18:45 23 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
MƏDƏNİYYƏT
Qısa URL
150300

Hüquq qayıdır, mülk qayıdır, övladlar həqiqəti öyrənir, amma...

İkinci yazı: Abbas Mirzə Şərifzadə

BAKI, 14 iyun — Sputnik. Azərbaycan SSR XDİK Xüsusi Üçlüyün 1938-ci il 19 oktyabr tarixli iclasında məşhur aktyor Abbas Mirzə Şərifzadənin güllələnməsi, əmlakının müsadirə olunması qərara alınır. Lakin bu qərar noyabr ayının 16-da icra olunur. Güllələnmə qərarının qəbul edilməsindən icra olunmasına qədər keçən bir ay müddət ərzində Abbas Mirzə Şərifzadəyə müxtəlif vədlər verib, ondan istədikləri ifadəni almağa çalışıblar.

Ümumiyyətlə, repressiya illərində gec icra olunan qərarların hamısı eyni səbəblə gecikib: məhkumlardan lazım olan ifadələri almaq üçün onları qərarın ləğvi ilə şirnikləndirməyə cəhd ediblər. Əlbəttə, bu istəklərinə kimisində nail olublar, kimisində yox.

1955-ci il avqust ayının 27-də Baş Hərbi Prokurorluğunun prokuroru Plexanov Abbas Mirzə Şərifzadənin güllələnməsi ilə bağlı saxtakarlar haqqında arayış tərtib edir. Arayışda qeyd olunur ki, Şneyder Vladimir Aleksandroviç 1941-ci ildə beş il, Perelman Boris İosifoviç 1941-ci ildə iki il, Qrekin Qriqori İsayeviç 1939-cu ildə iki il müddətinə azadlıqdan məhrum edilib, Borisov-Pavlov Kalinik İosifoviç isə 1938-ci ildə əksinqilabi təşkilatın üzvü kimi güllələnib.

Bu siyahıda adları çəkilən şəxslərdən Perelman 1939-cu ilin 7 iyununda verdiyi izahatda belə deyir: "Roqov və Larionov kimi Abdullayev Yaqub da kameralarda dustaqlar arasında agent saxlamaq işini tərifləyir və bunun səmərəsindən qidalanırdı. Məsələn, Abdullayevin sərəncamında məhbus artist Abbas Mirzə Şərifov var idi. Bir aydan çox o, Abbas Mirzəni incitdi, amma heç bir nəticə ala bilmədi. Həbsxanada müstəntiq Kuşmanyan həbs olunmuş, qəzet köşkündə işləyən iranlı Əli Həsəndən Şərifovun İran kəşfiyyatçısı olmağı haqda ifadə aldı. Sonra Əli Həsən daxili həbsxanaya götürüldü. Orada Abdullayev və Kuşmanyan özləri keçirdikləri üzləşmədə Əli Həsənə Şərifovun ifşa olunmasında kömək etdilər".

Plexanovun tərtib etdiyi arayışda adı çəkilən Kalinik İosifoviç də bütün sirləri bildiyi üçün güllələnib. Əgər o, güllələnməsəydi, çox güman ki, daha böyük sirlərin üstünü aça bilərdi. Təkcə Abbas Mirzə Şərifzadə ilə bağlı deyil, başqa repressiya qurbanları ilə bağlı da bütün həqiqətləri bilən nadir adamlardan biri olub.

1955-ci il avqust ayının 19-da dindirilən Şneyder deyir: "İran konsulluğunun məsul işçisi olan Ərşadi XDİK-nın gizli əməkdaşı idi. O, imtiyazlı mövqe tutub XDİK binasına xüsusi buraxılışa malik idi. XDİK rəhbərliyi Ərşadiyə qiymətli hədiyyələr də verirdi. O, müntəzəm olaraq pul vəsaiti də alırdı".

Qəribədir. Bu, həmin Ərşadidir ki, onun ifadələrinə əsasən, Abbas Mirzə Şərifzadəni İran Konsulluğunun keçmiş konsul müavini Mövsüm xan Vafi ilə görüşdüyünə görə əksinqilabçı millətçi kimi təqsirləndirirdilər.

İvon Botto
© Sputnik / Kamal Almuradlı

1955-ci il avqust ayının 25-də SSRİ Baş Prokurorunun müavini Barskoy Abbas Mirzə Şərifzadənin güllələnməsinə görə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasına etiraz göndərir. Etirazda göstərilir ki, Qrekin, Perelman və Şneyder tərəfindən Abbas Mirzə Şərifzadənin işi saxtalaşdırılıb və onun güllələnməsi əsassız olub.

