BAKI, 6 may — Sputnik. Kaliforniya alimlərinin tədqiqatları göstərib ki, elektromobil sahiblərinin təqribən 20%-i elektrokarı satdıqdan sonra yenidən daxili yanma mühərrikləri ilə işləyən avtomobil alırlar. Sputnik Azərbaycan Rusiya mediasına istinadən xəbər verir ki, elektrokar sahiblərinin narazılığının və məyusluğunun əsas səbəbi batareya doldurma infrastrukturunun qənaətbəxş olmaması və müvafiq stansiyaların sayının azlığıdır. Halbuki, Kaliforniya ABŞ ştatları arasında ən çox elektrik batareya doldurma stansiyaları olan ştatdır.
Tədqiqatda 2012-2018-ci illərdə adi cərəyan şəbəkəsindən doldurulan hibridlər və tam elektromobillərin sahibləri əhatə olunub. Məlum olub ki, hibridlərdən və elektromobillərdən narazılıq səviyyəsi təqribən eyni olub. Belə ki, keçmiş hibrid sahibləri 20% hallarda, elektrokar sahibləri isə 18% hallarda yenidən benzin və ya dizel yanacağı ilə işləyən daxili yanma mühərriklərinə üstünlük veriblər. Kaliforniya sakinləri həmçinin evdə batareya doldurma stansiyasının quraşdırılması çətinliyini də qeyd ediblər.