CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Çoxdayəli" sistem: sizin evinizə gedib çıxmağınız heç kimə maraqlı deyil

© Sputnik / Elvin AhmadАвтобусы в Баку, фото из архива
Автобусы в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920, 21.05.2021
Abunə olmaq
Sahibkar yazılmayan qaydaları yaxşı bilir, yəni gündüz vaxtı avtobus hərəkət etməlidir, həm insanları daşımaq lazımdır, həm də planı dolmalıdır. Axşam isə sürücü özünə işləyir, özü də vəziyyətə uyğun...

Bakının nəqliyyat sistemindən razı olan kimsə tapmaq qəliz məsələdir. Kimi dindirsən, deyir, nə işə gedib çıxa bilirik, nə də evimizə qayıda. 8 saat işləyirik, 4-5 saat da yollarda ilişib qalırıq. 15-20 dəqiqəlik yolu başa vurmaq üçün bəzən iki dəfə artıq zaman sərf edirik. İşə və evə vaxtında çatmaq üçün hər yola əl atırıq, avtobusdan taksiyə, taksidən elektrik qatarına keçirik, piyada da gəzirik, amma işə də gecikib töhmət alırıq, evdə də bizi gözləyən uşaqların üzünü görə bilmirik. Geri dönəndə artıq yatmış olurlar.

Hər bir yol iştirakçısı tıxacdan gileylənəcək

Sərnişindaşıma ilə məşğul olan və bu sahədə çalışan kimi dindirsən, o da mütləq narazılıq edəcək. Marşrut sürücüsü sərnişinlərin kobudluğundan, maaşın azlığından, avtobusun köhnəliyindən, iş şəraitinin ağırlığından, taksi sürücüsü isə benzinin bahalığından, müştəri qıtlığından, avtomobil hissələrinin bahalığından, Bakı Nəqliyyat Agentliyinin əlində planşetlə gəzən “reket” əməkdaşlarından şikayətlənəcək. Təbii, hər bir yol iştirakçısı tıxacdan gileylənəcək.

Hər gün eyni mənzərəni izləyirik: səhər saatlarında hər bir neçə dəqiqədən bir gələn, deyək, M3 marşrutuna sıxlıq səbəbindən minə bilmirik, axşam da 1 saylı avtobusu hücuma almağa məcburuq. Özü də adı hallanan marşrutlar ölkənin ən yaxşı nəqliyyat xətlərinə aid edilir. Evinə geri dönən sərnişinlərin pik saatda 1 saylı avtobusa minməsi çox qəliz məsələdir. Birincisi, yer yoxdur. 70 nəfərlik tutumu olan avtobusa 80 nəfər necə yerləşdirəsən axı? Daha sonra sürücü-sərnişin qarşıdurması hər dayanacaqda zaman itkisinə səbəb olur. Qabaq qapıdan minənlər ortaya keçə bilmir, tənbəl sürücü də mikrofonu əlinə alıb bir söz belə demir. Baxırsan, avtobus sürücüsü nəyisə gözləyir, deyirsən, sür gedək də, deyir, qoy keçsinlər o tərəfə, mən bağlayım. Deyirsən, ay qardaş, axı dalı da gəlir. Qapını birtəhər bağla, mikrofonla bir elan ver, sür gedək də. Nə qədər gözləmək olar?

Nəqliyyat sistemi bizə o qədər də bəlli olmayan bir nizamla tənzimlənir

Sürücüyə deyilən sözlərin siyahısında “tupoy” ifadəsi ən hörmətlidir, bəlkə də. Basabasda söyüşün biri bir qəpik olur desəm, yanılmaram. Əsəb, gərginlik, dava normaya çevrilib. Avtobus sürücüsü BNA sistemində ən yazıq bir məxluqdur bir tərəfdən, çünki söyüş yiyəsi, aqressiya obyektinə çevrilir. Digər tərəfdən də ağlı-başı yerində olmayan insanları da sükan arxasına otuzdurmaq ənənəsi hələ də davam edir. Prosesi idarə edən yoxdur sanki, öz axarı ilə gedir. Yeni sürücü nəsli yetişdirən tapılmır, köhnədən qalanların da əsəbi yerində deyil, sərnişin də havasız avtobusda, sıxlıq və əsəbi bir şəraitdə ömrünü çürütməyə məhkumdur.

Özü də nəqliyyat sistemi təyin olunmuş qayda-qanunla yox, hansısa gizli, bizə o qədər də bəlli olmayan bir nizamla tənzimlənir. Məsələn, səhər Bakıda işləyən istənilən marşrut mütləq qrafiki gözləyir. Hətta ən çox narazılıq doğuran xətlərdə belə qrafiki gözləmək tələbinə əməl etmək var. Axşam vaxtı, pik saatlarında xəttə buraxılan avtobusların sayı artırılır. Bütün marşrutlarda belə olmasa da, hər halda bir çox istiqamətlərdə işləyən marşrutlarda bu, müşahidə olunur. Amma müəyyən dövrdən sonra hər hansı bir nəzarət olmur.

Şəhərin mərkəzində avtobuslar hərəkət edir, amma Bakı kəndlərinə işləyən marşrutlar başlı-başına qalırlar. Doğrudur, mərkəzdə də avtobus sayı azalır. Məsələn, Heydər Əliyev prospekti ilə hərəkət edən 2 saylı marşrut insanların işdən çıxdığı zaman, yəni axşam saat 6-7 arası 10 dəqiqə intervalla hərəkət edirsə, saat 21.00-dan sonra 1 saatdan bir qrafikinə keçir.

