CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azadlıq üçün qızlıq arzularıyla vidalaşan "Qəqəni" - İndi o, xilaskardır

© Photo : Courtesy of Kemala QahramanovaKəmalə Qəhrəmanova
Kəmalə Qəhrəmanova - Sputnik Azərbaycan, 1920, 14.04.2021
Abunə olmaq
"Analar var idi ki, dörd övladını şəhid vermişdi, 5-ci oğlu isə döyüşürdü" - 18 yaşlı gənclə, 47 yaşlı bir keçmiş döyüşçü qadın danışır

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 14 aprel - Sputnik. Uşaq olarkən ən böyük arzusu modelyer olmaq idi. Lakin özündən də xəbərsiz içində alovlanan bir arzu onun həyatını bambaşqa etdi. Bir müddət müxtəlif idman növləri üzrə hazırlaşdığından özünə inam yaranmışdı və beləcə o, birdən-birə modelyer olmaq kimi uşaqlıq arzularını, yeniyetməlik həyatını, xəyallarını kənara ataraq müharibənin ən alovlu vaxtında cəbhəyə, səngərə yollandı. Birdən-birə qızlıq simasını tamamilə dəyişdi. Uşaq və yeniyetmə ikən də nağılları çox sevdiyini deyən qəhrəmanımız müharibəyə gedəndən sonra hər şeyin nağıllardakı kimi olmadığını öyrənir, həyatın ən sərt üzünü görür.

Real həyatda şərlə xeyirin mübarizəsinin insanın öz daxilində getdiyini deyən Sputnik Azərbaycan-ın həmsöhbəti Kəmalə Qəhrəmanova 18 yaşında uzun saçını kəsdirərək müharibəyə yollanıb və zərif qızcığazı içində dəfn edib: "Uzun saçı çox sevərdim. 1991-ci il idi, artıq uzun saçımla vidalaşdım. Çünki elə olurdu ki, aylarla saçımı yumağa imkan tapmırdım, buna görə də kişi dəlləyinə gedib saçımı keçəl qırxdırdım. Amma güzgüyə baxanda heyfsilənirdim. Hətta bu görünüşümə görə cəbhə yoldaşlarım məni oğlan bilirdilər".

© Sputnik / Nigar IskanderovaKəmalə Qəhrəmanova
Azadlıq üçün qızlıq arzularıyla vidalaşan Qəqəni - İndi o, xilaskardır - Sputnik Azərbaycan, 1920, 14.04.2021
Kəmalə Qəhrəmanova

Cəbhə elə bir yerdir ki, gərək burada duyğu və hisslərinə sahib çıxasan, onları büruzə verməyəsən. Uzun illər duyğu və hisslərini "sandıq"da qoruyaraq saxlayan Kəmalə Qəhrəmanova üçün o illərin səhifələrini vərəqləmək elə də asan deyil. Onunla söhbət əsnasında qəhrəmanımızın həyat fəlsəfəsi, müharibədə keçdiyi yolla tanış oluruq: "1973-cü il sentyabrın 3-də Ağdamın Yusifcanlı kəndində anadan olmuşam. İnsanın psixologiyasında doğulduğu yerin təsiri böyükdür. İnsan doğulur, dünyaya gəlir, lakin həyatda hansı missiyanı yerinə yetirəcəyini də bilmir".

1988-ci ildə vəziyyət gərginləşməyə başlayır. O zaman 15 yaşı olan Kəmalə üçün ətrafında baş verən hadisələr ona təsirsiz ötüşmür: "Yadımdadır, 1988-ci il idi, bir fermaya basqın edib bütün ailəni yandırmışdılar. Bu cür hadisələr məni çox təsirləndirirdi. Elə bilirdim ki, orada olsam, həmin insanları xilas edə bilərəm, vəhşiliyə imkan vermərəm. Yaşlılar və körpələrin başına gətirilənlər məni daha çox təsirləndirirdi. 1991-ci il idi, artıq hadisələr daha da gərgin xarakter alırdı. Bundan sonra Qarakənd hadisəsi baş verdi. Yadımdadır, Çingiz Mustafayev televiziya vasitəsilə çağırış edərək dedi ki, kim könül olaraq müharibəyə getmək istəyirsə, sabah telestudiyanın qarşısına gəlsin. Özünümüdafiə heyətlərinin yaranmasına baxmayaraq şəxsi heyət çatışmazlığı yaranmışdı. Bunadək də evdə hər zaman söhbət düşəndə müharibəyə gedəcəyimi deyirdim. Sadəcə olaraq müharibəyə getmək üçün yollar axtarırdım".

