14:15 16 Sentyabr 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0077
  • RUB0.0235
MƏDƏNİYYƏT
Qısa URL
5510

Ustad bu fikirdədir ki, Qarabağımızın işğalı gözəl səslərimizin itirilməsinə gətirib çıxardı. Bir milyona yaxın qaçqın Azərbaycanın başqa bölgələrində məskunlaşdı. Nəticədə muğamımız dəyərli səslərini itirib.

BAKI, 26 avqust — Sputnik. Avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunur. 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara musiqisi festivalının rəhbərliyi tərəfindən qəbul olunan bu qərar xalqımızın milli sərvəti olan muğamın bəşəri musiqiyə çevrildiyini bir daha təsdiq edir. Bu tarix muğamsevərlər, ömrünü bu sənətin yaşamasına və təbliğinə həsr edənlər üçün ən əziz bayramdır. Qarabağın işğalı milli-mənəvi dəyərimiz olan muğamımıza da təsirsiz ötüşməyib.

Xanəndə, Azərbaycan Respublikasının Xalq artisti Mənsum İbrahimov Sputnik Azərbaycan-a verdiyi müsahibəsində bildirib ki, Qarabağımızın işğalı gözəl səslərimizin itirilməsinə gətirib çıxardı. Bir milyona yaxın qaçqın Azərbaycanın başqa bölgələrində məskunlaşdı. Nəticədə muğamımız dəyərli səslərini itirdi. Xalq artisti Qarabağın işğalının muğamımıza təsirinin nəticəsini Muğam müsabiqəsində hiss etdiyini söyləyib:

"Azərbaycan muğam sənətinin korifeylərinin böyük bir qismi Qarabağdan çıxıb. Muğam müsabiqəsində münsiflər heyətində iştirak elədiyimə görə görürdüm ki, Qarabağ bölgəsindən səs gəlmirdi. Çünki yetişmirdi. Biz işğal vaxtı təkcə torpaqlarımızı, tarixi abidələrimizi, evlərimizi itirmədik, eyni zamanda muğamımız gözəl səslər itirib".

Xalq artisti əlavə edib ki, 2005-ci ildə Heydər Əliyev Fondu, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən muğam müsabiqələrinin keçirilməsi muğamımızı dirçəltdi. Bu vaxta qədər 7 Muğam müsabiqəsi keçirilib. Həmin müsabiqənin nəticəsində onlarla muğam ifaçısı səhnəmizə gəldi: "Artıq onların fəxri adları var. Onlar artıq operamızın səhnəsində çıxış edirlər. Eyni zamanda Dövlət Televiziyamızın solistləridir. Bizimlə bərabər nəinki Azərbaycanda, dünyada da ləyaqətlə təmsil edirlər. Bundan sonra Beynəlxalq muğam müsabiqələrinə start verildi. 6 Beynəlxalq muğam müsabiqəsi keçirilib".

2008-ci ildə Beynəlxalq Muğam Mərkəzi tikilib. Ondan sonra Ağcabədidə, Ağdamda, Füzulidə və Sumqayıtda muğam mərkəzləri tikildi. Bu gün muğam bütün dünyada tanınır və sevilir. M.İbrahimovun fikrincə, qarabağlılar öz torpaqlarına geri qayıtdıqdan sonra muğam öz çiçəklənmə dövrünə qayıda bilər: "Çox şükür ki, Ali Baş Komandanımızın sayəsində, qazilərimiz və şəhidlərimizin qanı, canı bahasına Qarabağımız artıq azaddır. Artıq muğamımız Qarabağımızda səslənir. May ayında təşkil olunan "Xarıbülbül" festivalında artıq bütün dünya buna şahid oldu. Düşünürəm ki, həmin torpaqların insanları öz torpaqlarına qayıdandan sonra muğamımız əvvəlki intibah dövrünə geri qayıdacaq".

