16:16 14 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8752
Bibiheybətdə neft buruğu

Dron hücumu ABŞ-la Çini geri plana atdı: Azərbaycan neft bazarından nə gözləsin?

© AFP 2019 / MLADEN ANTONOV
İQTİSADİYYAT
Qısa URL
55210

Ekspert: "Neft bazarı həftəni 20 faizlik artımla başlamasına baxmayaraq, həftəni təxminən 63-64 dollar qiymət ilə başa vurur”

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 20 sentyabr — Sputnik. “Səudiyyə Ərəbistanında neft emalı zavoduna hücumdan sonra ABŞ öz neft ehtiyatlarının istifadəsi ilə bağlı qərar qəbul etdi və bu qərar birmənalı şəkildə neft bazarına təsir göstərdi. Hücumdan sonra təkliflərin ödənilməsində çətinliklərin ola biləcəyi və bunun da qiymət artımlarına gətirəcəyi ilə bağlı neft bazarında narahatlıq var idi. Amma artıq bazarda həmin narahatlıq yoxdur”. Bunu iqtisadçı-ekspert Vüqar Bayramov Sputnik Azərbaycan-a deyib.

Ekspert bildirib ki, Səudiyyə Ərəbistanında neft emalı zavoduna hücumdan sonra bəzi iqtisadçılar neftin dünya bazar qiymətinin 80 dollara qədər yüksələcəyini və neft böhranının yaranacağını deyirdilər:

“Amma ilkin mərhələdə bəlli idi ki, bu iddialar real deyil. Hadisə baş verən zaman qeyd etmişdim ki, bu, kəskin qiymət artımlarına gətirib çıxarmayacaq. Neft bazarı həftəni 20 faizlik artımla başlamasına baxmayaraq, həftəni təxminən 63-64 dollar qiymət ilə başa vurur”.

O qeyd edib ki, İran ilə Səudiyyə Ərəbistanı arasında gərginliyin olması birbaşa neft bazarına təsir edib: “Amma Səudiyyə Ərəbistanının ayın sonunadək tam gücü ilə istehsalı davam etdirəcəyi ilə bağlı açıqlaması bazarda volatilliyin azalması ilə nəticələnib. Birmənalı şəkildə neftin qiymətində kəskin artımların baş verəcəyini proqnozlaşdırmırıq. İndiki şəraitdə hər hansı bir qiymət artımından söhbət gedə bilməz. Amma fors-major hallar baş verərsə, yenidən Səudiyyə Ərəbistanındakı yataqlara və ya digər Körfəz ölkələrindəki yataqlara hücumlar olarsa, bu, qiymət artımına gətirib çıxara bilər. Amma mövcud şərtlər daxilində qiymət artımı proqnozlaşdırılmır”.

""OPEC plus" xüsusilə bazardakı payını saxlamaq üçün neftin qiymətinin 60 dollar ətrafında olmasını məqbul hesab edir. Növbəti dövrlər üçün hər hansı bir siyasi gərginlik və fors-major hallar baş verməsə, neftin dünya bazar qiyməti 60 dollar ətrafında dəyişəcək”, - deyə o, diqqətə çatdırıb.

Neft hasilatının azaldılması ilə bağlı kvotalar artırıla bilərmi sualına ekspert belə cavab verib: “Bu gün neft hasilatının azaldılması ilə bağlı kvotaya daha çox əməl olunur. Baxmayaraq ki, neftin gündəlik hasilatının 1,2 milyon barel azaldılması ilə bağlı öhdəliklər var. Hətta bəzi aylarda öhdəliyə əməl edilməsi 120 faizədək yüksəlir. Amma bu, hələlik qiymətlərə güclü təsir göstərmir. Bəzi ölkələr düşünürlər ki, kvotanın artırılması yolu ilə qiymətləri sabitləşdirə bilərlər. Digər ölkələr isə düşünürlər ki, kvotalar artsa, bazardakı payını itirə bilərlər. Xüsusilə Səudiyyə Ərəbistanı üçün bu, əhəmiyyətli faktorlardan biridir".

O qeyd edib ki, dünyada ən çox neft hasil edən iki ölkədən biri olan ABŞ hasilatın azaldılması ilə bağlı kvotaları dəstəkləmir: "Kvotanı dəstəkləməyən, "OPEC plus"da olmayan ölkələr bazardakı payını artırmaq imkanları qazanır. Ancaq bazardakı payını qoruyub saxlamaq "OPEC plus" üçün vacib məqamlardan biridir. Ona görə də kvotanın artırılmasına yanaşma birmənalı deyil. Bəzi ölkələr, o cümlədən Səudiyyə Ərəbistanı düşünür ki, kvotanın artırılması onların bazardakı payına birbaşa təsir göstərə bilər. Bu da onların bazar payının itirilməsinə və xüsusən ABŞ və digər ölkələrin bazar payının artırılmasına gətirib çıxara bilər".

