04:49 29 Fevral 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
YAZARLAR
Qısa URL
91601

Etalonu “istedad”, kumiri uğursuz dahilər olan bu biçarələr özlərindən xəbərsiz qisasın qurbanına çevrilirlər

BAKI, 17 yanvar — Sputnik. Son vaxtlar Amerika-İran müharibəsindən daha əfzəl istedadsız, tükənmiş, eyni zamanda istedadsızlığının və tükənmişliyinin qisasını başqalarından almağa çalışan, əxlaqi qüsurlarını məharətlə gizlətməyi bacarıb özünü müqəddəs göstərməyə çalışan istedadsız və səfeh təfəkkürlü qələm adamlarından çəkinirəm. Əslində belə adamlara qələm adamı demək çox böyük səhvdir ki, mən səhvimi boynuma alıram.

Yazıq o şəxslərə ki, şəxsən nifrət etdiyi adama söz deməyə cəsarəti çatmır, başqasını “tırkalayıb” qabağa verir. Gizlənir başqasının arxasında və kin, nifrət qurur. Hətta elələri var ki, dost dediyi adamın uğurları gözünü deşir, yuxusunu qaçırır, qısqanclıqdan qarnına qara sancı dolur, əsəbdən ürəyi bulanır, hikkədən yuxusu qaçır, halı pərişan olur. Belə məqamlarda bu qara qanmazların əlaltıları köməyə çatır. İndi də ən yaxşı meydan, ən böyük azadlıq sosial şəbəkələrdədir. Üz-üzə gələndə girməyə siçan deşiyi axtaran bir çox bədxahları sosial şəbəkələrdə şir kimi kükrəyən görmüşəm.

Belə “cəsarətli söz pəhləvanları” daha çox şair-yazar-jurnalist tayfasının arasında özünü göstərir. Adətən tükənmişlər, uğursuzlar yanında iki-üç cavan şair, yazıçı, publisist, jurnalist “hərləyir”. Bu cavan şair və ya yazıçı tükənmiş həmkarının it ilində yazdığı hansısa qəmli, kədərli, “istedadlı” yazıya, şeirə aşiq olub Məcnun kimi çöllərə düşəndə, həmin tükənmiş həmkarı biçarə aşiqinin boynuna bir zəncir vurub çəkir yanına. Bu zəncirin halqaları “istedadlısan”, “işıqlısan”, “fərqlisən”, “perspektivlisən”, “səmimisən” sözündən ibarət olub, biçarə cavan “aşiqin” nəinki zənciri, həm də yarlığıdır. Ədəbiyyat aləminə kövrək qədəmlərini basan, tərifdən başı gicəllənən binəva məcnunlar bu tərifin təsirindən oxumağı, yazmağı bir kənara atıb, on beş dəqiqəlik ucuz şöhrətin dumanında yollarını itirir, tükənmiş həmkarının itaətkar müridinə çevrilir.

Sağda-solda, saytda-qəzetdə, statusda-tvitdə mürşidini tərifləməklə qalmayan gənc müridlər, mürşidinin bir işarəsi ilə onun “rəqiblərini” bihörmət etməkdən, danlamaqdan, nüfuzdan salmaqdan, “iynələməkdən” çəkinmirlər. Mürid yavaş-yavaş öz müstəqil fikrini mürşidinin “tırkasına” qurban verir, “özü olmaq”dan daha çox mürşidi olur. Bu zavallılar cəhalətin güclü qollarına, tərifin xumarına özlərini təslim edir, manqurtlaşır.

Telekanallarımızda eyni dildən eyni dilə dublyaj: Tapşırıq, yoxsa qisas?

Uğur gəlişiylə adama saysız-hesabsız düşmən qazandırır. Xüsusən uğursuzlar, tükənmişlər var gücü ilə bu uğurların qisasını almağa çalışır.

Mən hikkəsindən uğur qazanmış dostunu nadancasına istedadsız adlandıran, onu aşağılamağa, gözdən salmağa çalışan xeyli tükənmiş şair, yazıçı görmüşəm və tanıyıram. Nə zamansa yazdığı uğurlu bir şerin, hekayənin arxasında gizlənib hamıya yuxarıdan aşağıya baxan çox sayda nadan tanıyıram. Ədəbiyyat adından danışıb, amma heç bir dəyəri vecinə almayan cahillərlə doludur ətrafımız. Bu adamlar öz uğursuzluqlarının qisasını zəhmətkeş, çalışqan və uğur qazanmış həmkarlarından almağa çalışır və bundan əsla vicdan əzabı çəkmir. Belələrinin canı cəhənnəmə, zatən tükəniblər...

Məni incidən biçarə “məcnun”lardır. Zəncirlənmiş, düşüncələri zəhərlənmiş bu binəvaların aqibəti düşünən hər kəs üçün ibrətdir.

Etalonu “istedad”, kumiri uğursuz dahilər olan bu biçarələr özlərindən xəbərsiz qisasın qurbanına çevrilirlər.

…Bir də həyatı boyu heç bir ciddi uğur qazanmayan, işi-gücü büdrəyən, xırdaca bir səhv edən istedadlı insanları güdmək olan bayağı söz dəllalları var. Bu adamların istedadsızlığı təkcə özlərinə zərər verməklə qalmır, çünki belə nacins adamlar əlinə fürsət düşən kimi istedadlı insanları hədəfə alır, onları ələ salmağa, aşağılamağa çalışır. Həyatı boyu başqalarının uğurunu qısqanan bu yarımçıq adamlar, kimlərinsə büdrəməyini, hətta yıxılmağını gözləyirlər ki, ona şəbədə qoşub qisas alsınlar.

Ədəbiyyat aləmində belə alayarımçıq, çiy təfəkkürlü qisasçılar kifayət qədərdir. Bu insanların yeganə təsəllisi kiminsə büdrəməsi, yıxılmasıdır.

Bax, mən bunları şəxsən öz həyatımda görmüşəm, əziz oxucu!

Bu uğursuzların, tükənmişlərin qisasıdır...

Əsas mövzular