08:22 18 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8744
Bibiheybətdə neft işçiləri

Beş dollarlıq fərq və itirilən yüz milyonlar – Ehtiyatlı olmağa məcburuq

© AFP 2019 / MLADEN ANTONOV
AZƏRBAYCAN
Qısa URL
60701

Ekspert: "Bir sıra maliyyə qurumları və beynəlxalq təşkilatlar 2020-ci il üçün neftin qiymətinin nisbətən daha aşağı olacağını proqnozlaşdırıb"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 19 sentyabr — Sputnik. "2020-ci il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti 55 ABŞ dollarına bərabər götürülüb. Bütövlükdə, orta müddətli dövr üçün də icmal və dövlət büdcəsinin layihələri hazırlanarkən həmin qiymətin əsas götürülməsi planlaşdırılır". Sputnik Azərbaycan xəbər verir ki, bu, Maliyyə Nazirliyinin Azərbaycanın 2020-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilib.

Qeyd edək ki, 2019-cu il üçün icmal və dövlət büdcəsinin gəlirləri hesablanarkən neftin bir barelinin qiyməti 60 dollar götürülüb. Beləliklə, büdcə üçün qiymət 5 dollar aşağı salınıb.

Gələn ilin büdcəsində neftin qiymətinin 55 dollar götürülməsi ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, bu, proqnozlar əsasında qəbul edilmiş qərardır: "Son 3 ildə Azərbaycan hökuməti neftin qiyməti ilə bağlı nisbətən volatillik  daha ehtiyatlı mövqe ortaya qoymağa çalışır. Xüsusilə son 3 ayda qlobal enerji bazarlarında qiymətlər sabit deyil, kəskin artıb. ABŞ ilə Çin arasında ticarət savaşı, ABŞ-da neft hasilatının sürətlə artaraq rekordları tez-tez təzələməsi, gələn il neftə tələbin azalması ehtimalı və digər faktorlar nəzərə alınıb. Bu faktorlar əsasında bir sıra maliyyə qurumları və beynəlxalq təşkilatlar 2020-ci il üçün neftin qiymətinin nisbətən daha aşağı olacağını proqnozlaşdırıb".

"Həm Beynəlxalq Enerji Təşkilatı, həm də ABŞ-ın Enerji Administrasiyası bənzər qərarlar qəbul edib. Eyni zamanda, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC), BP şirkətinin proqnozlarında da 2020-ci il üçün neftin qiymətinin azalması ehtimalı öz əksini tapıb. Son nəticədə hökumət büdcə planlaması zamanı bu məqamları nəzərə alıb", – deyə ekspert qeyd edib.

O, bildirib ki, bu sadəcə fiskal hesablamadır və əsas məsələ Dövlət Neft Fondundan transfert məsələsidir: "2020-ci ildə dövlət büdcəsinin gəlirləri 24 484 milyon manat, xərcləri isə 25 617,7 milyon manat məbləğində nəzərdə tutulub. 2020-ci ildə Dövlət Neft Fondundan büdcəyə 11 767,5 milyon manat vəsaitin transfert edilməsi nəzərdə tutulub. Ümumiyyətlə, bu sektorun büdcədə payının 57 faiz olması gözlənilir. İndiki şərtlər daxilində büdcədə neftin qiymətinin 55 dollardan götürülməsi fiskal hesablamaların nisbətən daha adekvat aparılmasına şərait yaradır".

"Düşünürəm ki, büdcədə neftin qiymətinin 55 dollardan götürülməsi məqbuldur. Çünki 2019-cu ildə nisbətən bununla bağlı risklər var idi. Bir neçə dəfə dünya bazarlarında neftin qiyməti 60 dollardan aşağı düşüb. 2020-ci il üçün isə daha ehtiyatlı olmağa ehtiyac var", – deyə ekspert əlavə edib.

İqtisadçı-ekspert Vüqar Bayramov isə "Facebook" səhifəsində yazıb: "Gələn ilin dövlət büdcəsində neftin 1 barelinin qiyməti 55 dollar nəzərdə tutulub. Bu, 2019-cu illə müqayisədə hər bareldə 5 dollar az olsa da, neft bazarındakı volatilliyi nəzərə alsaq, qiymətin daha aşağı götürülməsi məqsədə uyğun idi. İqtisadi və Sosial İnkişaf Mərkəzi neftin büdcədəki qiymətini 50 dollar təklif edirdi. Hətta Səudiyyə Ərəbistanındakı neft quyularına hücumdan sonra neftin qiymətində müşahidə edilən 20%-lik artım da bazarda nikbinlik yaratmır. Belə qiymət artımları texniki səbəblər ilə bağlıdır və bazardakı kəskin volatilliyi azaltmır".

Əsas mövzular