"Cüdo, sambo ilə məşğul olurdum. Yadımdadır, sonuncu dəfə evdən çıxdığım həmin gündə respublika çempionatı olmalı idi. Lakin matəmlə əlaqədar yarışların ləğv olunacağı da deyilmişdi. Hər ehtimala qarşı evdən çıxanda anama dedim ki, könüllülərin yığışdığı yerə gedəcəyəm. Evdən tamamilə hazırlıqsız çıxmışdım. Yaxınlaşıb deyəndə ki, mən də getmək istəyirəm, öncə müqavimət göstərdilər ki, biz heç 18 yaşlı oğlanları götürmürük, yalnız hərbi xidmətdə olanları aparırıq. Sonra Çingiz Mustafayev yaxınlaşdı, dedi ki, bu uşaqların içində yanğı varsa, niyə onları geri qaytaraq?! Yadımdadır, 17 yaşlı bir oğlan vardı, - hansı ki, o, qısa müddətdə şəhid oldu - çıxıb avtobusun üstündə oturaraq dedi ki, onsuz da buradan düşməyəcəyəm", - Kəmalə xanım əlavə edir.

© Photo : Courtesy of Kemala QahramanovaKəmalə Qəhrəmanova
Azadlıq üçün qızlıq arzularıyla vidalaşan Qəqəni - İndi o, xilaskardır - Sputnik Azərbaycan, 1920, 14.04.2021
Kəmalə Qəhrəmanova

Onların dəstəsi ilk olaraq Ağdama yerləşdi və aralarında bölgü aparıldı: "O vaxtı mən Qatır Məmməd adı ilə məşhur olan Yaqub Rzayevin dəstəsinə düşdüm. Məndən əlavə iki qadın da vardı. Onlardan biri həyat yoldaşı ilə gəlmişdi, digəri isə 32 yaşlı Cəvahir Abdullayeva idi. O, tibb bacısı idi. Orada əlindən bir iş gəlməyən mən idim, yaşım az idi, həyat təcrübəm yox idi. Komandir dedi ki, çox uşaqsan, səni cəbhə xəttinə göndərə bilmərik, amma mətbəxdə kifayət qədər işimiz var. Əsgərlərə mütəmadi isti çay, isti xörək lazım idi. Əsgərlərə çay, xörək verəndə onlardan xahiş edirdim ki, mənə də nəsə öyrətsinlər".

"İlk döyüş təcrübəmi xatırlayıram. Bizdə topçu var idi, mənə dedilər ki, ona mərmi daşımağa köməkçi lazımdır. Mərmilərin üstü yağlı olurdu, onları neftli əski ilə silib başlıqlarını bağlayıb topçuya vermək lazım idi. Təxminən bir ay topçunun yanında mərmi daşıdım, lakin bununla da kifayətlənmirdim, daha da önə getmək istəyirdim. Pərakəndə vəziyyət yaranan kimi önə doğru qaçdım. Düzdür, o zaman üstümdə silah yox idi, çünki heç kişilərə silah çatmırdı. Amma hər zaman üzərimdə bir mətbəx bıçağı, çoxlu su aparırdım. Artıq döyüşçülər də uşaq, qız olmağıma baxmayaraq cəsarətimə görə məni qəbul etməyə başlamışdılar. Hətta məni ləqəbimlə, "Qəqəni" çağırırdılar. Artıq əlimə silah da almışdım. Avtomat söküb-yığa da bilirdim".

