21:43 27 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
YAZARLAR
Qısa URL
15420

Bu qarşıdurmanın nə ilə nəticələnəcəyi bilinmir, amma Fransa mallarının boykotu, islam ölkələri ilə ticarət əlaqələrinin pozulması tam realdır

BAKI, 30 oktyabr — Sputnik. Son bir ayda Fransanın adı addımbaşı qalmaqalda hallanır. İkinci Qarabağ savaşı başlayan gündən elə bil özünün ATƏT-in Minsk qrupunun həmsədri olduğunu unudan Fransa birmənalı olaraq Ermənistanı dəstəkləməyə başladı. Bunu adətən Fransada erməni diasporunun gücü ilə izah edirlər, çünki Fransa siyasətinə ermənilərin təsirinin böyük olduğu bildirilir. Halbuki əhalisi 68 milyon olan ölkədə cəmi 350-500 erməni yaşayır. Özü də Fransanın cəmi 3 şəhərində, Paris, Marsel və Lionda məskunlaşıblar. Müəyyən qədər nüfuz sahibi olsalar da, onların Fransa siyasətinə ciddi təsirindən danışmaq da bir qədər doğru olmazdı. Sadəcə, Fransa ənənəvi olaraq erməniləri bir siyasi xətt olaraq dəstəkləyib.

Ərdoğan da Türkiyə xalqını Fransa mallarını boykot etməyə çağırıb

Hər halda Fransanın bəzi dairələrindən Azərbaycana da dəstək oldu. Bu, sevindirici əlamətdir. Di gəl, Fransanın adı təkcə Qarabağ münaqişəsi ilə hallanmadı, son günlərdə daha bir neçə hadisə baş verdi. Türkiyə və Fransanın münasibətləri pozuldu. Məhəmməd peyğəmbərin karikaturasını sinifdə nümayiş edən Samuel Pati adlı müəllimin öldürülməsi Fransada əks-səda doğurdu. Karikaturanın nümayişinə haqq qazandıran Prezident Emmanuel Makron ölkədə separatizmlə mübarizə aparmağı, siyasi islama məktəblərdə, dövlət idarələrində, mədəni ocaqlarda müqavimət göstərilməsinin əhəmiyyətindən danışdı. Fransanın dövlət idarələrində, həmçinin bəzi mətbuat orqanlarında bu karikaturaların yerləşdirilməsi də baş verib.

Əlbəttə, müsəlman dünyasının, xüsusilə də Türkiyənin Fransadakı islamofobiyaya qarşı sərt yanaşmasını da müşahidə edirik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Makronun psixi sağlamlığını şübhə altına alan bəyanat da yayıb. Bir çox müsəlman ölkələrində Fransaya qarşı etiraz aksiyaları geniş vüsət alıb. Məsələn, Banqladeşdə 10 minlərlə insan əllərində “Bütün dünya müsəlmanları birləşin” və “Fransanı boykot edin” yazılmış şüarları tutaraq küçələrə axışıblar. Ərdoğan da Türkiyə xalqını Fransa mallarını boykot etməyə çağırıb.

Fransa hökuməti hələlik türk mallarını boykot etməyəcəyini bildirsə də, müəyyən addımlar atacağı gözlənilir. Fransanın “Charlie Hebdo” satirik jurnalı isə Ərdoğanı aşağılayan karikaturasını da dərc edib. Burunla bağlı Ankara Baş Prokurorluğu həmin jurnala qarşı cinayət işi də açıb. Son bəyanatının birində Ərdoğan Avropada islam dünyasına qarşı növbəti xaç yürüşünün başlandığını qeyd edib. Onun fikrincə, Qərb ölkələri islama hücum etməklə hərbi-müstəmləkəçilik hərəkətlərini bərpa etməyə çalışırlar.