Xalq artisti Nəzakət Teymurova bildirir ki, Qarabağın işğalında ən çox itirən muğam sənəti olub. Bu 30 ildə o torpaqlarda insanlar doğulmadı, o torpaqlardan səslər gəlmədi. Muğamımız keyfiyyətli səs itirdi:

"Az da olsa səs qalıb. Onların da əksəriyyəti o torpaqlardan gələn insanların səsləridir. Qaçqın düşüb, hansısa bölgəmizdə məskunlaşmış insanların səsləridir. Qarabağ ifaçılarının səsini bülbülə bənzədirdilər. Təəssüf ki, bülbül kimi səslərimizi itirdik. Torpaq önəmli bir faktordur. Səs torpaqdan bəhrələnir, ilham alır. O səsləri Allah bizə o torpaqlardan bəxş edib. İndi də var, amma o keyfiyyət yoxdur. Müəyyən vaxt lazımdır ki, o torpaqlar yenidən bizə o səsləri bəxş etsin".

Əməkdar artist Təyyar Bayramov deyib ki, Qarabağın çox möhtəşəm muğam ifaçıları olub. Son dövrlər, demək olar ki, belə musiqiçilər yox idi. Çünki Qarabağ işğal olundu, o qızıl səslərin sahibləri başqa bölgələrimizdə məskunlaşdılar. Onları birləşdirib bir iş görmək mümkün deyildi. Xanəndə pərən-pərən düşmüş qızıl səs sahiblərini bir araya toplamaq istəyib: "Çox istəyirdim ki, dəstək olum, onları bir yerə yığım. Hətta Ağdamda ansambl da yaratmışdım. O ifaçıları bir yerə toplamaqda çox çətinlik çəkirdik. Hamısı pərən-pərən düşmüşdü. Qarabağ işğal olunmamışdan əvvəl Şuşada, Ağdamda məktəblər var idi. Həmin məktəblərin özlərinin ansamblları var idi. Xanəndələr özlərini orada püxtələşdirirdilər. Sonra nəinki Azərbaycanda, hətta dünyanın bir çox ölkələrində təşkil olunan festivallarında iştirak etdilər".

Xanəndə təəssüf hissi ilə qeyd edib ki, Qarabağın məşhur "Qarabağ bülbülləri" və "Şur" ansamblı da həmin illərdə dağıldı. Çünki baza yox idi. Həmin ansamblları yetişdirən məktəblər işğal vaxtı viran qaldı: "O məktəblər Bakının hansısa bir küncündə fəaliyyət göstərirdilər. Həmin məktəblərdən də mütəmadi olaraq yaxşı ifaçılar gəlmirdi. İndi az da olsa, var. Amma havanın, mühitin səsin formalaşmasında böyük rolu var. Elə hallar olub ki, səsimdə problem olub, nagüman rayona konsertə getmişəm. Oranın havasını alan kimi səsim dəyişib, başqa bir səs olub. Oranın soyuq bulaqlarından su içəndə də səsə zərəri olmurdu. Bunu mən Şamaxıda da hiss etmişəm".

Qeyd edək ki, Azərbaycan muğamının müasir tarixində ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli silsilə tədbirlər müstəsna rol oynayır. Bu fəaliyyətin nəticəsidir ki, son illər muğam ifaçılığı ən müxtəlif aspektlərdən hərtərəfli dəstək alaraq, sözün əsl mənasında, intibah dövrünü yaşayır. UNESCO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi muğamın, tar ifaçılığı sənətinin təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsidir.

Ölkəmizdə "Muğam aləmi" Beynəlxalq muğam festivallarının, müsabiqələrin, muğam konsertlərinin, simpoziumların təşkili, "Qarabağ xanəndələri" albomunun buraxılması, "Muğam" jurnalının, "Muğam ensiklopediyası"nın nəşri, müasir texnologiyalara əsaslanan və 8 diskdən ibarət "Azərbaycan muğamı" multimedia toplusunun hazırlanması Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyət Fondunun bu sahəyə göstərdiyi diqqətə bariz nümunələrdəndir.

Eləcə də oxuyun:

Teqlər:
muğam, xanəndə, Qarabağ

Əsas mövzular