O, müharibənin ən sərt üzünü, ən təsirli anlarını isə Şuşada, oranı tərk edərkən yaşayıb: "Şuşanın işğalı günü mən də orada idim. Demək olar ki, həyatımda uzun illər unuda bilmədiyim anları məhz onda yaşadım. Şuşa mənim həm uşaqlıq, həm də sonradan ən acı xatirələrimin məskəni oldu, oranı tərk edəndə... Şuşanın işğalından öncəki gecə artilleriya atəşi açılmışdı. Bizim öncədən Şuşada olduğumuz kazarma da vurulmuşdu. Bizə gözləmək əmri verilmişdi, səhərə yaxın isə artıq ermənilərin qala divarlarına yaxınlaşması xəbərini aldıq. Axşamadək müqavimət göstərdik, əmr gəldi ki, Şuşanı tərk etməliyik. Dedilər ki, bizimkilər havadan atəş açıb erməniləri elə məhv edəcəklər. Mən isə postu tərk etmək istəmirdim, komandir deyirdi ki, bir qızın öndə olması kişilərə də qürur verir və sənə görə onlar da postu tərk etməyəcəklər. Qolumdan yapışıb oradan çıxartdı. Əslində onlar da inanırdılar. Müharibə illərində, demək olar ki, ağlamağı unutmuşdum, amma Şuşadan çıxanda çox ağlamışdım".  

© Photo : Courtesy of Kemala QahramanovaKəmalə Qəhrəmanova bolüklə
Azadlıq üçün qızlıq arzularıyla vidalaşan Qəqəni - İndi o, xilaskardır - Sputnik Azərbaycan, 1920, 14.04.2021
Kəmalə Qəhrəmanova bolüklə

"Ən yaddaqalan hadisələrdən biri də o idi ki, Şuşada olarkən komandirim mənə ermənidən alınan silahı verərək, "biz belə silahı hər adama həvalə etmirik" deməsi oldu. Dedi ki, bu silahın hər bir gülləsi ilə düşməni məhv etməlisən. Xatirələrim çoxdur, bəzən istəyərək onları silməyə çalışsan da, xatırlayırsan. Şuşanı tərk edəndən sonra yenidən Ağdama qayıtmışdıq. Fərrux yüksəkliyində döyüş gedirdi, orada olarkən ağır yaralandım. Erməniyə çox yaxın məsafədə idik, yanımda qumbara partlamışdı. Atılan güllələr bizə dəymirdi, biz isə əsgərimizi xilas etməyə çalışırdıq, birdən qumbara atıldı, 2 gün komada qaldım. Güclü qanaxmam var idi, Bakıda gözümü açdım. İlk günlərdə yaddaş, görmə problemi yaşayırdım. Həkimlər mənə səbrli olmağı, qəlpələrin tam çıxarılacağı günədək gözləməyi məsləhət görsələr də, qulaq asmadım, iki aydan sonra yenidən geriyə döndüm", - deyə keçmiş döyüşçü danışır.

19 yaşında Seyfəliyə gələndə isə onu rabitə taqımının komandiri qoyurlar: "Bütün taburun rabitə sistemini tənzimləməli idim. Komandirim İlqar Əliyev idi, o deyirdi ki, mən sənə inanıram. Artıq üzərimdə iki silah vardı: onlardan biri rabitə idi. Hərbi hissələrdə düzgün döyüş taktikasının qurulmaması məğlubiyyətimizlə nəticələndi".