Azərbaycanla idxal 160 milyon, ixrac isə 713 milyon dollar təşkil edir

Bu qarşıdurmanın nə ilə nəticələnəcəyi bilinmir, amma Fransa mallarının boykotu, islam ölkələri ilə ticarət əlaqələrinin pozulması tam realdır. Fransanın islam ölkələri ilə ümumi ticarət dövriyyəsi elə də az deyil, haradasa 2019-cu il üçün 100 milyard dollar təşkil edib. Bunların da 45,8 milyardı ixrac, 58 milyardı isə idxal əməliyyatları olub. İslam ölkələri Fransadan daha çox maşın, qaz turbinləri, aviasiya məhsulları, qazanxanalar, motorlu nəqliyyat vasitələri hissələri, avtomobillər, traktorlar, dəmir və polad məhsulları, elektrik və elektron avadanlıqlar və dərmanlar alıblar.

Fransa da İslam ölkələrindən xam neft, təbii qaz, mineral yağlar, motorlu nəqliyyat vasitələri, avtomobil hissələri, peyk qəbulediciləri, elektrik qızdırıcılar, kabellər, geyim, meyvə, tərəvəz və qoz-fındıq kimi məhsulları idxal edib.

Fransa Türkiyədən 9.8 milyard dollarlıq müxtəlif növ məhsullar və avadanlıqlar alıb, 6.66 milyard dollarlıq mal ixrac edib. Fransa məhz Türkiyə ilə ticarət əlaqələrinin həcminə görə digər islam ölkələrini üstələyir. Azərbaycanla idxal 160 milyon, ixrac isə 713 milyon dollar təşkil edir.

“Artıq Fransa malları almırıq”

Azərbaycanda Fransaya yanaşma elə Qarabağda hərbi əməliyyatların aktivləşməsi dövründən pisləşib. Fransa mallarını boykot etmək çağırışları daim eşidilib. Sosial mediada dəqiqəbaşı boykota dəvət edən postlara rast gəlirik. Parisdə yaşayan bir həmyerlimizin postu daha çox yadda qalıb. “Fransız məhsullarını necə boykot edə bilərəm” düşüncəsinə dalarkən... Əti ərəblərdən/türklərdən alıram. Çörəyi evin altındakı “boulangerie”dən, əlcəzairlidir. Mer-meyvəni, tərəvəzi bazardan, ərəblərdən. Alman maşını sürürəm. Geyimləri Almaniyadan, ya da yolum düşəndə Türkiyədən alıram. Böyük qızım rus məktəbində təhsil alır, ödənişlidir, kiçik fransız məktəbinə gedir, pul ödəmirəm. Fransız dili müəlliməm 40 ildir Parisdə yaşayan özbəkdir. Mən çoxdan başlamışam ki, boykota”, - yazan Elzar Ağayev boykotu necə reallaşdırdığını çox doğru qeyd edib. 

“Mən də fransız maşını almayacam”, “Artıq Fransa malları almırıq”, “Fransa mallarına yox”, “boykot”, “Fransız malını alan erməniyə dəstəkdir” kimi ifadələrə addımbaşı rast gəlirik.

“İstehsal: Fransa. Kredit şərtləri var. 1+1 kampaniyası” reklamı isə azərbaycanlı istifadəçilərin qəzəbinə tuş gəlib. “Bunu paylaşan bəlkə də ermənidir və fransız zad. Müsəlman olan şəxs belə reklam etməz!”, “Məqsəd nədir ki, boykot olan malları belə reklam edirsiniz? Kimsiz siz???”, “Fransa malını vur təpənə, bizə lazım deyil düşmənin malı, başlarına dəysin elə”, “Millət deyir boykot edin bunlar kreditlə verir” postları Fransaya olan münasibətin bariz göstəricisidir.

