronlaşdırılması istiqamətində tədbirlər görülür.

Xatırladaq ki, pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara dəstək məqsədilə ötən ilin iyun ayından iki proqramın - kredit-zəmanət və faizlərin subsidiyalaşdırılması mexanizmlərinin tətbiqinə başlanıb.

Kredit-zəmanət mexanizmi çərçivəsində yeni biznes kreditlərinin verilməsi məqsədilə müraciətlərin onlayn rejimdə qəbul edilməsi üçün İqtisadiyyat Nazirliyi tərəfindən ölkədə ilk dəfə olaraq rəqəmsal Kredit Platforması yaradılıb və sahibkarların istifadəsinə verilib. 2020-ci ildə bu platforma üzərindən yeni biznes krediti sifarişi 949 milyon manat olan 3300-dən çox müraciət qeydiyyata alınıb. Müraciətlərin kredit tələbatı 148 milyon manat olan 433-nə (81.9%) Fond tərəfindən zəmanət verilib. Eyni zamanda 01.01.2021-ci il tarixinədək Fonda birdəfəlik komissiyası ödənilmiş və zəmanəti qüvvəyə minmiş müraciətlər üzrə kredit məbləği 130 milyon manat, zəmanət məbləği isə 74.8 milyon manat təşkil edib.

Digər dəstək mexanizmi olan sahibkarların 1 milyard manat kredit portfeli üzrə 100 milyon manat faiz subsidiyasının verilməsi nəzərdə tutulur ki, bunun da 50 milyon manatı dövlət büdcəsinin, 50 milyon manatı isə Fondun vəsaiti hesabına həyata keçirilir.

"SOCAR-Petrofac" ilə "BP Azerbaijan" 25 milyon dollarlıq saziş imzalayıb

SOCAR və "Petrofac" şirkətlərinin birgə müəssisəsi "SOCAR-Petrofac" BP şirkətinin Azərbaycanda əməliyyatçısı olduğu "Mərkəzi-Şərqi Azəri" (ACE) layihəsini dəstəkləmək üçün "BP Azerbaijan" şirkəti ilə 25 milyon dollar dəyərində yeni saziş imzalayıb.

Saziş çərçivəsində layihənin quruda və dənizdə obyektlərin istismara verilməsi və tənzimlənməsi, habelə digər sahələr üzrə mütəxəssislər, eləcə də yardımçı xidmətlər ilə təminatı həyata keçiriləcək.

ACE layihəsi "Azəri-Çıraq-Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunun işlənməsinin hazırkı mərhələsidir. Layihə çərçivəsində yeni dəniz özülünün tikintisi və quraşdırılması, gündəlik 100 min barelədək neft hasil olunması nəzərdə tutulur. Hazırda tikinti işləri davam edir. İlk neftin hasilatı 2023-cü ildə gözlənilir.

"SOCAR-Petrofac" ACE özülünün Bayıl istehsalat sahəsində SOCAR-ın "Azfen" şirkəti tərəfindən tikilməkdə olan üst modulunun təhvil verilməsi üçün mütəxəssislər təyin edəcək. Platformanın üst hissəsi quruda istismara təhvil verildikdən sonra dənizə yola salınacaq və özülün dayaq bloku üzərində yerləşdiriləcək. "SOCAR-Petrofac"ın əməkdaşları tərəfindən həyata keçiriləcək işlər əsasən mexaniki və elektrik quraşdırma, avadanlıqların yerləşdirilməsi və telekommunikasiya xidmətlərini əhatə edir.

SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov deyib: "Azəri-Çıraq-Dərinsulu Günəşli" yataqlar bloku Azərbaycanın neft sənayesinin ən gəlirli aktividir. AÇG üzrə müqavilə 2050-ci ilə qədər uzadılandan sonra, burada hasilatın dayanıqlılığını təmin etmək üçün yeni müasir tipli ACE dəniz özülünün tikintisinə başlanılıb. Ölkəmiz üçün olduqca əhəmiyyətli olan bu layihədə "Petrofac" şirkəti ilə birgə müəssisəmiz də xidmət göstərərək öz töhfəsini verəcək. Bu gün SOCAR-ın törəmə şirkətləri və birgə müəssisələri Azərbaycanda nəhəng neft-qaz layihələri həyata keçirən əməliyyatçılara yüksək səviyyədə xidmətlər göstərir. Məhz bunun nəticəsidir ki, Azərbaycanda neft-qaz özüllərinin, boru kəmərlərinin, zavodların, müxtəlif təyinatlı qurğu və gəmilərin tikintisi və quraşdırılması əsasən yerli mütəxəssislər tərəfindən icra olunur. Nəticədə, Azərbaycan vətəndaşları üçün yeni iş yerləri yaranır, onların rifah halı təmin olunur".