"1993-cü ilin fevralı idi, Mehmanə kəndində idik, vaxtilə bu kəndin alınmasında da iştirak etmişdim. Həmin kəndi belə sürətlə itirəcəyimizi heç düşünməmişdim. Qış ayı idi, qar hədsiz çox yağmışdı. Əmr gəldi ki, geriyə çəkilməliyik. Yadımdadır, ermənilər orada dərənin dibinə gənc əsgərlərimizi salaraq öldürmüşdülər. Bizə dedilər ki, könüllü lazımdır ki, meyitləri götürək. Ehtimal da var idi ki, yaralıların içində sağ qalan olsun, ancaq bu sadəcə olaraq bir ümid idi. İrəli çıxan könüllülərdən biri də mən idim. Gecə vaxtı dərənin dibinə düşdük, hansı ki, oradan ancaq sürünə-sürünə çıxmaq olardı, belimizədək qarın içində idik. Amma bir snayper səni görsə, anındaca vurub öldürə bilərdi. Dəhşətli gecə idi, dərəyə enəndə gördük ki, əsgərlərin bütün geyimləri çıxarılıb və onlar üst-üstə yığılıb. Üzərlərinə neft töküb yandırmışdılar. Amma hava soyuq olduğundan bəzilərinin sadəcə dəriləri ütülmüşdü. İki nəfərə bir meyiti sürüyüb çıxarmaq çox çətin idi. Səhərədək dizin-dizin sürünərək bütün meyitləri çıxartdıq. Hər dəfə belə hadisələrdən sonra duyğuların keyləşməsi yaşanır. Təsəvvür edin, müharibədən əvvəl tabut görəndə 3 gecə yata bilmirdim. Burada isə ölülərin içində idim, meyitin birinin qolu, birinin digər hissəsi yox idi. Cəsədi daşımaq üçün haradan gəldi yapışırdın, bir də görürdün ki, əlin nəyinsə içinə girib, içalatın, beyinin... Sonrakı illərdə cəbhə yoldaşlarımla söhbətləşəndə onlar deyirdilər ki, elə bir vəziyyətdə yanında xanım olmağı yaxşı idi ki, içimizdəkiləri çölə büruzə verə bilməyək. Əsgər yoldaşım deyir ki, meyiti dartıb aparmaq üçün ondan yapışanda əli daxili orqanlarının içinə girəndə az qalıb huşunu itirib yerə yıxılsın. Yanında bir qadın olduğundan özünü ələ ala bilmişdi, amma heç fikirləşmirdi ki, həmin anda eyni hissləri mən də keçirirdim, sadəcə büruzə vermirdim. Zamanla tikə-parça olmuş yoldaşını bir torbanın içinə yığmaq isə adi bir hala çevrilirdi. Ən azından valideynlərə onun meyitini çatdırmalı idin".

© Sputnik / Irade JELIL Kəmalə Qəhrəmanova
Azadlıq üçün qızlıq arzularıyla vidalaşan Qəqəni - İndi o, xilaskardır - Sputnik Azərbaycan, 1920, 14.04.2021
Kəmalə Qəhrəmanova

Müharibədə elə bir energetik sistem yaranır ki, göz yaşları, aqressiya donur, özündə mərhəmət hissinin yavaş-yavaş donduğunu hiss edirsən, deyir qəhrəmanımız: "Müharibədən sonra yenidən öncəki kimi olmaq, müasir dünyaya öyrəşmək çox çətin olur. Bəzən döyüşlərdə özümə sual verirdim ki, necə oldu, qorxaq Kəmalə cəsarətli Kəmaləyə çevrildi. Bəzən deyirəm ki, insanın gen zəncirinə baxmaq lazımdır. Biz bu torpağa gen zənciri ilə bağlıyıq. Gen zəncirində min illərdir yaddaş proqramı var. Yaddaş proqramında torpağın qoxusu, onun ətri var".

