BAKI, 2 iyun - Sputnik. Azərbaycanda Aİ-95 ("Premium") və Aİ-98 ("Super") markalı avtomobil benzinin bahalaşma səbəbi bəlli olub.
Qeyd edək ki, ölkəyə idxal olunan Aİ-95 benzininin qiyməti 1,25 manatdan 1,40 manata, Aİ-98 benzininin qiyməti isə 1,40 manatdan 1,55 manata qalxıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, ölkə daxilində bu benzin növlərinin qiymətinin artımı birbaşa olaraq dünya bazarında neftin və neft məhsullarının bahalaşması ilə əlaqədardır:
"Hər iki benzin növü ölkəyə idxal olunur. Bu benzin növləri ölkə daxilində istehsal olunmur və idxal olduğuna görə, həmin benzin növlərinin qiyməti də idxal edilən ölkələrin, yəni beynəlxalq bazarda olan qiymətlərdən asılıdır. Beləliklə, dünyada neftin və neft məhsulların qiyməti artdıqca, bu benzin növlərinin də Azərbaycanda qiyməti artır, azaldıqca – azalır. Məsələn, pandemiyadan əvvəl Aİ-95-in bir litrinin qiyməti 1,5 manat idi, daha sonra, pandemiya dövründə hətta 1,2 və 1,1 manata düşmüşdü. İndi isə dünyana neftin və neft məhsulların qiyməti artıb və bununla əlaqədar olaraq idxal edilən benzin növlərinin qiyməti Azərbaycanda da yüksəlib".
SOCAR-ın rəsmisi həmçinin əlavə edib ki, əgər bu benzin növlərinin qiyməti dünya bazarlarında azalarsa, Azərbaycanda da bu benzin növləri ucuzlaşacaq, artdığı halda isə bahalaşacaq.
"Bu benzin növləri Azərbaycanda nisbətən az istifadə olunur. Əsas istifadə edilən yanacaq növləri dizel və Aİ-92 benzinidir. Bunlar ölkədə istehsal olunur. Ölkə daxilində istehsal olduğuna görə, bunların qiymətini dövlət tənzimləyir. Gələcəkdə Heydər Əliyev adına NEZ-də aparılan modernizasiya nəticəsində 2022-ci ildən sonra zavodda Aİ-95 benzinin də istehsalı mümkün ola bilər. Belə olduğu halda, biz bu benzinin idxalından asılılığımızı azalda bilərik və yaxud ümumiyyətlə aradan qaldıra bilərik. Yəni özümüz ölkə daxili istehsal edəcəyik və qiymət də artıq xarici amillərdən asılı olmayacaq. Belə olduğu halda, dövlət öz siyasətinə uyğun olaraq onları tənzimləyə biləcək", - deyə İ. Əhmədov qeyd edib.
Qeyd edək ki, bu ilin I rübündə Azərbaycana gətirilən benzinin əsas hissəsini Aİ-95 ("Premium") markalı avtomobil benzini təşkil edib. Hesabat dövründə ölkəyə 16,781 mln. dollarlıq 26 277,71 ton sözügedən benzindən gətirilib. Bu da illik müqayisədə həcm ifadəsində 71,6%, dəyər ifadəsində isə 45,1% çoxdur.
Cari ilin yanvar-mart aylarında Azərbaycana Aİ-95-in əsas ixracatçısı Rusiya olub (idxalın 90,3%-i). Rusiyadan Azərbaycana 15,143 mln. dollar dəyərində 23 721,48 ton "Premium" benzin tədarük olunub, bu, illik müqayisədə həcm ifadəsində 60,4%, dəyər ifadəsində isə 36,2% çoxdur.
Aİ-98-ə gəldikdə, yanvar-martda sözügedən benzin Azərbaycana yalnız Rumıniyadan idxal olunub. Belə ki, hesabat dövründə bu ölkədən Azərbaycana 562,73 min dollarlıq 718,75 ton Aİ-98 benzini tədarük olunub, bu da illik müqayisədə 3,4 dəfə çoxdur.
***
Azərbaycanda bu gündən benzinin qiymətində dəyişiklik edilib. Aİ-95 markalı benzinin qiyməti 1.40 manat olub.
Məlumatlı mənbələrdən bildirilib ki, qiymət dəyişikliyinə beynəlxalq birjalarda neftin qiymətinin artması səbəb olub. Belə ki, Aİ-95 markalı benzin Azərbaycanda istehsal olunmadığı, xaricdən idxal edildiyi üçün qiymət artımı labüd olub.
Qeyd edək ki, buna qədər sözügedən marka benzinin qiyməti 1.25 manat idi.
Tarif Şurasının saytında isə Aİ-95 benzinin qiymət dəyişikliyi barədə məlumat verilməyib.
Xatırladaq ki, Azərbaycanda yanacağın qiymətinə sonuncu dəfə bu ilin yanvarında dəyişiklik edilib. Yanvarın 4-də Tarif (qiymət) Şurasının iclasında Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib. Dizel yanacağından istifadənin ekoloji zərərini nəzərə alaraq, daha çox benzin istehlakına keçilməsi məqsədilə qiymət fərqi azaldılıb.
Eləcə də oxuyun:
-
Büdcəmiz dizeldən "yeyəcək", bəs biz?
-
ABŞ-da benzinin qiyməti 7 ilin rekordunu təzələdi
-
Hər beş elektrokar sahibindən biri yenidən adi avtomobillərə qayıdır
-
Qonşularımızdan neft məhsullarının ixracına qadağa - Azərbaycana təsiri necə olacaq?