"Petrofac" şirkətinin təlim xidmətləri bölməsinin qlobal rəhbəri Petti Eyd belə şərh verib: "İndi bağladığımız saziş Azərbaycanda həyata keçirilmiş fəaliyyətimizin uğurlarına əsaslanır. "SOCAR-Petrofac" birgə müəssisəsi BP-nin Xəzər dənizindəki əməliyyatlarını daha geniş miqyasda dəstəkləmək üçün böyük imkanlara malikdir. Bu layihə çoxlu sayda iş yerlərinin yaradılmasına yol açır. Saziş müddətində 200-dək mütəxəssisin işə cəlb olunması, obyektlərin təhlükəsiz və uğurla istismara verilməsi üçün tələb olunan bütün yardımçı xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur".

"SOCAR-Petrofac" birgə müəssisəsi 2017-ci il dekabrın 5-də SOCAR və "Petrofac" şirkətləri tərəfindən ölkənin neft-qaz, neft-kimya sahələrində təlim və tədris istiqamətində kommersiya imkanlarından daha səmərəli yararlanmaq məqsədi ilə yaradılıb. Müqaviləyə əsasən, birgə müəssisədə SOCAR-ın səhm payı 51 faiz, "Petrofac" şirkətinin payı 49 faiz müəyyən edilib. Birgə müəssisənin yaradılmasında təsisçi şirkətlər öz imkanlarından istifadə edərək neftçilərin bilik və bacarıqlarının inkişafına dəstək vermək məqsədi daşıyırlar. Birgə müəssisə Azərbaycanın enerji sektorunda və digər ölkələrdə həyata keçirilən enerji layihələrinə dəstək verir, bu layihələrdə çalışan işçilər üçün daha mükəmməl və müasir proqramlar əsasında təlim-tədris xidmətləri təqdim edir.

Qeyd edək ki, "Petrofac" enerji sənayesinə xidmət göstərən beynəlxalq provayderdir. Onun şaxələnmiş müştəri portfelinə dünyanın aparıcı neft və qaz şirkətləri daxildir. "Petrofac" neft, qaz, emal, neft-kimya, bərpa olunan enerji infrastrukturunun layihələndirilməsi və tikintisini, fəaliyyətini, istismar və idarə olunmasını həyata keçirir. Şirkətin məqsədi müştərilərini dünyanın artan enerji tələbatının ödənilməsində dəstəkləməkdir. Şirkətin 6 dəyəri - təhlükəsiz, etik, innovativ, çevik, keyfiyyətli və qənaətcil çatdırma - onun fəaliyyətinin əsasını təşkil edir.

"Petrofac"ın əsas bazarları Yaxın Şərq və Şimali Afrika regionu, Böyük Britaniya və Şimal dənizidir. Şirkət bu regionlarda effektiv xərclərə və ölkədaxili dəyərləri əsas tutan yerli çatdırma modelinə əsaslanan təhlükəsiz, etibarlı və innovativ fəaliyyət qurmuşdur. Şirkət Hindistan, Cənub-Şərqi Asiya və ABŞ daxil olmaqla digər mühüm bazarlarda da fəaliyyət göstərir. "Petrofac"ın dünya üzrə 31 ofisi və 10 min 700 əməkdaşı var.

"Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilib

Milli Məclisin iclasında "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik birinci oxunuşda qəbul edilib. Qanun layihəsi "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Azərbaycan Prezidentinin 3 aprel 2019-cu il tarixli fərmanına uyğun olaraq hazırlandığı bildirilib. Həmin fərmanla ölkəmizdə ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə kompleks tədbirlər nəzərdə tutulub. Fərmanda göstərilən məsələlərin həlli məqsədilə "Dövlət rüsumu haqqında" qanuna bəzi dəyişikliklər təklif olunur.

