07:34 29 İyul 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0095
  • RUB0.0231
MƏDƏNİYYƏT
Qısa URL
6926 0 0

Muğam ustası Təyyar Bayramovun sözlərinə görə, Kubada keçirilən konsertdə muğamın hər xırdalığını elə alqışlayıblar ki, sanki xiridarların içində oturub muğam oxuyursan.

BAKI, 21 iyul — Sputnik. Respublikanın Əməkdar artisti Təyyar Bayramovu hər dinləyəndə xəyallar bizi Qarabağa aparır. Bəlkə də bu, onun təpədən-dırnağa qarabağlı olmasından, Qarabağın dilbər guşələrindən olan Ağdamda doğulmasından irəli gəlir. Dediyinə görə, uşaqlığı çox xoş keçib. O vaxta qədər ki, erməni işğalçıları onları doğma yird-yuvalarından didərgin salıb. 1993-cü ildə Ağdam işğal olunanda ailəsi ilə birlikdə Bakıya gələn Bayramov Sputnik Azərbaycan-la söhbətində uşaqlığından, sənətə gəlişindən və muğamın Azərbaycandakı vəziyyətindən danışıb:

"Ağdamda çox firavan həyatımız olub. Uşaqlığımız Qarabağın dilbər bölgələrində - Şuşada, Laçında, Kəlbəcərdə keçib. Demək olar ki, hər yay o torpaqları gəzirdik. Uşaqlığım Ağdam şəhərində keçib. Tar məktəbinə gedirdim. Düzdür, tara o qədər də həvəsli deyildim. Qarabağda belə bir adət var idi ki, mütləq hansısa bir alətdə ifa etməyi bacarmalı idin. Bacım qarmona, mən tara gedirdim. Musiqi üstündə köklənmişik.

Sonra hüzur, xoşbəxt, qayğısız illərimizə erməni işğalçıları qənim kəsildi. Elə bir gün gəldi ki, topun, mərminin altında yaşamağa uyğunlaşdıq. O da bizimçün adiləşdi. Ağdam işğal olunandan sonra Bakıya gəldik, digər həmyerlilərimiz kimi çadırlarda qalmasaq da, öz yurdumuzdan uzaqlaşmağımız bizi çox sarsıtdı. Əvvəllər yaşımın az olduğu vaxtlarda torpağımızı itirdiyimizi o qədər də hiss etmirdim. Həm də düşünürdük ki, bu, müvəqqətidir.

Amma yaş üstünə yaş gəldikcə, insan öz doğma torpağını arzulayır. Yaşın az olanda insan bunu dərk etmir, fərqinə varmır. Artıq son illər Ağdamın bizdə olan ərazilərinə konsertə gedəndə özümü saxlaya bilmirdim, kövrəlirdim. Öz evimiz tərəfə boylanırdım. Allaha min şükür ki, artıq o torpaqlar bizdədir. Bunun üçün prezidentimizə, qazilərimizə təşəkkür edirəm. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm".

28 il sonra doğma torpaqlara qayıdan muğam ustası təəssüratlarını belə anladıb: "Həmişə deyirdim Ağdama gedən kimi ilk gedib atamın qəbrini ziyarət edəcəyəm. Amma təəssüf ki, hələ mümkün olmayıb. Çünki oralar minalanıb. Atamın qəbri olan yerlər qalıb, digər yerləri şumlayıb taxıl əkiblər. Amma qəbir daşları yoxdur. Üzü Xankəndinə doğru səhnənin qurulduğu yerdə mən atamla bir zamanlar şəkil çəkdirmişdim. Onda Kənan (muğam ifaçısı olan oğlunu nəzərdə tutur - red.) yaşda idim.

Kənan səhnədə oxuyanda çox kövrəldim, o illərə qayıtdım. Elə hisslər var ki, onları sözlə ifadə etmək mümkünsüzdür. Birinci dəfə Mənsum İbrahimovla birlikdə Ağdama getmişdik. Öz evimizin 150 metrliyindən keçib getmişdik. Çox sarsılmışdıq. İkinci dəfə isə Ağdamın təməl qoyma mərasiminə getdik. Möhtəşəm tədbir idi. Buna görə özümü şanslı və xoşbəxt hiss etdim. Ağdam Qarabağın döyünən ürəyi olub. Zamanında çox inkişaf etmiş bir bölgə idi. İnşallah əvvəlkindən də möhtəşəm olacaq".