1994-cü ildə zabit rütbəsi alan Kəmalə xanım cəbhə yoldaşı olan digər xanımlardan da bəhs edir: "Mənimlə bərabər iki xanım da vuruşurdu, onlardan biri Həsənova Xanımzər ermənistanlı idi, erməni dilini çox gözəl bilirdi. İndi iki uşaq anasıdır, yoldaşı da hərbçidir. Digəri isə Piriyeva Aliyədir. Onların hər ikisi ilə yoldaşlığımız davam edir. Ümumiyyətlə, döyüş meydanında hər kəs bir-biri üçün doğma idi. Elə olurdu ki, bir meyitin yanında səhərdən axşamadək dayanmışam ki, imkan yaranan kimi onu oradan çıxarım. Axı ən azı, valideynləri onun meyitini gözləyir. Biz analara deyirdik ki, övladınız gözümüzün qarşısında dünyasını dəyişdi, sadəcə meyitini çıxarda bilmədik. Bir ana vardı, oğlu tankda yanıb həlak olmuşdu. Tank da neytral zonada idi. Ana yalvarırdı ki, ən azı, övladının sümüklərini çıxardıb ona verək. Ana var idi ki, dörd övladını şəhid vermişdi, 5-ci oğlu isə döyüşürdü. Yadımdadır, ermənilər meyiti ağacdan asıb qisas aldıqlarını qardaşına göstərirdilər. O, gecə ilə gedib qardaşının meyitini ağacdan götürmüşdü... Bu insanları görüb gəlmişəm. Amma təəssüf ki, bu gün torpağının 20 faizi işğal altında olan döyüşçü üçün çox da böyük danışa bilmirəm. Lakin əlimizdən gələni etdik".

Uşaqlıqda adi bir tabutu görəndə günlərlə özünə gələ bilməyən Kəmalə xanım üçün müharibə hər şeyi adiləşdirmişdi: "Döyüşə getməzdən öncə bir-birimizlə halallaşırdıq ki, bəlkə, hansımızsa qayıtmayacağıq. Gözümün önündə bir təcili yardım maşını partladı, içində yaralılar var idi, avtomobil havaya qalxdı, insanların necə havada uçduğunu gördüm. Tənəklik var idi, meyitlərdən biri çox uzağa, ağaclığın içinə düşmüşdü. Onu axtaranda anidən qarşıma çıxdı, öncə tanımadım. O, ilk gördüyüm meyit idi, donmuşdum, ayağım yerdən üzülmüşdü. Onu təxminən 5 saat öncə sağ görmüşdüm".

Kəmalə xanım bəzən zülmət qaranlıq gecədə düşmənlə üz-üzə qalıb içində özünü sorğu-sual da etdiyini deyir: "Bəzən gecənin zülmətində dərin düşüncəyə dalırsan, o tərəfdə olan da insan, sən də insansan. Səni ondan ayıran bir millət adı, dil, dindir. Fikirləşirdim ki, yəqin, bizdə olan duyğular onlarda da var. Sənin kimi onu da gözləyən bir ana var".

© Photo : Courtesy of Kemala QahramanovaKəmalə Qəhrəmanova döyüş yoldaşları ilə
Azadlıq üçün qızlıq arzularıyla vidalaşan Qəqəni - İndi o, xilaskardır - Sputnik Azərbaycan, 1920, 14.04.2021
Kəmalə Qəhrəmanova döyüş yoldaşları ilə

 "Mənə ən çox təsir edən Xocalı faciəsi idi. Beynim hadisələri həzm etmirdi. Özümə söz verirdim ki, nə olursa-olsun vəhşiliklər, qisas içimə dolmasın, yəni ancaq əlində silah olan şəxslə savaşım, silahsız şəxsə qarşı yox. Hər bir halda insanlığı qorumaq lazımdır. Zabit olanda da məhz bunu qarşıma məqsəd qoymuşdum. Şəxsi heyətlə də işləyəndə deyirdim ki, döyüşdə aslan kimi olun, amma qarşınıza uşaq, qoca çıxdısa, onların bizə nə etdiyini unudun, onları əsir götürsəniz də barmaq ucu ilə belə toxunmayın, su da verin, çörək də verin, yalnız əsgərlə döyüşün. Deyirdim, geri qayıdanda içinizdə insan olaraq qayıdın. Bunu özümə də təlqin edirdim, amma çox çətin idi. Əsirlikdən qayıdanların halını görürdüm... Düşünürdüm ki, mülki insana bunlar edilibsə, əynində hərbi geyim olan bir qadına nələr edə bilərlər. Buna görə mühasirəyə, çıxılmaz bir vəziyyətə düşəcəyimi hər zaman gözə alırdım və bunun üçün üstümdə həmişə son güllə və F1 qumbarası olurdu. Yəni düşünürdüm ki, elə bir vəziyyət yaranar ki, gülləni çıxarmağa vaxt tapa bilmərəm, qumbara ilə işi həll edərəm. Düşünürdüm ki, onu ürəyimə sıxıb partladacağam. Hətta sizə deyim ki, barmağımı halqaya keçirib çəkim-çəkməyim deyə düşündüyüm zamanlarım da olub, saniyələri saymışam".

