BAKI, 16 iyul — Sputnik. Mədəniyyət naziri Anar Kərimov Xüsusi tapşırıqlar üzrə səfir, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının Baş katibi Elnur Sultanovu qəbul edib. Sputnik Azərbaycan xəbər verir ki, görüşdə Birinci vitse-prezident, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın səyləri nəticəsində milli mədəniyyətimizin dünyada getdikcə daha çox tanındığı və UNESCO kimi nüfuzlu təşkilatlarda mövqeyinin güclənməsi qeyd edilib.
UNESCO-nun müvafiq siyahılarına daxil edilən milli mədəni elementlərimizin sayının getdikcə artdığının sevindirici olduğunu vurğulayan Elnur Sultanov son daxil edilən elementlər üzrə sertifikatların Azərbaycan tərəfinə təqdim edildiyini bildirib.
Milli Komissiyanın Baş katibi "Yallı (Köçəri, Tənzərə): Naxçıvanın ənənəvi qrup rəqsləri", "Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi", "Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti" və "Miniatür sənəti" nominasiya fayllarının Bəşəriyyətin Qeyri-maddi mədəni irsi üzrə Reprezentativ Siyahısına daxil olunduğunu təsdiqləyən sertifikatları nazir Anar Kərimova təqdim edib.
Sonda ölkəmizin UNESCO ilə əməkdaşlığı və müxtəlif Konvensiyalar çərçivəsində həyata keçirilən cari və perspektiv fəaliyyətlər ətrafında müzakirələr aparılıb.
15 qeyri-maddi mədəni irs elementimiz UNESCO siyahısında yer alır
Xatırladaq ki, Azərbaycan, Türkiyə və Qazaxıstan tərəfindən birgə təqdim edilən "Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi" çoxmillətli nominasiya faylının və ölkəmizin UNESCO-nun Təcili Qorunma Siyahısına təqdim etdiyi "Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri" milli nominasiya faylının Siyahıya daxil edilməsi haqqında qərarlar 2018-ci ilin 26 noyabr – 1 dekabr tarixlərində Mavriki Respublikasının paytaxtı Port Luis şəhərində baş tutmuş UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında qəbul edilib.
"Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti" milli nominasiyası və Azərbaycan, Türkiyə, İran və Özbəkistanın birgə təqdim etdiyi "Miniatür sənəti" çoxmillətli nominasiyası üzrə faylların Siyahıya daxil olması ilə bağlı qərarlar isə 2020-ci ilin dekabrın 16-da Parisdə baş tutan və virtual keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitənin 15-ci iclası çərçivəsində qəbul edilib.
Hazırda ölkəmizin 15 qeyri-maddi mədəni irs elementi UNESCO-nun müvafiq siyahısında yer alır.
Kitabxana təcrübəsi mübadiləsi
Azərbaycanın mədəniyyət naziri Anar Kərimov iyulun 15-də Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin kitabxana və nəşriyyat işi üzrə əməkdaşlarından ibarət nümayəndə heyətini qəbul edib. Görüşdə Kitab dövriyyəsi və nəşriyyatla iş şöbəsinin müdiri Akif Marifli, Milli Kitabxananın direktoru Kərim Tahirov, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və yayımlar baş idarəsinin müdiri, Türkiyə Milli Kitabxanasının direktoru Ali Odabaş, Kitabxanalar və yayımlar baş idarəsində müdir müavini Taner Beyoğlu, bölmə rəhbəri Ahmet Aldemir, mədəniyyət və turizm məsələləri üzrə mütəxəssis Fatih Özdemir və digər rəsmilər iştirak ediblər.
Nazir qonaqları salamlayaraq Türkiyə ilə Azərbaycan arasında mövcud olan yüksək səviyyəli əlaqələrdən söz açıb, dostluq və qardaşlıq münasibətlərinin mədəniyyət sahəsində əməkdaşlıqda da ön planda olduğunu vurğulayıb. Anar Kərimov ölkələrimizin mədəni əlaqələrinin gündən-günə inkişaf edərək genişlənməsindən məmnunluğunu ifadə edib.
Görüşdə iki ölkənin kitabxanaları arasında həyata keçirilən informasiya, təcrübə, kitab mübadiləsinin böyük əhəmiyyət kəsb etdiyi bildirilib.
Ali Odabaş görüşə görə təşəkkür edərək, bundan sonra da ölkəmizlə birgə layihələrin, eyni zamanda beynəlxalq əməkdaşlıq sahəsində işlərin davam etdiriləcəyinə əminliyini vurğulayıb.
Eyni zamanda, görüşdə TEDA proqramı üzrə əməkdaşlıq, KOHA sisteminin öyrənilməsi, onun təcrübəsi əsasında yeni milli sistemin yaradılması və ölkəmizdə tətbiqi imkanları, Türkiyənin xalq kitabxanaları ilə Azərbaycanın mərkəzləşdirilmiş kitabxana sistemləri arasında təcrübə mübadiləsinin aparılması, həmçinin Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına Türkiyənin aparıcı nəşriyyatlarının cəlb edilməsi məsələləri müzakirə edilib.
Eləcə də oxuyun:
-
Qarabağ atları kraliça və britaniyalıları necə valeh etdi - Fransa mətbuatı bundan yazıb
-
Şəkiyə UNESCO-nun sertifikatı təqdim olundu
-
Mədəniyyət nazirinin Gürcüstan səfəri: Ölkənin vacib şəxsləri ilə görüşüb
-
ATƏT-in iclasında ermənilərin talan etdiyi mədəni abidələrlə bağlı məsələ müzakirə edilib