BAKI, 9 oktyabr — Sputnik. Azərbaycan məhsullarının dünya bazarına maneəsiz çıxarılması üçün türkiyəli mütəxəssislər öz sistemlərini təqdim ediblər.
Sputnik Azərbaycan bildirir ki, bu gün “Azesert” Sertifikatlaşdırma Orqanı və "İntersert Uygunluk Değerlendirme Hizmetleri A.Ş"nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin açılışı olub.
Nümayəndəliyin direktoru Teymuraz Əsgərov bildirib ki, standartlaşdırma sahəsində aparılan islahatların əsas məqsədi ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması, istehsal olunan məhsulların və göstərilən xidmətlərin xarici bazarlara maneəsiz ixrac edilməsidir.
O, Azərbaycanda azad sahibkarlıq üçün qurulan münbit şəraitdən, ölkəmizdə istehsal olunan məhsulların yerli və beynəlxalq standartlara uyğun istehsalından, məhsulların dünya bazarına ixracından və tətbiq edilən standartlaşdırma sistemindən danışıb: ""Azesert" Sertifikatlaşdırma Orqanı ölkənin keyfiyyət infrastrukturunun uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərən ən nüfuzlu sertifikatlaşdırma orqanlarından biridir və sertifikatlaşdırma orqanları arasında ən geniş akkreditasiya sahəsinə malik olan qurumdur. "Azesert" İCAS ilə birlikdə "İntersert Uygunluk Değerlendirme Hizmetleri A.Ş"nin Azərbaycan Respublikasındakı nümayəndəliyini yaradıblar".
T.Əsgərov həmçinin bildirib ki, bu qurumun yaradılması nəticəsində Azərbaycanda istehsal olunan məhsullar maneəsiz TSE-nin laboratoriyalarında yoxlanılaraq sertifikatlaşdırılacaq ki, bu da Azərbaycan məhsulunun dünya bazarına çıxması deməkdir. Qurum rəhbəri həmçinin ölkəmizdə neft-kimya məhsullarının sınağının aparılması üçün beynəlxalq standartlara cavab verən laboratoriyanın da inşa ediləcəyini bildirib.
Türkiyə Sənaye və Texnologiyalar nazirinin müavini Həsən Böyükdədə Azərbaycan və Türkiyə arasında olan iqtisadi münasibətlərin daha da genişləndiriləcəyindən əmin olduğunu bildirib:
"Azərbaycanla Türkiyə arasında ticarət əlaqələrinin həcminin 3 milyard yarımdan 10 milyard yarıma artacağına ümid edirik".
Azərbaycan Akkreditasiya Mərkəzinin direktor müavini Ruslan Ömərov məhsullara keyfiyyət sertifikatının verilməsinin önəmindən danışıb: "Adətən, məhsullar xarici bazara çıxdıqda müəyyən problemlər yaranır. Məhsullara keyfiyyət sertifikatlarının verilməsi isə məhsulların uzun müddət bazarda qalması deməkdir. Bu, həm də alıcıda etibarlılıq, obyektivlik hissi yaradır".
Türkiyə Standartlaşdırma İnstitutunun (TSE) rəhbəri Adəm Şahin isə “İntersert” sertifikatlaşdırma orqanı haqqında məlumat verərək bildirib ki, bu orqan Türkiyə və beynəlxalq standartların Azərbaycanda tətbiqinin genişləndirilməsində mühüm rol oynayacaq və nəticədə TSE-nin 65 illik təcrübəsi İCAS vasitəsilə Azərbaycanda geniş tətbiq ediləcək.
Görüş zamanı TSE-nin geniş təcrübəsindən yararlanmaq, hər iki ölkənin sertifikatlaşdırma orqanları arasında əlaqələrin genişləndirilməsi, bu sahədə birgə tədbir və layihələrin reallaşdırılmasına dair müzakirələr aparılıb. Tədbirdə həmçinin Türkiyənin Azərbaycandakı səfiri Ərkan Özoral da çıxış edib. O iki ölkə arasında münasibətlərin ölkəmizin müstəqillik qazanmasından sonra daha da genişləndiyini bildirib. O qeyd edib ki, adıçəkilən şirkətin Bakıda nümayəndəliyinin açılması Azərbaycanın, Azərbaycan və Türkiyənin birgə istehsalı olan malların rahatlıqla dünya bazarına çıxmasına, 3-cü ölkədə tanınmasına töhfə verəcək: "İnanıram ki, "İntersert" üzərinə düşən işi layiqincə yerinə yetirəcək. Bu münasibətlər iki ölkəyə daha böyük töhfə verəcək".