© Sputnik / Nigar Iskanderova
Təyyar Bayramov 2009-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Ümumrespublika Muğam Müsabiqəsində birinci yerə layiq görülüb

Təyyar Bayramov 2005-ci ildə keçirilən Televiziya Muğam Müsabiqəsində 1-ci yeri tutub. Beynəlxalq Muğam Müsabiqəsində münsiflər heyətinin yekdil qərarı ilə müsabiqənin baş mükafatı – Qran-Priyə layiq görülüb. Muğam ustası hər kəsin sevə-sevə izlədiyi müsabiqə haqqında deyir:

"İlk başlayanda hər şey maraqlı olur. Elə muğam müsabiqəsində də belə oldu. Hər kəsin marağına səbəb olmuşdu. Ölkədə rezonans doğurdu. Birinci muğam müsabiqəsi olduğundan oradakı iştirakçıların içində ali təhsillilər daha çox idi. Amma zamanla müsabiqə adiləşdi. Təbii ki, bizim muğamımız heç vaxt adiləşməyib. Bilirsiniz, mən ustadlarımızın dediyinə istinad edib deyirəm ki, hər bir müsabiqədə 3 nəfər Azərbaycan muğamına yararlı ifaçı çıxsa, bu, çox böyük göstəricidir. Təbii ki, onların hamısı professional sənətlə məşğul olmurlar. Olsalar, daha yaxşı olar. Amma hər müsabiqədə 3-4 nəfər yaddaşda qalır. Birinci müsabiqədən daha çoxdur. Bu müsabiqələr səhnəmizə xeyli sayda Leylilər, Məcnunlar, Əslilər, Şah İsmayıllar qazandırdılar. Siz özünüz də fikir versəniz görərsiniz ki, son dövrlər dövlət tədbirlərində, ölkəmiz üçün əhəmiyyətli tədbirlərin səhnələrində daha çox muğam müsabiqələrinin iştirakçıları yer alıblar".

Pandemiya sənət adamlarının əksəriyyətində depressiya yaradıb. Təyyar Bayramovun çətinlikləri olsa da, heç vaxt sevdiyi işdən, dərslərdən yayınmayıb:

"Pandemiya vaxtı dərslərimiz heç dayanmadı. Onlayn dərslərimiz davam elədi. Yeni gənclərin hazırlanması mütəmadi olaraq davam edir. Təbii ki, biz də əziyyət çəkdik. Amma bu dövrü çətin də olsa, keçə bildik. Pandemiya vaxtı əksər insanlar distant təhsilə öyrəşə bilmirdilər. Amma bu, mənim üçün yenilik deyildi. Son 5-6 ildir ki, mən tələbələrimlə onlayn dərslərə üstünlük vermişəm. Həftədə 2 dəfə dərs keçirdim, 1 dəfə də "WhatsApp" vasitəsi ilə onlarla məşğul olurdum.

Bir var bir tələbə 5 ilə nailiyyət qazansın, bir də var 3 ilə. Dərs yükünü artırırdım ki, nəticəni tez ala bilim. Ona görə də bu, mənim tələbələrim üçün ilk olmadı. Bu dərs prosesi tələbələrim üçün rahat oldu, çünki, onlar öyrəşmişdilər. Elə tələbə var, onunla hər gün də məşğul olsan, yenə də öyrənə bilməyəcək. Amma elə tələbə də var ki, o, uşaqlıqdan muğam eşidib, onun üçün çox rahat olur. Uşaqlıqdan ailəsində muğam eşidən tələbə ilə onlayn təhsil də rahat olur. Mənim iranlı tələbəm var idi, Hüseyn Zaman. Ona distant dərs keçmişdim, həmin ifaçı muğam müsabiqəsində iştirak etdi. Amma təbii ki, təkcə onlayn dərslə tam nailiyyət əldə etmək olmaz. Səs aparatından nə zaman və hansı formada istifadə etməyi ancaq üz-üzə öyrənmək olar".