Beş dollarlıq fərq və itirilən yüz milyonlar – Ehtiyatlı olmağa məcburuq>>

Ekspertin fikrincə, gündəlik neft hasilatının 1,6 milyon barel azaldılması ilə bağlı qərar verilsə, bu, kəskin qiymət artımına gətirib çıxarmayacaq, çünki qlobal tələb azalır: "Səudiyyə Ərəbistanı istisna olmaqla digər ölkələr hələlik neftin qiymətini məqbul səviyyədə saxlamağa, yəni 60 dollarlıq mövcud intervalı qorumağa çalışırlar. Səudiyyə Ərəbistanı daha böyük qiymət tarazlığına ümid edir. Amma reallıq budur ki, yaxın dövrlərdə, hətta yaxın illərdə kəskin qiymət artımları ancaq siyasi səbəblərdən baş verə bilər. İqtisadi faktorlar neftin kəskin qiymət artımlarını stimullaşdırmayacaq".

"Neft hasilatının azaldılmasına dair kvotalar artırılsa, bu, qiymət artımlarına və ya kəskin qiymət artımlarına gətirib çıxarmayacaq. "OPEC plus" indiki məqamda mövcud 60 dollarlıq qiyməti qoruyub saxlamağa daha çox çalışacaq, nəinki kəskin qiymət artımının reallaşmasına", - deyə o, qeyd edib.

O bildirib ki, Azərbaycanın bəlli bir öhdəliyi var: "Hasilatın pay bölgüsünə uyğun olaraq Azərbaycanda neft hasilatının artımı hələlik proqnozlaşdırılmır. Azərbaycan mövcud neft hasilatını qoruyub saxlamağa çalışan ölkələrdən biridir, çünki bizdə bum dövrü 2011-ci ildə baş verdi. 2011-ci ildən etibarən neft hasilatında azalmalar müşahidə edirik. 2011-ci ildə Azərbaycan 45,6 milyon ton neft hasil etmişdisə, bu rəqəm 2012-ci ildə 43,3 milyon tonadək azaldı. Azalma sonrakı dövrlərdə də davam etdi. Son illərin statistikasına baxsaq, Azərbaycan 2016-cı ildə 41 milyon ton neft hasil edib. 2017-2018-ci illərdə isə ayrı-ayrılıqda neft hasilatımız 38 milyon ton olub. Ona görə də Azərbaycanın mövcud hasilat potensialı fonunda kvotaların dəyişməsi Azərbaycanın neft gəlirlərinə ciddi təsir göstərməyəcək. Ölkəmizin neft gəlirlərinə təsir edən əsas faktor neftin qiymətidir".

İlin sonuna neftin qiymətləri necə olacaq sualına ekspert deyib ki, neftin qiymətinə siyasi faktorlar təsir göstərir: "Amma oktyabr ayında Çin ilə ABŞ arasında ticarət danışıqları yenidən başlayacaq. Bu da bazara təsir göstərən faktorlardan biridir. Gözlənti ondan ibarətdir ki, qiymətlər 60 dollar ətrafında dəyişəcək.

Əgər Çin ilə ABŞ-ın ticari münasibətləri gərginləşərsə, qiymətlərin 55 dollara qədər azalmasını müşahidə edə bilərik. Ancaq bu ölkələrin ticari danışıqlarında nəticə əldə olunarsa, qiymətlərin 60-65 dollar intervalında olması daha inandırıcı görünür.

Hələlik, xüsusən yaxın aylar üçün, ABŞ-Çin ticari danışıqları neft bazarındakı volatilliyi müəyyən edən əsas faktor olacaq".

Xatırladaq ki, sentyabrın 14-də Səudiyyə Ərəbistanının Əbqaik və Xurays bölgələrində "Saudi Aramco" dövlət şirkətinə məxsus neft emalı zavodlarına hücuma görə məsuliyyəti Yəməndəki qiyamçı husilərin "Ənsar Allah" hərəkatı öz üzərinə götürüb. Hücum 10 pilotsuz təyyarə ilə həyata keçirilib. Hücumdan sonra hər iki zavodda güclü yanğın başlayıb. Səudiyyə Ərəbistanı yanğının söndürüldüyünü açıqlayıb.

Neft emalı zavodlarındakı partlayış nəticəsində nəql edilən xam neftin həcmi 5,7 milyon barel azalıb və bu da şirkətin hasilatının 50 faizinə bərabərdir. Bu itki anbarlardakı ehtiyatlar hesabına kompensasiya edilir.

Əlaqədar

Tramp İrana qarşı sanksiyaları genişləndirdi
Neftin bu qiymətdən aşağı düşməsi bizə sərf etməyəcək
Neft zavodlarını dronlarla vurdular - VİDEO
"Neft 40 dollara düşəcək, hazırlaşın..." – Rusiyadan gözlənilməz proqnoz
Prezident: "Neft-qaz sektorunun inkişafının davamlılığı bundan sonra da prioritet olacaq"
Teqlər:
Azərbaycan, Çin, ABŞ, Səudiyyə Ərəbistanı, OPEC, hasilat, qiymət, neft

Əsas mövzular