CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yüz doxsan manat yenidən veriləcək? Nazirlik məsələyə aydınlıq gətirdi

© Sputnik / Murad OrujovПересчет денег, фото из архива
Пересчет денег, фото из архива - Sputnik Azərbaycan, 1920, 25.06.2021
Abunə olmaq
Hazırda ölkədə pandemiya ilə bağlı vəziyyət normala döndüyündən ödəmənin verilməsi dayandırılıb. Birdəfəlik ödənişin yenidən verilməsi Nazirlər Kabinetinin qəbul edəcəyi qərardan asılı olacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin sədr müavini Nihad Muxtarlı 190 manat birdəfəlik ödəmənin verilməsinə aydınlıq gətirib. Sputnik Azərbaycan-ın məlumatına görə, o, bunun müvafiq qurumun qərarı ilə mümkün olduğunu söyləyib. Nihad Muxtarlı deyib ki, pandemiya dövründə vətəndaşlara altı dəfə 190 manat birdəfəlik ödənişlər edilib:

"Hazırda ölkədə vəziyyət normala döndüyündən ödəmənin verilməsi dayandırılıb. Birdəfəlik ödənişin yenidən verilməsi Nazirlər Kabinetinin qəbul edəcəyi qərardan asılıdır".

O, həmçinin bildirib ki, pandemiya dövrünün fəsadları aradan qalxmağa başlayıb: " Onlar qərar verirlər, biz isə icra edirik. Ümidvarıq ki, bir daha 190 manat veriləsi olmaz, yəni, bir daha pandemiya qaydaları sərtləşməz".

Məlumat üçün qeyd edək ki, 2020-ci ilin aprelin 7-dən isə pandemiya dövründə işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi barədə qərar verildi. Həmin qərarla ölkə üzrə 3 dəfə işsiz şəxslərə 190 manat məbləğində birdəfəlik ödəmə verildi. İki dəfə isə sərt karantin üzrə rayonlarda yaşayanlara 190 manat ödəmə köçürüldü.

Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, 2020-ci ilin aprel-may aylarında 600 minədək, daha sonra sərt karantin rejiminin tətbiq edildiyi 16 rayon və şəhər üzrə 283 min aztəminatlı işsiz şəxsi əhatə edən 190 manat birdəfəlik ödəmə proqramı icra olunub.

Yüz doxsan manat gözləyənlərə alternativ

Bir müddət bundan əvvəl isə Azərbaycanda məşğulluqla bağlı daha bir yeniliyin anonsu verilib. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən ölkənin məşğulluq xəritəsinin hazırlandığı bildirilib. Nazirlikdən verilən məlumata görə, xəritə elektron informasiya sistemlərindən toplanmış məlumatlar nəticəsində yaradılır. Bu isə pandemiya şəraitində dövlətdən 190 manat yardım gözləyən vətəndaş üçün göydəndüşmə olacaq.  

Belə ki, məlumat bazasında ölkənin bütün inzibati ərazi bölgüsü üzrə əsas məşğulluq göstəriciləri, əmək resursları, məşğul əhali, muzdla işləyənlər, fərdi sahibkarlar, torpaq pay mülkiyyətçiləri, onların sektoral bölgüsü, işsiz şəxslər, ərazi məşğulluq proqramlarının icra vəziyyəti və sairə aid informasiyalar toplanacaq. Hər rayon və şəhər üzrə hazırlanacaq xəritə elektron formada ictimaiyyətə təqdim ediləcək. Ölkənin məşğulluq xəritəsi sosial və iqtisadi sahədə atılacaq addımların dinamikasını göstərəcək və məşğulluq proqramlarının hazırlanması və icrası işinin daha da təkmilləşdirilməsinə imkan verəcək.

Məşğulluq xəritəsinin əsas mahiyyəti nədir 

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Fərid Vəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanın məşğulluq xəritəsi ümumi elektron resurs şəklində hazırlanır və iki formadan ibarət olacaq: "Məşğulluq Mərkəzləri üzrə və iqtisadi zona üzrə bu xəritənin formalaşması həyata keçiriləcək. Elektron xəritə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və digər informasiya ehtiyatlarının inteqrasiyası nəticəsində toplanmış məlumatlardan ərsəyə gələcək.

Bu məlumatlar nəticəsində biz ölkə üzrə məşğulluq göstəricilərini xəritə üzərində izləyə biləcəyik. Əmək münasibətləri göstəricilərini də xəritə üzərində izləmək mümkün olacaq. Məsələn, seçilmiş inzibati rayon üzrə iş yerlərinin, işə götürən təşkilatların sayı, bu rayonda məşğulluq orqanlarında qeydiyyata alınan işsiz və işaxtaranların sayı, həyata keçirilmiş aktiv məşğulluq tədbirləri və onların strukturu, eləcə də özünüməşğulluq proqramına cəlb olunmuş şəxslər, onlardan təlimə cəlb olunanların sayı, aktiv təmin edilmişlər və mikrosahibkara çevrilmişlərin sayı bu xəritə üzərində öz əksini tapacaq".

Fərid Vəliyev bildirir ki, bu xəritə həmin regionlar üzrə sosial iqtisadi proqramların həyata keçirilməsində əlavə təhlil imkanları yaradacaq. Eyni zamanda bu proqramların dinamikasını göstərəcək: "Eləcə də hər rayon üzrə ərazi məşğulluq proqramlarının icra vəziyyəti məşğulluq xəritəsinin əsas göstəricilərindən biri olacaqdır".

Sadəcə vətəndaşa asan iş tapmaq imkanı 

Ekspert Azər Allahverənov ölkə üzrə məşğulluq xəritəsinin hazırlanmasının sadə vətəndaşlara müsbət təsiri olacağını söyləyir. O, Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, belə bir xəritənin hazırlanması çox əhəmiyyətlidir: "Əmək bazarında işsizlikdən əziyyət çəkən şəxslərin işsiz qalmasına çox vaxt iş yerləri barədə onların məlumatsızlığı səbəb olur. Vətəndaş ixtisasına uyğun iş tapa bilmir. Məcbur olur, qeyri-ixtisas üzrə işləsin və yaxud olduğu yeri tərk etsin. Bu xəritə üzrə iş yerlərinin göstərilməsi bu baxımdan ola bilər. Mən düşünürəm ki, böyük ehtimalla məşğulluq xəritəsi interaktiv xəritə olmalıdır, orada məlumatlar daim yenilənməlidir".

A.Allahverənov bildirir ki, məşğulluq xəritəsi həm də reallığı əks etdirməlidir: "Dövlətin məlumat bazasında işsizlər və iş yerləri ilə bağlı informasiyalar var. Görünür, həmin məlumatlar da bu xəritəyə inteqrasiya olunacaq. Hər bir halda xəritə məşğulluqla bağlı reallığı əks etdirməlidir. Zaman-zaman ayrı-ayrı şirkətlər iş yerlərini gizlədirlər. Bu, vakant yerlərin gizlədilməsinin qarşısını ala bilər. İnformasiyanı verməməyə görə işəgötürənin üzərinə də məsuliyyət qoyulmalıdır".

Həmçinin oxuyun: 

* Yüz doxsan manat yardımla bağlı əhaliyə yeni müraciət

Xəbər lenti
0