CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ləyənlə Aya uçmaq qədər cəfəng bəhanələr: smartfonda sürətli internet gözləməyin

CC0 / rawpixel / internet phoneQadın telefonla maşında, arxiv şəkli
Qadın telefonla maşında, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın internet sarıdan geriliyi, mobil internetin aşağı sürəti ciddi problemdir. Öz-özünə də həll olası deyil

BAKI, 11 noyabr — Sputnik. Cibində smartfon gəzdirən və mobil internetdən yararlanan hər bir Bakı sakini telefonunda bir mənzərəni daim müşahidə etməyə məhkumdur. İnterneti əks etdirən düymədə tez-tez LTE işarəsi ya 3G, ya da E ilə əvəzlənir. Bir ərazidən digərinə keçdikdə sürətli 4G və ya LTE şəbəkəsi itir, yerinə daha köhnə 3G əmələ gəlir. Təbii ki, sürət də azalır. E işarəsi isə internetin yoxluğuna işarədir, çünki bu, daha köhnə protokolun, yəni EDGE ("Enhanced Data rates for GSM Evolution") işə düşdüyünə işarədir, başqa sözlə desək, 2G-nin. Sürət çox aşağı düşür.

Wi-fi işarəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Bu şəhərdə WiFi yasaqdır - yadplanetlilərə görə

Azərbaycan insanı hələ də LTE texnologiyasından əməlli-başlı yararlana bilməyib

Belə internet Bakı üçün adi haldır, telefonun 4G-ni dəstəkləyə bilər, amma bu 100 mb/s internet şəbəkəsi tez-tez itir, yerinə daha köhnə şəbəkələr gəlir. İnternet ya olur, ya yox.

Texnoloji baxımdan inkişaf edən ölkələr artıq 6G mobil rabitə standartının tətbiqi üçün araşdırmalara başlayırlar. 6G-ni inkişaf etdirmək üçün Çində noyabrın 1-dən 37 mütəxəssisdən ibarət qrup yaradılıb.

1-2 mb/s sürətlə işləməyə adət etmiş Azərbaycan insanı hələ də LTE texnologiyasından əməlli-başlı yararlana bilməyib. Ölkənin mobil operatorları yeni şəbəkəni qurmağa o qədər də tələsmir, interneti qırıq-qırıq, azca-azca verirlər. 2G-də sürət 474 kb/s olduğundan 4G onunla müqayisədə 200 dəfə sürətlidir. Yəni qılıncla topu müqayisə etmək deməkdir.

Fərq 40-100 dəfə olur

Amma dünya artıq 5G-nin tətbiqinə başlayıb. Çinin telekommunikasiya şirkətləri bu ilin sonuna qədər təxminən 50 şəhərdə 5G-dən istifadəyə və 2020-ci ildə isə bütün ölkəni əhatə etməyə hazırlaşır. 2019-cu ildə Çində 80 min 5G baza stansiyası istifadəyə verilib və ilin sonuna kimi stansiyaların sayının 130 minə çatdırılması hədəflənir.

SMS yazan adam, arxiv şəkli - Sputnik Azərbaycan
Köhnə model "iPhone"ların internetə çıxışı bağlana bilər

5G-də 10-15 Gbit/s sürət nəzərdə tutulub, yəni LTE texnologiyasından 100-150 dəfə sürətli olmalıdır. Yeni texnologiya avtonom nəqliyyat vasitələrinin idarə olunmasına, yüksək sürətli video-konfrans əlaqələrindən və mobil oyunlardan daha sərbəst istifadə etməyə imkan verəcək.

Azərbaycanda internetin sürəti və qiyməti daim müzakirə mövzusudur. Yəni əgər ölkədə orta hesabla 15 manata 5 mb/s internet əldə etmək olursa, Rusiyanın "Rostelekom" provayderi bu qiymətə 200–500 mb/s internet təqdim edir. Yəni fərq 40-100 dəfə olur. Eyni vəziyyət mobil internetlə də baş verir. Qiymət yüksək, sürət aşağı, şəbəkə ya olur, ya yox.

Ölkədə mobil telefon, planşet və smartfon satışında inhisarlaşma var

Niyə bu vəziyyət davam edir? Mobil internetlə mövcud olan vəziyyətin bir sıra səbəbi var. Azərbaycanda texnologiya, proqram təminatı istehsalı yüksək səviyyədə deyil. Texnoloji yeniliklər və yeni proqramlar adətən xaricdən gəlir. Hər-hansı bir yerli məhsulu yaradıb bazara çıxarmaq haqqında düşünən qurum azdır. Ara-sıra startap layihələr yaradılır, bir müddət sonra da unudulur. Sahəyə marağı olan gənclərin bir çoxu təhsil almaq məqsədilə xaricə üz tutub elə orada işləməyə davam edir.