1955-ci ilin sentyabr ayının 17-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası bu etiraz üzrə işlə tanış olur və bu nəticəyə gəlinir ki, şahid Ruhulla Axundov Abbas Mirzə Şərifzadə əleyhinə ifadələri dəhşətli dərəcədə döyülməsindən sonra verib. Abbas Mirzə Şərifzadənin etirafları ondan fitnə yolu ilə alınıb və güllələnməsindən sonra işinə əlavə edilib. Şahid Həsən Ərşadi də Şərifzadə əleyhinə verdiyi ifadələrdən imtina edib və çoxlu günahsız adamlara böhtan atdığını etiraf edib.

Bütün bunlardan sonra Hərbi Kollegiya qərara alır: "1938-ci il oktyabr ayının 19-da Azərbaycan SSR XDİK Xüsusi Üçlüyün Şərifov Abbas Mirzə Rəsul oğlu haqda çıxardığı qərar ləğv edilib onun işi xətm olunmalıdır".

Əslində, bu cür sarsaq qaydaları düzgün qəbul etmirəm. Təsəvvür edin, sizə böhtan atıb həbs edirlər, on il həbsxanada qalırsınız, axırda deyirlər ki, "bağışlayın, yanılmışıq". Adama deyərlər ki, "onda mənim on ilimi qaytar geri".

İndi o boyda aktyoru şərləyib güllələyiblər, 17 il sonra arsız-arsız guya bəraət qazandırırlar. Məgər bunlar Abbas Mirzə Şərifzadəyə bəraət verməsəydilər, xalq onu xain hesab edəcəkdi, ya dahiliyinə xələl gələcəkdi?

1955-ci il oktyabr ayının 15-də Abbas Mirzə Şərifzadənin qızı Firəngiz Şərifova DTK-nın ünvanına ərizə yazıb atasının taleyi ilə maraqlanır. Noyabr ayının 19-da Firəngiz xanıma xəbər verilir ki, atası 1941-ci ildə infarktdan vəfat edib. Həmin ilin oktyabr ayının 19-da Abbas Mirzə Şərifzadənin oğlu Qarataya məlumat verilir ki, 1955-ci il sentyabr ayının 17-də atası Abbas Mirzə Şərifzadənin hüququ özünə qaytarılıb və işi cinayət tərkibli olmadığı üçün xətm olunub.

1957-ci ildə Abbas Mirzə Şərifzadənin müsadirə edilmiş mülkünün qiyməti – 720 manat pul da onun övladlarına qaytarılıb. Abbas Mirzə Şərifzadənin Hənifə Şərifzadədən Ərtoğrul, Qaratay adlı iki oğlu, Fatma adlı bir qızı olub. SSRİ Xalq Artisti, məşhur aktrisa Mərziyə Davudovadan isə Firəngiz adlı bir qız övladı dünyaya gəlib. Onun övladlarından Firəngiz Şərifova valideynlərinin sənətini davam etdirib, uzun illər Gənc Tamaşaçılar Teatrında çalışıb, 2014-cü ildə vəfat edib.

Hüquq qayıdır, mülk qayıdır, övladlar həqiqəti öyrənir, amma Abbas Mirzə Şərifzadə qayıtmır ki, qayıtmır.

Abbas Mirzə Şərifzadə 1891-ci ildə (bəzi mənbələrə görə 1893-cü ildə) Şamaxı şəhərində anadan olub. Cəfər Cabbarlı Azərbaycan teatrı haqqında yazdığı ən böyük məqaləsində Azərbaycan teatrını daşlar altında əzilən qızcığaza bənzədir və bildirir ki, bu qızcığazı o daşlardan iki əl xilas etdi: biri Hüseyn Ərəblinskinin, biri də Abbas Mirzə Şərifzadənin əli idi.

Abbas Mirzə Şərifzadə ilə eyni vaxtda həbs olunan daha bir aktyor Ülvi Rəcəb Şaşıqzadə hansı ziyalılar haqqında yalan ifadələr verib? Mircəfər Bağırova kimlər sui-qəsd hazırlayıb? Ülvi Rəcəb haqqında müsbət xasiyyətnamələri hansı məşhur aktyorlar yazıb? – üçüncü yazıda…

Əlaqədar

Repressiya qurbanları: məşhur aktyor haqqında yalan ifadələri kimlər verib?
Böyrəyi dəyişdirilən aktyor donorunun adını açıqladı
Məşhur aktyor prezidenti sərt tənqid etdi
Aktyorumuz "Ən yaxşı kişi ifaçısı" nominasiyası üzrə qalib oldu
Məşhur müğənni-aktyor təcili xəstəxanaya yerləşdirildi
"Partizan Mixaylo"nun səsi bu möhtəşəm aktyorumuza məxsusdur
Məşhur aktyor cinayətkar aləmə qoşulacaq
Teqlər:
SSR XDİK Xüsusi Üçlüyü, Abbas Mirzə Şərifzadə, ifadə, gecikmə, güllələnmə, aktyor, Azərbaycan, qərar

Əsas mövzular