"Xatırlayırdım, mənə ilk dəfə silah verəndə necə sevinirdim, hətta gecə də onunla yatırdım. Onu xüsusi yağla silib-təmizləyir, parıldadırdım. Lakin içimdən bəzən sual yaranırdı: nə olsun ki, bu qədər sevinirsən, nəyə sevinirsən, birinin həyatına bu silahla son qoyacağına sevinirsən? Şərait, mühit isə vəziyyəti diktə edirdi: sən atəş açmasan, sənə atəş açacaqlar, kəndi qorumasan, ordakı uşaqları, qocaları öldürəcəklər. Yadımdadır, Şuşadan çıxanda yolda təxminən 8 yaşlı uşaq təkcə dayanmışdı. Üstümdə ağır olan nə vardısa, hamısını yerə atdım ki, sürətlə qaçıb uşağı götürüm, elə bilirdim ki, onu bu dəqiqə vuracaqlar. O uşağı belimə alıb yarğandan tullandıq. Uşağın gözləri indiyədək gözümün önündədir, qorxudan bərəlmişdi. Uşaq yeriyə bilmirdi qorxudan, onun valideynlərini tapanadək belimdə apardım. Uşaq atasını görəndə dili açıldı. Ara qarışanda ata-ana uşağı itiribmiş. Valideynlərini meşədə tapdım", - deyə o əlavə edir.

Kəmalə xanım düşmən olmasına baxmayaraq, mülki əsirə hətta öz tikəsini də verib: "Bir dəfə əsirə yemək gətirmişdilər, onun yeməyi az idi, bu mənim bir qədər pisimə gəlmişdi. Dedilər ki, əsgərin qabağından kəsib yağlı tikəni əsirin qabağına qoya bilmərik. Dedim onda mənim payım hanı? Mən öz payımı erməninin qabağına qoydum. Bu adam adi fermer idi, özünün dediyinə görə. Onunla danışanda qarşımdakının düşmən olduğunu hiss etmirdim. Təsəlli verirdim ki, gedib qızını görərsən, səni əsirimizlə dəyişəcəyik".

© Photo : Courtesy of Kemala QahramanovaKəmalə Qəhrəmanova məşq zamanı
Azadlıq üçün qızlıq arzularıyla vidalaşan Qəqəni - İndi o, xilaskardır - Sputnik Azərbaycan, 1920, 14.04.2021
Kəmalə Qəhrəmanova məşq zamanı

Digər yoldaşları kimi ətdən çəpər olaraq mərmilərin, güllələrin qarşısında dayanan Kəmalə Qəhrəmanova heç zaman xanımlara nümunə kimi göstərilmək istəmədiyini deyir: "Hər zaman deyirəm ki, xanımın ən gözəl savaşı ailəsi, gözəl övlad tərbiyə etməsidir. Bir kişi üçün necə düzgün həyat yoldaşı olmaq olar, ona necə dəstək göstərmək olar - hər zaman xanımlara bunları bacarmağı tövsiyə edirəm və deyirəm ki, qoy silahı hər zaman kişilər əlinə alsınlar. Xanımın silahı bilməsi yaxşıdır, amma hər zaman xanımlara deyirəm ki, əsgər, döyüşçü olacam kimi xəyallar qurmayın. Xanım üçün müharibə çox çətin yoldur, heç bir qadına əlinə silah almağı, qan qoxusunu duymağı arzulamaram. Hər dəfə tətik çəkdikcə içimdən qadınlığın bir parçası yoxa çıxırdı. Çünki qadınlıq şəfqət, mərhəmətdir. Zamanla sərtləşməyə başlayırdım. Çox uzun müddətdən, psixoloji kurslardan, ətrafımda olan bəzi insanların dəstəyindən sonra dəyişildim. Bu yaşadığım müharibə sindromu idi".

