QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Müharibə uşaqlarının yuxuları və kəndləri... – GÜLƏBİRD QEYDLƏRİ

© Photo : Vusal MammadovLaçının Güləbird kəndi
Laçının Güləbird kəndi - Sputnik Azərbaycan, 1920, 20.05.2021
Abunə olmaq
Nə gizlədim, atam "Google Map"də kəndi metr-metr “gəzəndə”, düşünürdüm ki, biz ora ancaq elə bu cür gedə bilərik, nə vaxt itirdiyimizi geri ala bilmişik ki...

Elə hiss-həyəcanlar var ki, onların xüsusi tamı var. Doğulduğun kəndə getmək, bu, xüsusi həyəcanı doğurmamalıdır. Amma əgər o kənd 28 il işğalda deyildisə...

İçində, əminəm ki, ağlayırdı...

Laçını, Güləbirdi çox xatırlaya bilmərəm, çıxanda yalnız 6 yaşım tamam olmuşdu. Amma məsələn, rus əsgərlərinin döydüyü rus əsgərinin qaçıb kəndimizdə gizlənməsini və rus komandirin öz dəstəsi, texnikası ilə əsgərini tapmaq üçün kəndə gəlişini, qəribə də olsa, dayımın ilk dəfə toxunduğum avtomat silahı, əmim Gəray Məmmədovun şəhid olduğu günləri illər keçsə də bugünkü gün kimi xatılayacaqdım...

Atam çox tez-tez “Google map”də Laçına, Güləbirdə “gedirdi” bu illər ərzində. Ermənilərin nəyisə dağıtdığını, nəyisə tikdiyini görəndə narahat olurdu, gileylənir, təəssüflənirdi, bəzən dərin köks ötürürdü, nə bilim, bəlkə, hərdən ağlayırdı da... Amma içində, əminəm ki, ağlayırdı...

Bu il mayın 18-də Laçının işğalının 29 ili tamam olmadı.

Laçın azad olunan gün bizim evimizdə bayram idi. Bax, xüsusi tamı var idi bu günün.

© Photo : Vusal MammadovLaçının Güləbird kəndinə mənzərə
Müharibə uşaqlarının yuxuları və kəndləri... – GÜLƏBİRD QEYDLƏRİ - Sputnik Azərbaycan, 1920, 20.05.2021
Laçının Güləbird kəndinə mənzərə

Srağagün rəhbərliyin “Laçında çəkiliş olacaq. Səni də göndərəkmi?” sualını yarıritorik hesab etdim, bu sual cavab tələb etmirdi, formal verilmişdi... Xəyalən kəndimizdə idim artıq... Bax, bu da o fərqli tama malik həyəcan idi.

Azərbaycan əsgərinin döyüşərək azad etdiyi sonuncu kəndimiz

Güləbirdin müasir Azərbaycan tarixində xüsusi yeri olduğunu desəm, mübaliğəyə yol vermiş olmaram, yəqin ki. Bu həmin kənddir ki, I Qarabağ müharibəsində 1992-ci ilin mayında Laçının işğalından sonra 1993-cü ilin sentyabrınadək düşmənə müqavimət göstərib - kəndin 12 mərd oğlu öz el-obasını müdafiə edərkən şəhidlik zirvəsinə yüksəlib, onlarla igid oğlanlar qazi olub. Güləbird eyni zamanda İkinci Qarabağ savaşında Azərbaycan əsgərinin döyüşərək azad etdiyi sonuncu kəndimizdir. Nəhayət, bu kənd Böyük Qayıdışın başlanğıcının rəmzi sayıla bilər – Azərbaycan Prezidentinin azad olunmuş ərazilərdə açılışını etdiyi ilk infrastruktur layihəsi məhz bu kənddə idi: Güləbird SES.

Həkərinin səsi muğam kimidir

Kəndə yaxınlaşdıqca dərk edirdim ki, tarixi gün yaşayıram. Nə gizlədim, atam "Google Map"də kəndi metr-metr “gəzəndə”, düşünürdüm ki, biz ora ancaq elə bu cür gedə bilərik, nə vaxt itirdiyimizi geri ala bilmişik ki...

Kəndin girişində, Laçına doğru uzanan yolda sürətli iş gedir, deyilənə görə, 30 metr enində yol çəkilir. Güləbirdə girən körpünü ermənilər “dabanlarına tüpürüb qaçanda” dağıdıblar, - çıxhaçıxda evlərimizi yandırdıqları kimi.

Körpü müvəqqəti olaraq yenidən bərpa olunub.

© Photo : Vusal MammadovLaçının Güləbird kəndinə mənzərə
Müharibə uşaqlarının yuxuları və kəndləri... – GÜLƏBİRD QEYDLƏRİ - Sputnik Azərbaycan, 1920, 20.05.2021
Laçının Güləbird kəndinə mənzərə

Həkərinin səsi muğam kimidir. Suyu isə daşqın-filan olmayanda o qədər safdır ki, içmək üçün istifadə olunur. Deyirlər, dağlardan bu çaya o qədər zəngin bulaqlar tökülür ki, heç bir bulaq, çay Həkəri qədər zəngin deyil. Həkərinin balığının məşhurluğu da bəlkə də bundandır. Maşınında getdiyimiz Güləbirdin sonuncu kolxoz sədri Hacı Tahir Salahovun təbirincə desək, Həkərinin suyu “Zəmzəm”dir, Güləbirdə gəlmək Məkkəyə getmək kimi bir şeydir.