İnternet üzərində nəzarət üçün abonentlərin üzü skan ediləcək>>

Əhalinin texnoloji biliyi zamanın sürətindən xeyli geridir. Üstəlik, ölkədə mobil telefon, planşet və smartfon satışında inhisarlaşma var. Yəni kimsə kənardan özünə ən müasir smartfon gətirmək istəsə, çətinliyi az olmayacaq. Aparatı rəsmiləşdirmək həm pul tələb edir, həm də zaman. Əgər sabah həmin şəxs bu telefonu satıb özünə başqasını gətizdirmək istəsə, bu halda daha çox vəsait ödəməli olacaq. Daxili bazarda satılan telefonlar isə olduqca baha, həm də bir az geridə qalan modellərdən ibarətdir. Ən son modellər isə xeyli bahadır.

Mobil provayderlər ölkədə olan ümumi internetin sürətinə kökləniblər

Çoxu elə köhnə telefonla başını girləyir, süni yaradılan məhdudiyyətlər isə müasir avadanlığın ölkəyə gətirilməsinin qarşısını alır. Mağazalarda yüzlərlə 4G-ni dəstəkləməyən model satılırsa, mobil provayder niyə yeni şəbəkə qurmağa can atmalıdır?

Digər tərəfdən, yerli mobil operatorların şəbəkə siyasəti gün kimi aydındır. Köhnə şəbəkəni mümkün qədər sona kimi istifadə etmək, yeniliyə can atmamaq. Gəlir harada varsa, oradan əldə etmək. Rəqabət mühiti zəif olduğundan müştəri uğrunda mübarizə aparmağa da ehtiyac yoxdur. Əlbəttə, mobil provayderlər bazarın yeni texnologiyanı qəbul etmək imkanını araşdırırlar. Kim nəyə qadirdir, gözəl bilirlər. Əgər müştərinin işi "YouTube"dan video izləməkdirsə, elə bunun üçün ən sadə telefon və 3G də kifayət edər.

Школьники с планшетами, фото из архива - Sputnik Azərbaycan
İnternetin qiyməti bahalaşa bilər

Hər hansı bir xarici provayder bazarda yoxdur. Yəni 10 manata 200 mb/s sürət və 100 giqabayt internet təklif etsin deyə.

Azərbaycanın internet sarıdan geriliyi, mobil internetin aşağı sürəti ciddi problemdir. Öz-özünə də həll olası deyil. İlk növbədə mobil provayderlər ölkədə olan ümumi internetin sürətinə kökləniblər. Yəni evlərdə orta hesabla 5 mb/s sürətli internet varsa, nə səbəbdən mobil şəbəkədə 50 və ya 100 mb/s olmalıdır? Bazarın ümumi vəziyyəti necədirsə, mobil internetin də vəziyyəti eynilə buna bənzərdir.

Yerli şirkətlər bazarda bahalığı, zəif interneti, köhnəlmiş texnologiyanı dəstəkləyir

Azərbaycanda fiber-optik şəbəkənin tam olaraq paylaşdırılması bitməli, ölkəyə köhnəlmiş texnologiyanın gətirilməsi və satışına məhdudiyyət qoyulmalıdır. Həmçinin fərdlərin şəxsi istifadə üçün gətirmək istədiyi texnikaya qoyulan maneələr aradan qalxmalıdır. İnhisarçı satış qurumlarının bazarda diktə etdiyi qiymət siyasətinə qarşı qərarlar qəbul olunmalıdır. Bahaçılıq, texnoloji gerilik, köhnə avadanlıq ölkəyə nə verir axı?

Dünyanın aparıcı ölkələri qabaqcıl texnologiya tətbiq etməklə məşğul olduğu zaman bizim yerli şirkətlər bazarda bahalığı, zəif interneti, köhnəlmiş texnologiyanı dəstəkləyirlər.

İnternet bazarına səviyyəli iri internet provayderinin müdaxiləsi kimi ekstremal tədbir lazımdır. Həm interneti bol olsun, həm də qiyməti cüzi.

Bol internet isə yeni imkanlar deməkdir. Regionların da inkişafına dəstək ola bilən prosesdir.

Xəbər lenti
0