© Sputnik / Nigar Iskanderova
Təyyar Bayramov 2005-ci ildə keçirilən Televiziya Muğam Müsabiqəsində 1-ci yeri tutub

Hər bir insanın formalaşmasında mühitin böyük rolu var. Bayramovun fikrincə, bu fikir muğam ifaçıları üçün də keçərlidir: "Elə bir bölgə yoxdur ki, oradan ifaçı çıxmasın. Amma bir məsələ var ki, ifaçını mühit yetişdirir. Düşdüyü mühit insana təsir edir. Qarabağda hər kəs muğam dinləyərdi. Məsələn, mənim atamın maşınında maqnitofon var idi. Şahmalı Kürdoğlu (Şahmalı Hacıyev) adlı ifaçı var idi, atam həmişə onun muğamlarını dinləyirdi, Yaqub Məmmədova, Arif Babayevə, köhnə muğam oxuyanlara qulaq asardı. Musiqinin səsini artırardı, bütün qonşular o musiqiyə qulaq asardılar.

Məsələn, Qazaxda hansı evə gedirsən, oradan bir saz asılıb. İstər-istəməz orada böyüyən uşağın beyini ora yönəlir, aşıq musiqisi ilə yoğrulur. Amma bu, o demək deyil ki, Tovuzdan xanəndə çıxmaz. Məsələn, Kəlbəcərdə xanəndələr yetişmir. İlk dəfə Babək Niftəliyev oradan professional səhnəyə çıxıb. Ondan sonra davamçıları gəldi".

Müsahibimiz xarici qastrollarda onu dinləyib, təəccübünü gizlətməyən tamaşaçılardan söz açıb: "Biz xarici ölkələrdə konsert verəndə zilə, bəmə, zəngulələrə heyrətlə qulaq asırlar. Xarici tamaşaçılar soruşurlar ki, boğazına nəsə qoydurmusan? Deyirlər ""Aaaa" eliyirsiniz, onu necə edirsiniz? Mümkün deyil axı, hansısa aparat qoymusan, boğazına nəsə qoydurmusan, ola bilməz. Allah insanı elə yaratmayıb". Tərcüməçi deyir axı elə bir şey mümkün deyil. İnsan boğazına necə aparat yerləşdirə bilər? Heç cür inandıra bilmirik ki, bunu özümüz oxuyuruq. Bizim musiqimiz xarici ölkələrdə fərqli qarşılanır. Bir fərq olur, bizdə tamaşaçı hər xırdalığa fikir verir, alqışlayır. Amma orada əvvəlcə tamaşaçılar sakitcə dinləyirlər, bizə elə gəlirdi ki, xoşlarına gəlməyib. Amma mahnı bitən kimi çox yüksək alqışlar görürük.

Yunanıstanın Afina şəhərində ilk dəfə olaraq azərbaycanlıların konserti təşkil olunmuşdu. Orada çox böyük maraqla qarşılanmışdı. Tədbirdə vitse- prezident Mehriban Əliyeva da iştirak edirdi. Daha sonra Kubada da konsert oldu. Orada elə idi ki, sanki xiridarların içində oturub muğam oxuyursan. Hər bir xırdalığı alqışlayırlar.

Mən də təəccübləmişdim ki, bu, necə olur? Adi bir xırdalığı necə böyük alqışlayırdılar. İtaliyada böyük bir festival təşkil olunmuşdu, açıq havada. Xarici ölkələrdən də musiqiçilər var idi, amma onlar fonoqram oxuyurdular. Bizdə isə tar, kamança və qavalla muğam oxuyurduq. Barmaqlarım o qədər donmuşdu ki, qavalla çıxış etmək olmurdu. Yarım saat ayırmışdılar bizə. Biz o soyuqda çıxışımızı etdik, çox böyük sevgi ilə qarşılandı. 1 aya yaxın Amerikada olduq. Amerikada musiqinin tanıtımı layihəsi var idi. Bütün ştatlarda, orta məktəblərdə, uşaq bağçalarında, qocalar evində, ali məktəblərdə və s. bir çox müəssisələrdə master-klass keçmişdik".