Yarı Xirosima

Güləbird böyük kənddir – hələ dünyanın düz vaxtında burada 300-dən çox ev olub.

Ermənilər kənddə yaşayıblar, amma yaşamadıqları evlər xarabalığa dönüb. Bir sözlə, kəndin yarısı salamatdır, yarısı isə “Xirosima”. 

Kənddəki Mədəniyyət klubu heç olmamış kimi yoxdur, məktəb binası, kitabxana, ictimai tövlələr, kənd sovetinin və kolxozun inzibati binası, 2 çörəkbişirmə sexi, mağazalar dağıdılıb, Sarı Aşığın abidəsi, üstündəki gümbəz yerlə bir edilib və s.

Evimizi tapmaq üçün Tahir Salahovun maşını ilə kəndin yuxarısına doğru hərəkət edirik, evə yaxınlaşanda hərbçilər bizi geri qaytarırlar. “Bu ərazi təhlükəlidir, maşınla getmək isə ümumiyyətlə olmaz”, - deyirlər.

Hərbçilərdən biri söz verir ki, bir azdan piyada bizi müşayiət edə bilər. Təxminən 3 saat sonra həmin hərbçi ilə evimizə doğru yol alırıq. Bir neçə dəfə səhv istiqamətə gedirik, doğulduğun evi tapa bilməmək də fərqli tama malikdir - məyusedici bir hissdir.

© Photo : Vusal MammadovLaçının Güləbird kəndinə mənzərə
Müharibə uşaqlarının yuxuları və kəndləri... – GÜLƏBİRD QEYDLƏRİ - Sputnik Azərbaycan, 1920, 20.05.2021
Laçının Güləbird kəndinə mənzərə

Nəhayət, atamla telefonla danışa-danışa evimizi tapıram.

Hərə öz xatirəsini axtarır

Kim üçünsə bu, üst-üstə qoyulmuş daşlardır, kim üçünsə xatirələr, min bir əziyyətin nəticəsi... Evdən əsər-əlamət yoxdur. Birinci Qarabağ müharibəsində burada döyüşçülərimiz məskunlaşmışdılar. Kim bilir, bəlkə, ermənilər hərbçilərin qaldığı evlərdən xüsusi olaraq qisas alıblar.

Düşünürəm, həyətdə oyuncaqlarımı axtarım, amma buna imkan yoxdur, insan ayağı dəymədiyindən həyəti keçilməz ot, qanqal basıb. Həyətdə bircə ağac da qalmayıb. Əvəzində iki erməni qəbri var. Ermənilərin bu iki nəfəri niyə məhz burada basdırdığı anlaşılmazdır.

Uçuq-sökük divarlara, xatirələrə toxunub geri  - kəndin mərkəzinə qayıdırıq.

Hərə öz xatirəsini axtarır. Həmkəndlim Vüqar İmranovun tapıntısı isə unikaldır. 32 il əvvəl Sarı Aşığın məqbərəsində yerləşdirilmək üçün daş üzərində işlədiyi əl işini tapır. Ermənilər abidəni öz vandal xislətlərinə uyğun olaraq darmadağın etsələr də, bu daş parçası salamat qalıb.

© Photo : Vusal MammadovLaçının Güləbird kəndinə mənzərə
Müharibə uşaqlarının yuxuları və kəndləri... – GÜLƏBİRD QEYDLƏRİ - Sputnik Azərbaycan, 1920, 20.05.2021
Laçının Güləbird kəndinə mənzərə

Babamgilin həyətində gəzişirəm, ağaclar qalır, hətta sahibsiz evin içindən də yabanı şəkildə ağaclar qol-budaq atıb. Ətrafda sahibsiz it dolaşır, “erməni iti”dir – sözə bax, “erməni iti”.

Getmək vaxtıdır.

Körpünü keçib kənddən aralananda gözüm kəndin cənubundakı mağaraya sataşır: ermənilərin kəndi “Qrad” atəşinə tutmasını, qadınların, uşaqların, qocaların bu mağaralara yığışmasını yuxu kimi də olsa, xatırlayıram. Və onda başa düşürəm ki, niyə bütün yuxularımın ssenarisi müharibə, döyüş epizodları ilə bağlı olur. Müharibə uşaqlarının yuxuları da sakit olmur, demək ki. Gör, “Google Map”də kəndini, evini axtaranlar nələr çəkib, nə yuxular görüblər...

Güləbirddən qayıdırıq, yenidən getmək üçün – bu artıq yuxu deyil.

Eləcə də oxuyun:
* Gözəllik qoynunda tələlər: rusiyalı jurnalistin Füzuli təəssüratları - FOTO

* Ordumuzun yarıb keçdiyi “Ohanyan səddi”ndən - REPORTAJ

Qaragöl ermənilərin əlinə necə keçdi? Kənd sakini uşaqlıq xatirələrini danışır

* Azadlıq üçün qızlıq arzularıyla vidalaşan "Qəqəni" - İndi o, xilaskardır

Xəbər lenti
0