Qanunun məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri ilə bağlı 8-ci maddəsi yeni redaksiyada verilir. Dəyişikliyə əsasən, dövlət rüsumu tutulmalı olan hərəkətlər yenidən sistemləşdirilir, həmçinin qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu diferensial qaydada müəyyən olunur və məbləğlərə yenidən baxılır. Nəzərdə tutulmuş dövlət rüsumlarının 50 faizi Ali Məhkəmənin, apellyasiya məhkəmələrinin, müvafiq icra hakimiyyəti orqanının xəzinə hesablarına köçürüləcək və bu vəsait məhkəmə aparatlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, məhkəmənin maddi təminatının yaxşılaşdırılmasına yönəldiləcək.

Qanunun 9-cu maddəsində edilən düzəlişlər əsasında isə bir sıra azadolma halları ilə bağlı maddələr ləğv edilir. Belə ki, 9.1.14-cü maddəyə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları və bələdiyyələr dövlət rüsumu ödəməkdən azad edilir. Qanuna yeni maddə də əlavə edilir. Əlavəyə görə, özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək üçün şəhadətnamənin verilməsinə görə 100 manat dövlət rüsumu müəyyən olunur.

"Kənddən Şəhərə" həftəsonu yarmarkaları keçirilib

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən həftəsonu Bakı və Abşeron ərazisində 3 fərqli ünvanda "Kənddən Şəhərə" həftəsonu yarmarkaları təşkil olunub.

Budəfəki yarmarkalarda 40-a yaxın regiondan 100-ə yaxın fermer iştirak edib. Yarmarkalarda fermerlər ümumilikdə 60-a yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulunun satışını həyata keçiriblər.

Satışa çıxarılan məhsulların keyfiyyət göstəricilərinə nəzarət etmək məqsədi ilə yarmarkalarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası fəaliyyət göstərib. Yarmarkada satılan hər hansı bir məhsulun keyfiyyətində tərəddüd edən alıcılar laboratoriyanın xidmətlərindən ödənişsiz şəkildə faydalana biliblər.

Qeyd edək ki, yarmarkalar karantin rejiminin tələblərinə əməl olunmaqla keçirilib, eyni zamanda yarmarka ərazisində mütəmadi olaraq dezinfeksiya işləri aparılıb. Yarmarkada iştirak edəcək fermerlər ödənişsiz şəkildə piştaxta, soyuducu, tərəzi və digər avadanlıqlarla yanaşı, tibbi ləvazimatlarla (tibbi maska, dezinfeksiyaedici maddələr, əlcək və.) da təmin olunublar. Yarmarkaya alış-verişə gələcək vətəndaşların temperaturları ölçülüb, tibbi maskadan istifadəyə və sosial məsafənin gözlənilməsinə xüsusi diqqət yetirilib.

Xatırladaq ki, "Kənddən Şəhərə" həftəsonu yarmarkalarının təşkilində əsas məqsəd Bakı və Abşeron sakinlərini təbii və sağlam kənd məhsulları ilə təmin etmək, eləcə də yerli fermer təsərrüfatları üçün alternativ satış kanalı yaratmaqdır.

Ani Ödənişlər Sistemi üzrə xidmət haqqı tariflərinə tətbiq olunan güzəşt müddəti uzadılıb

Azərbaycan Prezidentinin 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı" çərçivəsində Mərkəzi Bank tərəfindən yaradılan Ani Ödənişlər Sistemi (AÖS) 2020-ci ilin 1 oktyabr tarixindən real rejimdə istismara verilib.

İlkin mərhələdə əhali və iqtisadi subyektlərin sistemin imkanlarından daha aktiv istifadəyə cəlb edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən AÖS üzrə göstərilən əməliyyatlarla bağlı iştirakçı təşkilatlardan 1 iyul 2021-ci il tarixinə kimi xidmət haqqı tutulmaması qərara alınıb. AÖS-ün əhatə dairəsinin genişləndirilməsi tədbirlərinin dəstəklənməsi, habelə əhali və iqtisadi subyektlərin sistemin imkanlarından istifadəyə stimullaşdırılmasının davam etdirilməsini nəzərə alaraq, Mərkəzi Bank tərəfindən xidmət haqqı tarifləri üzrə güzəşt müddətinin 1 yanvar 2022-ci il tarixinədək uzadılmasına qərar verilib.

