BAKI, 7 iyul — Sputnik. 7x7 ötən həftənin ən yaddaqalan hadisələrini şərh edir
Su böhranı
Bu gün dünyada 50-dək ölkə ciddi su böhranı yaşayır. BMT-nin proqnozlarına görə, 2030-cu ildə su çatışmazlığı səbəbindən təxminən 700 milyon insan qaçqına çevrilə bilər. Bu gün dünyada iki milyarddan çox insan çirkli su içir, 4,5 milyard insan sanitariya sahəsində lazımi xidmətlərdən məhrumdur.
Təəssüf ki, Azərbaycan da "risk zonası"nda olan ölkələrdəndir. Cənubi Qafqazın su ehtiyatlarının cəmi 10 faizi Azərbaycanın payına düşür. Və üstəgəl ölkəmizin transsərhəd sulardan asılılığı ümumi su istifadəsinin 74%-ni təşkil edir. Nəzərə alsaq ki, bu asılılıq həm də Ermənistan sərhədlərindən formalaşan su mənbələrinə aiddir, onda məsələnin ciddiliyi aydınlaşır.
Bu arada Kür çayında yaşanan ekoloji problem su böhranı məsələsini bir daha aktuallaşdırır. Belə ki, Kürdə suyun səviyyəsi kritik səviyyəyə düşüb, hazırkı vəziyyətdə Kür Xəzərə yox, Xəzər kürə axır. Bu isə böyük bir ərazidə suvarma problemi yaradır.
Beləliklə, suya qənaəti təmin edə biləcək suvarmada damcı sisteminin ən qısa zamanda tətbiqi qaçılmazdır. Ancaq bu xüsusda fərdi məsuliyyət də əhəmiyyətlidir. Nəzərə almalıyıq ki, karbohidrogen ehtiyatlar uğrunda savaşlar dövrü geridə qalır, indi su hövzələri daha strateji xarakter daşıyır.
Ümid edək ki, "Sputnik" reportyorunun Kür yatağından çəkdiyi bu foto gələcəyin fotosu deyil:
"Barıt çəlləyi"
Ötən həftə Ermənistan "Metsamor" Atom Elektrik Stansiyasının fəaliyyətini təmir işləri ilə əlaqədar olaraq dayandırdı. 11 ballıq zəlzələ zonasında tikilmiş, ömrünü illər öncə başa vurmuş stansiyanın təmirə dayandırılması rəsmi İrəvanın nəinki bölgə, qlobal miqyasda təhlükəli siyasət həyata keçirdiyini təsdiqləyir. Ekspertlər bildirir ki, stansiyada baş verə biləcək qəza təkcə Ermənistanın özünü deyil, Türkiyə, Azərbaycan, Gürcüstan, Rusiya, İran, Orta Şərq, Orta Asiya və Şərqi Avropa ölkələrini də fəlakətlə üz-üzə qoyacaq. Azərbaycan elə indiki halda da radioaktiv çirklənmənin təsirlərini yaşayır. Ermənistan bu stansiyanın tullantılarını Araz çayına axıtmaqda davam edir.
Od tuturuq
Ötən həftə Bakının Binəqədi rayonunda "Sobsan" boya fabrikində yanğın baş verdi. Yanğının sexlərdən birində olmuş partlayışdan başladığı bildirildi.
Pandemiyanın bütün biznes sahələrini küncə sıxdığı indiki dönəmdə bu cür hadisə də bir tərəfdən iş adamının vəziyyətini ağırlaşdıracaq. Binəqədinin bəxti isə yanğın baxımından heç gətirmir – dünən "Eurohome", bu gün "Sobsan".
Daha bir nazirlikdə
"Qara maskalı"lar bizi çox darıxmağa qoymadılar. Bir neçə həftə fasilədən sonra onları ötən həftə Xarici İşlər Nazirliyində görüblər. Məlumata görə, DTX-nın bu nazirlikdəki anti-korrupsiya əməliyyatında nazirliyin İşlər İdarəsinin müdiri Fərhad Mollazadə həbs olunub. Yəqin siyahıda başqa adlar da olacaq. Belə işləri bir adam tək bacarmır, komanda lazımdır.
Çoxkoloritli günlər
Ötən həftə də ənənəmizə sadiq qaldıq: oğlu əsgərlikdən qayıdan ata qonaqlıq verdi, yas mərasiminin keçirilmə qaydaları pozuldu, kafedə yeyib-içənlər saxlanıldı, icazəsiz işləyən dərzi sexləri aşkarlandı, Bakıda Qəbələyə qanunsuz getmiş şəhərlilər isə qaldıqları yerdəcə yaxalandılar. Ən maraqlısı isə SMS-lə icazə alıb, oğurluğa gedənlər idi.
Karantin qaydalarını yaxşı ki, hamı eyni cür pozmur. Bu, çoxkoloritlilik həyatımızın monoton günlərinə rəng qatır.
Qədim daşlar və tramvay
Balaxanı qəsəbəsinin yeni turizm marşrutu kimi müəyyənləşdirilməsi və turizm məkanına çevrilməsi üçün işlərə başlanılıb. Artıq qəsəbədə qədimi məhəllələrin bərpasına başlanılıb. Məşədi İbada və hambala qoyulan heykəl xüsusi maraqla qarşılanıb. Eyni zamanda, küçələrə daş döşənir. Hələ 1800-cü illərin ortalarında Bakının məşhur Xəzri küləyi əsdiyi zaman küçələrdə tozanaqdan göz açmaq olmurmuş. Məhz o zamanlar tozanağın qarşısını almaq küçələrə daş döşəməyə başlayıblar. İndi qəsəbənin turistik zonaya çevriləcək hissəsində bu daşlar düzülür. Ümid edək ki, bu daşlar kimi biz şəhərimizdə "keçmişin qalığı kimi" ləğv edilən tramvayları da görə biləcəyik… Hər bir böyük, müasir şəhərdə olduğu kimi…
Baş epidemioloqumuz
Respublikanın baş epidemioloqu, professor İbadulla Ağayevin son açıqlaması gündəmə çevrildi. Sitat bu cür idi: "Mən Bakıda deyiləm, rayondayam. Heç nədən də xəbərim yoxdur. Kənddə oturmuşam. Nə televizorum, nə də internetim var. Mən baş epidemioloq olanda nə olar? Mən də adamam da. Mənim də rayonda qohumum, əqrəbam var. Siz Səhiyyə Nazirliyinə, TƏBİB-ə zəng edin".
Açıqlama ilə bağlı birinci yanaşma o idi ki, İ.Ağayev baş epidemioloq kimi yox, laqeyd vətəndaş kimi danışır. İkinci baxış: onun vəziyyətə təsir imkanları yoxdur, jurnalist bu səs yazısını yaymaqla peşə etikasına riayət etməyib.
İstənilən halda, "bu, bir oyundur" dediyimiz COVİD-19 artıq başımıza oyun açır. Görünən odur ki, bu gün xəstələrin sayı, kimin xəstələnməsi xəbər kimi qarşılanırsa, sabah xəstələnməyənlərin sayı, kimin xəstələnməməsi xəbər olacaq.