"Çalışırdım ki, döyüş vaxtı səsimi də çıxartmayım, qarşı tərəfdən qadın olduğum bilinməsin", - deyən həmsöhbətimizin sözlərinə görə, hətta bir dəfə ermənilər ratsiya ilə sizin aranızda xanım var deyiblər.

 30-dan yuxarı qəlpə yarası alan K.Qəhrəmanovanın bədənində hazırda təxminən 7 qəlpə qalıb. Bu qəlpələr sinirə yaxın olduğundan onları çıxarmaq məsləhət deyil: "Bu qəlpələr hərdən həyatıma müdaxilə edir, sinirlərimi zədələyir. Sol qolumda iş məhdudiyyəti var, onu normal qaldıra bilmirəm".

Yenidən əlinə silah almaq istəməyən K.Qəhrəmanova 1999-cu ildə öz xahişi ilə ordudan tərxis olunub: "Artıq kişi kimi geyinməkdən bezmişdim, toya belə hərbi geyimdə gedirdim. Onda anladım ki, yenidən içimdə doğmalıyam. 1999-cu ildə tərxis olunduqdan sonra yenidən idmana qayıdıb karate üzrə beynəlxalq usta dərəcəsi alıb, 2004-cü ildə Bədən Tərbiyəsi Akademiyasına qəbul olundum. 2007-ci ildə isə Fövqəladə Hallar Nazirliyinə işə qəbul olundum. Xilasetmə işinə qəbul olunanda içimdə bir sevinc yarandı. Ehtiyatda olan zabit kimi çox sevinirdim. Lakin mənə daha yüksək vəzifə təklif edilsə də ondan imtina etdim, çünki xilasetmə xidməti mənim artıq ruhuma çevrilmişdi. Sanki artıq yenidən doğulmuşdum, içim təmizlənmişdi, bir sıra problemlərimi aşmışdım. Müxtəlif hadisələrə tez reaksiya verirəm və baxıram ki, artıq içimdə bir xilasedici var. Hətta kimsə depressiyaya, həyəcana düşəndə belə, deyirəm, narahat olma, bir xilasedici gəlib. Artıq qonşularım da fövqəladə hadisə olarkən kimin qapısının döyülməsinin lazım olduğunu bilirlər".

© Photo : Courtesy of Kemala QahramanovaKəmalə Qəhrəmanova döyüş yoldaşı ilə
Azadlıq üçün qızlıq arzularıyla vidalaşan Qəqəni - İndi o, xilaskardır - Sputnik Azərbaycan, 1920, 14.04.2021
Kəmalə Qəhrəmanova döyüş yoldaşı ilə

"Qısa zaman ərzində hadisə yerinə çatmaq və həm hava, həm su, həm də qurudan xilasedicilik üçün hər bir şərait və texnikamız var. Olub ki, bir gündə 3 hadisəyə görə getmişəm. Amma sizə deyim, ən çətini atəşlə mübarizə aparmaqdır. Həm də belə olanda panika da çox olur", - deyə xilasedicimiz əlavə edir.

Fövqəladə Hallar Nazirliyinin (FNH) Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) baş mütəxəssisi, xilasedicisi deyir ki, müharibədə daha çox acı göz yaşı olsa da, burada o, sevinc göz yaşlarını axıdır.

Həyatda ən çox istədiyi isə ana olmaqdır: "Müharibə ailə qurmaq, ana olmaq arzularımı da içimdə basdırmışdı. 1995-ci ildə nişanlanmışdım, nişanlım ağciyərindən güllə yarası aldığı üçün yaşamadı, dünyasını dəyişdi. Artıq 3 ildir ki, ailəliyəm, ən böyük arzum ana olmaqdır".

Xəbər lenti
0