16:19 10 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
YAZARLAR
Qısa URL
103 0 0

Koen qardaşlarının çəkdiyi filmlərin bir ortaq özəlliyi var: Onların filmlərini bəyənin, ya da bəyənməyin, mütləq filmin bəhs etdiyi dövrün aurasını yaşayacaqsınız

BAKI, 11 yanvar — Sputnik. Koen qardaşları “Baster Skraqs haqqında ballada”nı (The Ballad of Buster Scruggs) əvvəlcə serial kimi düşünsələr də, sonradan “Netflix” layihəni aldı və serial ideyası film-antalogiyaya çevrildi. Film çəkildi, üstəlik 2018-ci ildə Venesiya Film Festivalında nümayiş olundu və “Ən yaxşı ssenari” mükafatı aldı. Bir sözlə, qara yumorun ustaları olaraq tanınan Koen qardaşları yenidən tamaşaçı qarşısına serialla yox, bədii filmlə çıxdılar. Amma bəri başdan deyim ki, seriala hesablandığı üçün film sanki tamamlanmamış əhvalatlardan, "ətə-qana dolmamış" hekayələrdən ibarətdir.

Koen qardaşlarının çəkdiyi filmlərin bir ortaq özəlliyi var: Onların filmlərini bəyənin, ya da bəyənməyin, mütləq filmin bəhs etdiyi dövrün aurasını yaşayacaqsınız.

Vestern qəlibində, qara yumoru, musiqisi və rejissor işi ilə diqqət çəkən “Baster Skraqs haqqında ballada” filmi 6 müxtəlif əhvalatdan, 6 hissədən ibarətdir.

İlk əhvalat filmə adını verən kovboy, müğənni Baster Skraqsın əhvalatıdır. Baster vəhşi qərbdə qəddarlığı ilə yanaşı gözəl səsi ilə məşhurdur. Qarşısına daha gözəl səsi və silahını daha peşəkar istifadə edən birisi çıxana qədər Baster ən yaxşısıdır... Bu hissənin musiqiləri də maraqlıdır. Filmə musiqili-komediya havası verir. İroniya və qara yumor bu əhvalatı daha da maraqlı edir.

İkinci əhvalat uğursuz və bacarıqsız bir kovboyun hekayəsidir. Çölün ortasındakı bankı soymağı bacarmayan kovboyu uğursuzluq sona qədər izləyir. Koen qardaşlarının “qəhrəman kovboy” hekayələrini ələ salmağı bu hekayədə mənə daha xoş gəldi. Tamaşaçı kavboy üçün qeyri-adi, gözlənilməz aqibət arzu etsə də, onun sonu edam kürsüsüdür. İkinci əhvalatın son səhnəsi çox əladır.

İmam Həsənov: "Sənədli film institutunun bünövrəsini qoyuruq"

Mənə tamaşaçı olaraq ən çox təsir edən üçüncü hissədir. Bu hekayənin qəhrəmanı vəhşi qərbi dolaşıb tamaşalar verən əlsiz-ayaqsız bir gəncdir. Onun yaxın dostu, sayəsində pul qazanan həmkarı bir toyuqla qarşılaşana qədər hər şey yolunda gedir. Hekayə nə qədər qaranlıq və amansız olsa da, bir o qədər maraqlıdır.

Tom Ueytsin qəhrəmanı olduğu dördüncü hekayə xeyli klassik Amerika əhvalatıdır. Qızılaxtaran qoca, sona qədər mübarizəsindən vaz keçmir. Bu bölümün kamera işi hekayə qədər maraqlı və təsirlidir.

Beşinci hekayənin qəhrəmanı olan Elis adlı qız qardaşı ilə bir səfərə çıxır. Gedəcəyi yerdə qardaşının tapdığı adamla evlənməlidir. Amma səfərin əvvəlində hərdəmxəyal qardaşı vəbadan ölür və Elisin həyatı tamamən dəyişir, sonluq faciəvi bitir. Psixoloji qatı və yenə də qara yumoru maraqlıdır.

Sonuncu əhvalat bir arabada baş verir. Müxtəlif millətlərdən olan müxtəlif peşə sahiblərinin səfər etdiyi arabanın üstündə bir cəsəd var. Qəhrəmanların danışdığı qəribə əhvalatlar və həyata baxış bucaqları tamaşaçını mütləq şəkildə düşündürəcək. Üzü görünməyən arabaçı, getdikləri qala və qeyri-adi otel də əhvalata mistik ab-hava qatır.

Koen qardaşlarının Amerika tarixinə bələd olmaları əhvalatlardan bəllidir. Amma məndə elə bir hiss yarandı ki, sanki hekayələr yarımçıqdır, rejissorlar istədiklərini tam olaraq ifadə edə bilməyiblər. Bütün hekayələr eyni dərəcədə yarımçıq və qaranlıq ovqat yaradır. Mənim üçün bu filmin ən maraqlı tərəfi müğənni və bəstəkar kimi tanıdığım Tom Uaytsın aktyorluğu oldu.

Əsas mövzular