Azərbaycan insanı ümumən Fransaya tarixən yaxşı yanaşıb, elə Mirzə Fətəli Axundovun “Müsyö Jordan və Məstəli şah” əsərinin qəhrəmanı Şahbaz bəyin Parisə gedib bilik almaq həvəsi də o dövrün Fransasının bir elm və mədəniyyət mərkəzi olduğuna işarədir. “Papaq” filmində isə bəylərdən birinin işlətdiyi “o madmazelləri ki, mən Parisin kafe şantanlarında görmüşəm, sən görsən, Məcnuna dönüb biyabanə düşərsən, qardaş” ifadəsi də dillər əzbəri olub. Hamı Parisə getmək istəyib, kimi bilik, kimi də əyləncə dalınca. Amma indi Fransada nə bilik qalıb, nə də əyləncə.

Fransanın ağır çəkili prezidentlərini zəif və iradəsiz siyasətçilər əvəzləyib

Fransanın dünya siyasətindəki nüfuzu əslində çox sarsıyıb. Bu ölkənin Şarl de Qoll, Valeri Jeskar Desten, Fransua Mitteran, Jak Şirak kimi ağır çəkili prezidentləri Nikola Sarkozi, Fransua Olland və Emmanuel Makron kimi zəif və iradəsiz siyasətçilər əvəzləyib. Son 3 Fransa prezidenti dünya siyasət tarixində heç nə ilə yadda qala bilməyib. Sarkozinin adı daim korrupsiya və seksual qalmaqallarda hallanıb, Ollandın prezidentliyi dövrünü bir növ hiss etməmişik. Makronu da sadəcə problemlərin həllini tapa bilməyin birisi kimi görürük.

Elə Avropa Birliyində də Fransanın mövqeləri zəifləməkdə davam edir. Almaniya isə güclənərək AB-nin ən nüfuzlu dövlətinə çevrilir. Fransa bir tərəfdən daxildən silkələnir, “sarı jiletlər” hərəkatı həm iqtisadiyyata ciddi zərbə vurub, həm də hələ də həllini gözləyən nə qədər problemin olduğunu göstərib. Digər tərəfdən ölkəyə daha çox ərəb ölkələrindən olan miqrasiyanın yaratdığı çətinlikləri də həll etmək tələbi də var. Amma məsələnin həlli də yoxdur, fransızlar deyirlər, ərəblər bizim mədəniyyətə uyğunlaşa bilmirlər, ərəblər isə deyirlər, təhsil də alırıq, fransız dilini də öyrənirik, vergi də veririk. Daha nə etməliyik? Pivə, şərab içək?

Koronavirus Fransa iqtisadiyyatını ciddi silkələyib, digər tərəfdən isə ölkə malların boykot təhlükəsi ilə üzləşib. Fransa siyasətinə zəif liderlər ayaq açdıqca, onların yararsız fəaliyyətinə qarşı müqavimət də güclənir. Fransızlar eynicinsli nikahların əleyhinə aksiya keçirir, burada millətçilik və sağçılıq ideyalarına da münasibət dəyişir. Millətçi Mari Lüpen artıq əhalinin böyük hissəsinin rəğbətini qazana bilib.

Fransanın hazırda qarşılaşdığı problemlərin bir çoxu bir və ya bir neçə adamın həll edə biləcəyi məsələ deyil. İki sivilizasiyanın qarşıdurmasıdır. İnsanların bir-birini anlamaması, digəri üçün əhəmiyyətli olan məsələdə anlaşıqlı olmaması həmin bu mədəni qarşıdurmadan irəli gəlir. Fransız üçün “Paris Notr-Dam” kilsəsində baş vermiş yanğın olduqca əhəmiyyətlidir. Günlərlə deyib ağladılar, amma islam düşüncəsində “hər hansı bir hadisə Allahın izni ilə baş verib” ideyası üstünlük təşkil edir. Müsəlman pulunu, evini itirsə belə, qəm etməz, amma qeyrətini itirmək olduqca ağırdır. Təhqiredici karikaturaya görə kimi olsa belə, öldürməyə hazırdır.

Fransada prezident kürsüsünə sahib olan hər bir kəs bu cür incə detalları bilməlidir. Bilməsə, deməli, yerində oturmayıb, öz ölkəsini daha da ağır problemlərin ağuşuna sürükləyir.

Əsas mövzular