05:24 23 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8961
Türk lirası, arxiv şəkli

Rusiya ilə Türkiyənin planında mühüm əngəl: onlar dolları "öldürməzlər"

© AFP 2019 / YASSER AL-ZAYYAT
İQTİSADİYYAT
Qısa URL
56510

"Rusiya ilə Türkiyə dövlətləri arasında əməliyyatların milli valyutalar ilə aparılması mümkün olacaq. Amma bunu özəl sektor üçün demək mümkün deyil"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 11 oktyabr — Sputnik. Rusiyanın Maliyyə Nazirliyi ilə Türkiyənin Xəzinə və Maliyyə Nazirliyi arasında hesablaşmalar və ödənişlərin milli valyutalarda aparılması ilə bağlı saziş imzalanıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, sənədi Rusiya tərəfdən Baş nazirin müavini, Maliyyə naziri Anton Siluanov, Türkiyə tərəfindən isə Xəzinə və Maliyyə naziri Berat Albayrak imzalayıb. Qeyd edilib ki, saziş iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi və inkişafı üçün çox vacib addımdır. 

Rusiya və Türkiyənin hesablaşmalarda milli valyutalara keçməsi ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Elşən Bağırzadə Sputnik Azərbaycan-a deyib ki, ABŞ ticarət müharibəsinə başlayandan sonra bir sıra ölkələr bu istiqamətdə addım atıblar: "Çin hesablaşmaların milli valyutalarda aparılması ilə bağlı bir sıra ölkələr ilə müqavilə imzalayıb. Rusiya ilə Türkiyə arasında da hesablaşmaların milli valyutalarda aparılması ilə bağlı sənədin imzalanması gözlənilirdi və bu artıq reallaşıb".

"Burada əsas məsələ ondan ibarətdir ki, hesablaşmalar, əməliyyatlar iki istiqamətdə gedir. Birincisi dövlətlər arasında olan hesablaşmalardır, ikincisi isə özəl sektor subyektləri arasında olan hesablaşmalardır.

Burada verilən qərarlar daha çox dövlətlər arasında olan hesablaşmalara tətbiq oluna bilir və bunu tətbiq etmək rahat olur. Amma özəl sektor üçün bunu demək mümkün deyil. İndiyədək belə qərarları verən ölkələr çox ciddi uğura nail ola bilməyib.

Çünki dollar dünya pulu olduğu üçün özəl sektoru milli valyuta ilə ticarət etməyə məcbur etmək mümkün deyil. Qanunvericiliklə də bu, qadağan edilib", - deyə ekspert bildirib.

Ekspert bildirib ki, Rusiya ilə Türkiyə dövlətləri arasında əməliyyatların milli valyutalar ilə aparılması mümkün olacaq: "Amma bunu özəl sektor üçün demək mümkün deyil. Çünki özəl sektor dönərli valyuta axtarır və bu da hazırda dünyada dollar və avrodan ibarətdir. Ona görə də hələlik bu addımın çox böyük perspektivi görünmür. Amma dövlətlər arasında, xüsusilə son dövrlər Rusiya ilə Türkiyə arasında hesablaşmalar kifayət qədər böyük həcmdədir. Ona görə bu addım həmin ölkələrin dollara və avroya olan ehtiyacını müəyyən qədər azalda bilər və o ölkələr üçün xarici rezervlərindən istifadədə müəyyən səmərəliliyə gətirib çıxarda bilər. Amma çox böyük gözləntilər yoxdur. Hələ də dolların və avronun dünya pulu olması, dünyada dönərli valyuta olması özəl sektoru daha çox cəlb edir".

Senatorlar Türkiyəyə qarşı sanksiya tələb edirlər>>

"Azərbaycan da belə bir addım ata bilərmi?" sualını ekspert belə cavablandırıb: "İran ilə belə bir təşəbbüs var idi. Amma eyni vəziyyət Azərbaycana da aiddir.

Azərbaycan üçün də eyni perspektiv var, yüksək nəticə gözləmirəm. Düzdür, Azərbaycan xarici valyuta problemi olan ölkə deyil, yəni bizim kifayət qədər valyuta ehtiyatlarımız var. Amma bunun çox fundamental səbəbi var. Bu da özəl sektorun daha dönərli, daha etibarlı valyuta ilə ticarətə üstünlük verməsidir.

Bu gün hər hansı iki ölkə arasında aparılan hesablaşmalar təkcə iki ölkə arasında olmur, çoxlu mürəkkəb əməliyyatlar var, üçüncü ölkələr ilə bu proses davam edir, istehsal kifayət qədər mürəkkəbləşib və s. Yəni hər hansı iki ölkə rahatlıqla bu prosesdə qərar verə bilmir. Ölkələrarası hesablaşmalar artıq çox mürəkkəb xarakter alıb".

Məsələnin siyasi tərəfi ilə bağlı politoloq Sülhəddin Əkbər Sputnik Azərbaycan-a deyib ki, siyasət və iqtisadiyyat bir-biri ilə sıx bağlıdır: "Bu, həm Rusiyanın, həm də Türkiyənin məcburi atdığı addımdır. Çünki beynəlxalq ticarətdə dayanıqlı xarici valyutalar, xüsusən dollar mühüm önəm kəsb edir. Amma təəssüf ki, son dövrlər, xüsusən çoxsaylı ölkələrə sanksiyaların tətbiq olunması ilə bağlı ABŞ dollardan silah kimi istifadə etməyə başlayıb".

O bildirib ki, hazırda həm Rusiya, həm də Türkiyə ABŞ ilə münasibətlərdə gərginlik dövrünü yaşayır: "O baxımdan bu, anlaşılan bir addımdır. Çünki təkcə Türkiyə ilə Rusiya arasında deyil, çoxsaylı ölkələr arasında bu danışıqlar gedir, hansı ki, o ölkələrin ABŞ ilə münasibətlərində gərginlik yaranıb. Bu, siyasi səbəbləri olan, hətta geopolitik səbəbləri olan qarşıdurmadır. Bu ölkələr itkilərini minimuma endirməyə çalışırlar. Bunu dolların təsirinin nisbətən azaldılmasına yönələn addım kimi qiymətləndirmək olar".

"Azərbaycan da belə bir addım ata bilərmi?" sualına politoloq belə deyib: "Azərbaycan kiçik ölkədir və belə böyük oyunlara girməməli, öz gücünə uyğun hərəkət etməlidir. Azərbaycan belə böyük geopolitik nəticələri ola biləcək oyunlardan çəkinməlidir".

Qeyd edək ki, 2018-ci ilin yekununa görə, Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsi 16% artaraq 25,5 milyard dollar olub.

Əlaqədar

Beynəlxalq nəqliyyat dəhlizləri və Azərbaycanın geoiqtisadi maraqları
Putin: "İlham Əliyevin böyük layihələrinin reallaşması üçün hər şeyi edirik"
Üz ağardan "qırmızı": belə getsə, pomidor nefti geridə qoyacaq
Putin MDB ölkələrini vahid maliyyə bazarının formalaşdırılması barədə düşünməyə çağırıb
Teqlər:
özəl sektor, razılaşma, əməliyyat, ticarət, dollar, ABŞ, Azərbaycan, Rusiya, Türkiyə

Əsas mövzular