Bilgəhə nə elektrik qatarı var, nə də manatlıq taksi

Bakı ətrafına doğru hərəkət edən marşrutların bəzisində heç bir nizam duyulmur. Avtobus ya olur, ya olmur, dalbadal gələ bilər, bir saat da gözləməli olarsan. Marşrutların ən intensiv hərəkətini elə Zabrat dairəsində müşahidə etmək olar. 131 saylı avtobus orta hesabla 10 dəqiqə intervalı ilə hərəkət edir. 172 saylı marşrut isə 13-15 dəqiqə ilə hərəkət etməlidir, amma 40 dəqiqə də gözləyə bilərsən. 107 marşrutunun üçü keçə bilər, amma bircə 139 və ya 189 saylı avtobusu görməzsən. Bilgəh və Nardaran istiqamətində, demək olar, bir alternativ də yoxdur. Bilgəhə nə elektrik qatarı var, nə də manatlıq taksi. Amma Maştağaya, Pirşağıya, Kürdəxanıya taksi axınla gedir, 1 manatını ödə, get.

Sözsüz, bəzi avtobusların əməlli-başlı hərəkət etməməsi xəttin sahibkarının yanaşmasına, BNA-nın prosesi nəzarətdə saxlaya bilməməsinə bağlıdır. Sahibkar yazılmayan qaydaları yaxşı bilir, yəni gündüz vaxtı avtobus hərəkət etməlidir, həm insanları daşımaq lazımdır, həm də planı dolmalıdır. Axşam isə sürücü özünə işləyir, özü də vəziyyətə uyğun, yəni kifayət edəcək qədər sərnişin varsa, deməli, avtobusu sürəcək, olmasa, sürməyəcək. Sərnişin də yollarda qalacaq, amma bu heç kimi maraqlandırmır.

Sərnişinin yolda qalması nə sahibkara, nə də digər quruma maraqlıdır

Nəqliyyat sferasını tənzimləmək üçün Azərbaycanda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Nəqliyyat Agentliyi, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi, Dövlət Avtomobil Nəqliyyatı Xidməti kimi qurumlar var. Bir az dərinə getsək, Bakı Taksi Xidməti, Nəqliyyat Təlim-Tədris Mərkəzi, Avtomobil Nəqliyyatı ilə Daşınmaların Təşkili kimi qurumların olduğunu da görərik. Nəqliyyata bağlı saysız-hesabsız təşkilat, qurum, ictimai birlik var, amma qaydasında xidmət göstərən nəqliyyat tapmaq müşkül məsələdir.

Normal işləyən bir metro vardı, hazırda bağlıdır. Nə vaxt açılacağı da məlum deyil. Sumqayıta 2 istiqamətdə hərəkət edən elektrik qatarları çox gözəl və doğru qrafiklə işləyir, amma bu sərnişin daşınmasının həcmi kifayət qədər deyil. Gözəl xidmət var, təmiz və səliqəlidir, di gəl, olduqca məhduddur, bu sistem genişlənsəydi, şəhər bir az nəfəs alardı. 10-15 qəsəbəni əhatə edir, evi yaxın olana əl verir, uzaq olana isə yox.

Bu qədər tənzimləyici qurumu olan nəqliyyatı tənzimləyən tapılmır. Sərnişinin yolda qalması nə sahibkara, nə sürücüyə, nə də digər quruma maraqlıdır. “Bu günəcən bir yolla evinə gedib çıxırsa, elə bundan sonra da nəyisə dəyişməyə ehtiyac yoxdur” düşüncəsi ilə yaşayırıq.

Vətəndaş nə yollasa evinə gedib çıxmalıdır axı

Nədənsə Estoniya və ya Koreya saatda 24 saat fəaliyyət göstərən nəqliyyatı qura bilir, biz bacarmırıq. Çin və yaxud Yaponiya nəzakətli sürücü yetişdirir, biz isə onları çıraqla gəzirik. Əgər gecə vaxtı avtobusu xəttə buraxmaq iqtisadi cəhətdən əl vermirsə, heç olmasa kiçik tutumlu avtobusu olan şəxslərə işləmək icazəsi verilməlidir. Bilgəh istiqamətində elektrik qatarı yoxdursa, taksi tapılmırsa, avtobus gəlmirsə, heç olmasa hər 30 dəqiqədən bir hərəkət edər kiçik marşrutun təşkili üçün şərait yaratmaq lazımdır. Vətəndaş nə yollasa evinə gedib çıxmalıdır axı.

Nəqliyyatın nə nazirliyi, nə intellektual sistemi, nə də agentliyi fərli-başlı işləmir. Bu qurumlarda çalışan insanların çoxu nəzarət etdikləri nəqliyyatdan, yəqin, yararlanmır çünki. Yararlanan olsaydı, heç olmasa özü üçün bir şərait yaradardı. Bir növ öz doğma kəndi üçün su və ya yol çəkən məmurlar kimi, gəlib-gedəndə bir rahatlıq duysun deyə.

Sərnişinin gözü yoldadır, bir qərar, bir hərəkət gözləyir müvafiq qurumlardan. Bəzən sadə qərarla çətin görünən problemi asan həll etmək olar. Bir iradə ifadə etməklə.

Eləcə də oxuyun:

* Bakıda piyada zonaları yaradılacaq

* Bakı-Xırdalan-Sumqayıt qatarında sıxlığın səbəbi açıqlandı

* Marşrut xətlərindən birində gediş haqqı azaldılıb

* Sərnişinlərin diqqətinə: Bakıda sabahdan bir neçə marşrut xəttində ödəmə qaydası dəyişir

* Səlahiyyətsiz sürücülər və qanunçul BNA - Sonda əzab çəkən yenə sərnişin olur

Xəbər lenti
0