Təyyar müəllimin dediyinə görə, muğam sahəsində ruhumuza daha yaxın olan ölkə İrandır: "Koreyadan tələbimiz var idi, çalışırdı, öz üzərində işləyirdi, amma alınmırdı. Türkiyədən də tələbəm var idi. Əcnəbilərin içində ən çox iranlıların ruhu bizə daha yaxındır. Çünki onlar da bizim musiqilərimizlə böyüyüblər. Mən İrana gedəndə gördüm ki, muğam müsabiqəsindən heç məndə olmayan lent yazıları onlarda var".

Təyyar Bayramov may ayında təşkil olunan "Xarıbülbül" festivalında ifa etdiyi "Bayatı-Şiraz"la hər kəsi göz yaşlarına boğan oğlu Kənandan da bəhs edib:

"Kənanla özüm də məşğul oldum. Sonradan Mənsum müəllim dinlədi, dedi səsi yaxşıdır. Sonradan Heydər Əliyev adına Təhsil Kompleksinə daxil oldu. Çox fərqli uşaq idi. Uşaq ola-ola oturub muğamları dinləyirdi. Onun yaşıdları ancaq cizgi filminə baxırdılar, amma Kənan gün ərzində 1 dəfə mənim ifamda olan "Şah İsmayıl" operasına, bir dəfə də "Leyli Məcnun" operasına baxırdı. Əzbər bilirdi o operaları. Harada nə baş verəcəyini dəqiq bilirdi".

© Sputnik / Nigar Iskanderova
Təyyar Bayramov

T.Bayramov bir müddət öncə müğənni Tacir Şahmalıoğlunun "Təyyar Bayramovun oğlu da məni yamsılayır. Kaseti qoyub, öyrənib. Eynisi deyil, ondan daha aşağı səviyyədədir. Mənim kimi oxuması mümkün deyil" fikrinə münasibətini bildirib:

"Bizim Tacir müəllimlə münasibətimiz çox yaxşıdır. Mən əvvəl musiqisi Tahir Əkbərin olan "Amin" mahnısını dinlətdim, bəyəndi. Dedim "əmisi, Kənan "Bayatı-Şirazı" da oxumaq istəyir. Dedi "qurbandır, oxusun". Dedi "İndi oxuyub pis vəziyyətə salırlar, amma Kənan oxusun". Mən də oxumuşam, amma mən də fərqli oxumuşam. Gələn hər bir gənc o musiqiləri ifa etməlidir ki, unudulmasın.

Məsələn "Azərbaycan" mahnısını Müslüm Maqomayevdən yaxşı heç kəs oxumayıb. Onda musiqini heç kəs oxumasınmı? "Şuşanın dağları"nı Xan əmidən yaxşı heç kəs oxumayıb, belə çıxır ki, heç kəs onu oxumasın? Kənan o mahnını da ifa edib. "Şuşanın dağları"nı oxuyanda heç dörd yaşı yox idi. Amma gənclər ondan əvvəl ifa edənləri vurğulamalıdırlar".

Onu da qeyd edək ki, T.Bayramov 2009-cu ildə Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Ümumrespublika Muğam Müsabiqəsində birinci yerə layiq görülüb. Eyni ildə Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq Muğam Müsabiqəsində Qran-pri mükafatına layiq görülən həmsöhbətimiz 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Tərəqqi" medalına layiq görülüb. Əməkdar artist söhbətimizin sonunda xarici musiqiçilərlə olan sintezləri haqqında deyib: 

"Xalq artisti Səyavuş Kərimlinin "Salam-Hola" adlı layihəsi Amerika və Azərbaycan musiqiçiləriylə birgə keçirildi. Çox maraqla qarşılandı. Bu çərçivədə bizim çoxlu konsertlərimiz oldu, möhtəşəm idi. Mən də orada 3 mahnı ifa etmişdim. Daha sonra dünya şöhrətli Sami Yusufla da improvizələrimiz olub. Nəsiminin "Sığmazam" qəzəlini xor və orkestri ilə birgə oxuduq. İmprovizə savadlı şəkildə olanda qəbul olunur, sevilir".

Əsas mövzular