05:04 23 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
YAZARLAR
Qısa URL
300 0 0

Həftənin ən yaddaqalan hadisələrindən biri Tovuz döyüşlərinə dəstək məqsədilə Bakıda keçirilən izdihamlı yürüş idi.

BAKI, 20 iyul — Sputnik. 7x7 həftənin ən yaddaqalan hadisələrini şərh edir.

Tovuz döyüşləri

Tovuzda Ermənistan silahlı qüvvələrinin təxribatı qarşı tərəfə ağır başa gəldi. Azərbaycan raketləri düşmənin cəbhəyanı hərbi məntəqələrinə sarsıdıcı zərbələr endirdi, infrastrukturu darmadağın etdi, qarşı tərəf məlumatları gizlətsə də, onlarla itki verdi. Düzdür, ermənilər generalımızın vurulmasını öz qələbələri kimi təqdim etməyə çalışırlar, ancaq bu fakt onu göstərir ki, Azərbaycanın ən yüksək rütbəli zabitləri belə ön cəbhədədir, əsgərin arxasında gizlənməyib. 

Yürüş və təxribat

Həftənin ən yaddaqalan hadisələrindən biri Tovuz döyüşlərinə dəstək məqsədilə Bakıda keçirilən izdihamlı yürüş idi. Emosional anlarla yadda qalan aksiya xalqın orduya dəstəyini ifadə edirdi, bu məzmunda çağırışlarla müşayiət olunurdu. Təəssüf, aksiya iştirakçılarının içindəki təxribatçılar ona başqa rəng verməyə çalışdılar, onların provokasiyası ilə bir qrup mitinqçi Milli Məclisin şüşələrini sındıraraq binanın içərisinə daxil oldu. Bu hadisələr zamanı ən diqqətçəkən məqamlardan biri polisin olduqca soyuqqanlı davranışı idi.

İstənilən halda, təxribatçılar ermənilərin “əlinə oynadılar”, hadisəni erməni mətbuatı öz maraqlarına uyğun məharətlə interpretasiya etməyə başladı. Ancaq fakt faktlığında qalır – minlərlə insan siyasiləşmiş provokatorların ardınca yox, generalının, ordusunun, milli maraqlarının ardınca getdi.

Diplomatik cəbhədə yeni sima

Ötən həftənin ən mühüm hadisələrindən biri xarici işlər naziri vəzifəsindəki dəyişiklik idi. Evdən işləyən E.Məmmədyarovun yola salınması gözlənilən idi. Dəyişiklik Azərbaycan diplomatiyasını dövlətin həyata keçirdiyi xarici siyasət strategiyasının “beşinci təkər” ampluasında çıxarmaq məqsədinə xidmət edir. Beləliklə, nəhayət, Azərbaycan diplomatiyasının dili topuq vurmaqdan, Dağlıq Qarabağ münaqişəsinin ruhuna uyğun olmayan mənasız təbəssümdən xilas olacaq. Xarici siyasət prioritetlərinin həllində hansı dəyişikliklər olacaq, tezliklə müşahidə edəcəyik.

Koronavirus bəlası

Bu həftə “taclı bəla” bir qədər arxa planda qaldı. Amma hər halda, o, qlobal təhdid olaraq qalır. Pandemiyanın sirləri ilə bağlı mülahizələr, versiyalar isə acı bağırsaq kimi uzanır. Bəziləri infeksiyanın təbiətin cəzası, bəziləri insanın səhvi, bəziləri isə böyük güclər tərəfindən idarə olunan proses kimi şərh edir. Bütün versiyalar ağlabatandır. Amma istənilən halda nəticə kimlərinsə maraqlarına xidmət edəcək, kimlərsə qlobal bazarın küncünə sıxılacaq, bir sözlə, dünya düzəni əvvəlki kimi olmayacaq. Tarixin dərinliklərində belə faktlar var: 1888-1897-ci illərdə mal-qara vəbası virusu Afrikadakı heyvanların böyük miqyasda məhvinə səbəb oldu və bu yerli icmaları iqtisadi cəhətdən seytnot vəziyyətə saldı. Yaranmış sosial-iqtisadi problemlər sonrakı dövrdə Afrikanın böyük ərazilərinin Avropa ölkələri tərəfindən ilhaqına imkan yaratdı.

Rusiya bazarları

Rusiya bazarları minlərlə azərbaycanlı üçün dolanışıq yeridir. Ancaq bu bazarlar Ermənistan üçün oksigen balonu kimi bir şeydir. Bu həftə Rusiyada yaşayan azərbaycanlı milyonçular bu balondan gələn oksigenin həcmini azaltdılar. İndi ermənilər tənginəfəsdir. Belə ki, bu günlərdə Rusiyanın paytaxtı Moskvanın ən böyük meyvə-tərəvəz bazarı olan "Food City"də Ermənistan məhsullarının satışına qadağa qoyuldu. Bazara ermənilərə məxsus 50-ə yaxın TIR-ların daxil olmasına icazə verilmədi ki, nəticədə erməni iş adamlarına külli miqdarda zərər dəydi. Qeyd edək ki, ticarət mərkəzinin rəhbərləri Qod Nisanov, Zarax İlyev və həmçinin professor İlham Rəhimovdur. Tovuzlu İ.Rəhimov müsahibəsində bildirib ki, ermənilərin ayağı bundan sonra həmin bazara dəyə bilməz.

Bəli, güclü diasporun nə qədər əhəmiyyətli olduğu bir daha təsdiqini tapır.

Qapqara statistika

Həftə ərzində müxtəlif kriminal və bədbəxt hadisələr baş verdi. Ancaq onlardan üçü xüsusilə diqqətçəkən idi. Saatlıda 1990-cı il təvəllüdlü R.Qəmbərov ehtiyatsızlıq edərək ov tüfəngi ilə anası T.Qəmbərovanı vurdu və qadın dünyasını dəyişdi.

Goranboyda isə yaylaqda saxladığı ev quşlarının arasına tülkünün girdiyini görən çoban - 1984-cü il təvəllüdlü Afət Həsənquliyev ona ov tüfəngindən atəş açıb. Atəş nəticəsində yaxınlıqdakı iki çoban – Telman Quliyev gözündən, İslam Əliyev isə bədəninin müxtəlif hissələrindən xəsarət alıb.

Tovuzda isə dayısını sakitləşdirməyə gələn bacıoğlu, sakitləşdirmək əvəzinə onu öldürüb. M.Əsgərov onun evinə gəlib bildiriş yazan "Azərişıq"ın əməkdaşına əsəbiləşib, onun avtomobilinə hücum edib və maşına ciddi ziyan vurub. "Azərişıq" əməkdaşı hadisə yerindən uzaqlaşdıqdan sonra M.Əsgərovun bacısı oğlu V.Səfərov dayısını sakitləşdirməyə gəlib. Bu zaman dayısı oğlu bacısı oğlunu söyüb və nəticədə V.Səfərov bıçaqla onu ürəyindən vurub. M.Əsgərov hadisə yerində keçinib.

Şuşasız Rəhim

Ötən həftə keçmiş müdafiə naziri Rəhim Qazıyev saxlanıldı. O, Tovuz döyüşlərinin getdiyi günlərdə sosial şəbəkələrdə təxribat xarakterli çağırışlar edib. İndi psevdopatriot bəyanatlar səsləndirən R.Qazıyevi hər kəs “Şuşa getsə, başıma güllə sıxacam” açıqlaması ilə xatırlayır. Yəqin, Şuşanın 28 ildir işğal edildiyini ondan gizlədirlər, yoxsa bu vaxta qalmazdı...

Əsas mövzular