Qeyd edək ki, hazırda 20 bank, Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi və "Azərpoçt" MMC AÖS platformasına inteqrasiya olunub. AÖS-ə inteqrasiya olunmuş bankların müştəriləri internet və mobil bankçılıq xidmətləri, habelə sistemin "AniPay" mobil tətbiqindən ("Android": http://bit.ly/3b78WQo və "iOS": https://apple.co/3hXL17u) istifadə etməklə 24/7/365 rejimində ödənişlərini anında həyata keçirə bilərlər. Gələcəkdə sistemin əhatə dairəsinin genişləndirilməsi, habelə istifadəçilər üçün təqdim olunan rəqəmsal həllərin çeşidinin artırılması istiqamətində işlər davam etdiriləcək.

"Startap" şəhadətnaməsi almaq istəyən sahibkarların müraciətlərinə baxılıb

"Startap" şəhadətnaməsi ilə bağlı müraciətlərə baxılması məqsədilə yaradılmış Ekspertlər Şurasının növbəti iclası keçirilib. İclasda "Startap" şəhadətnaməsi almaq üçün İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) sahibkarlıq subyektlərindən daxil olmuş aqrar sahə üzrə "ağıllı cihaz", bank-maliyyə, elektron ticarət və logistika sahələri üzrə innovativ həllərə dair müraciətlərə baxılıb.

Qeyd edək ki, "Startap" şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir. Bu isə startapa gəlirini startap layihələrinin inkişafına yönəltməyə və böyüməyə imkan verir. "Startap" şəhadətnaməsi həmçinin, startapa yerli və xarici investorların marağını artırır, xarici bazarlara çıxışı asanlaşdırır.

"Startap" şəhadətnaməsi almaq üçün sahibkarlıq subyektləri KOBİA-ya yazılı və ya elektron qaydada müraciət edə bilərlər. "Startap" şəhadətnaməsi almaq üçün Agentliyə daxil olmuş müraciətlər əsasında ayda bir dəfə müxtəlif dövlət qurumlarının nümayəndələri və müstəqil ekspertlərdən ibarət Ekspertlər Şurasının iclası keçirilir. KOBİA həmçinin, "Startap" şəhadətnaməsinin alınmasına dair prosedurlar, o cümlədən müvafiq sənədlərin hazırlanması üçün sahibkarlara ödənişsiz məsləhət xidməti göstərir.

Gömrük Komitəsi iyunun 28-də gündəlik rejimdə fəaliyyət göstərəcək

Silahlı Qüvvələr Günü ilə əlaqədar qeyri-iş günündə gömrük sərhədindən keçirilən malların operativ şəkildə gecikmədən rəsmiləşdirilməsi, mal və nəqliyyat vasitələrinin sürətli keçidinin təmin edilməsi məqsədilə Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələri iyunun 28-də gündəlik iş rejimində fəaliyyət göstərəcək.

Gömrük rəsmiləşdirilməsi zamanı xarici ticarət iştirakçıları hökumət ödəniş portalının xidmətindən istifadə etməklə mal və nəqliyyat vasitələrinə görə gömrük ödənişlərini həyata keçirə bilərlər.

Eləcə də oxuyun: 

  • Nazirlik kasıbların dadına yetişdi - Yarmarkalar yenə keçirilir

  • Professor: “İki iqtisadi mərkəz Azərbaycan vasitəsilə əlaqə qurmuş olacaq”

  • Azərbaycan nefti 77 dollara çatır

  • İşləməyən günəş panelləri: Deputatlar enerji sahəsindəki problemləri topa tutdular

  • Yüz doxsan manat yenidən veriləcək? Nazirlik məsələyə aydınlıq gətirdi

Teqlər:
yarmarka, gömrük, Rostov, Şanxay, kredit, Dünya Bankı, Azərbaycan, həftənin icmalı, iqtisadiyyat

Əsas mövzular