12:21 18 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Azərbaycan manatı və kalkulyator, arxiv şəkli

Azərbaycanda bir ilk: Tilsim sındı

© Sputnik / Murad Orujov
YAZARLAR
Qısa URL
848 0 0

Bu məmləkətdə səndən xahiş edirlər ki, "zəhmət olmasa, filan ünvana yaxınlaşın, cibinizə pul qoyaq"

Sözün bütün mənalarında Azərbaycanda bir ilk yaşandı. Almağa deyil, verməyə öyrəşmiş vətəndaş rəsmi qurumlar tərəfindən daim harasa çağırılırsa, ya cərimə ödəyir, ya kredit, ya da qanuni-qanunsuz digər ödəmələri.

Və günlərin bir günü kütləvi SMS-lər gəlməyə başlayır ki, "gəlin, sizə pul verək". Təsəvvür edirsiniz də. Bu məmləkətdə səndən xahiş edirlər ki, "zəhmət olmasa, filan ünvana yaxınlaşın, cibinizə pul qoyaq".

10 min dollaradək olan kreditlər üzrə geri ödənən kompensasiyaları nəzərdə tuturam. Təbii, bəziləri haqlı olaraq minnət qoyurlar ki, "öz pulumuzdur da, indi özümüzə qaytarırlar".

Bəli, öz pulumuzdur, amma "ölmüş" və əlimizi üzdüyümüz pulumuz. İndiyədək heç ölünün dirildiyini görən olubmu? Və ya öz pulumuzu bu dəfə də özümüzə qaytarmasaydılar, ölünün dalınca nə qədər ağlayacaqdıq? Gözümüzün yaşı quruyanadək və sonra keçənə güzəşt deyib yeni pullar qazanmağa başlayacaqdıq.

Ki, belə də etməyə başlamışdıq. Lakin gözləmədiyimiz məqamda dövlət başçısı 10 min dollaradək həcmdə xarici valyutalarda götürülmüş, sonradan devalvasiya nəticəsində üzərinə əlavə yük yüklənmiş kreditlərin zərər hissəsinin (vətəndaşın əvvəlcədən nəzərdə tutulmuş məbləğdən artıq ödədiyi) dövlət tərəfindən qarşılanması barədə qərar verdi.

Və ardınca vətəndaşlar nəzakətlə bank filiallarına dəvət edildi. Onların qarşısında bütün sənədlər hazır idi və imzalayıb kompensasiyalarını almaq qalırdı. Onlar çaşqınlıq içərisindəydilər, ilk dəfəydi ki, belə bir mənzərə ilə üzləşirdilər.

Əvvəl hər şey yuxu kimi gəldi, sonra reallığa çevrildi və inanmağa başladıq. Həqiqətən də bizi kommunal ödənişlərimizi, DYP cərimələrimizi, üzərinə dəbbə gələn vergi borclarımızı, gömrük rüsumlarını, kredit üzrə ödənişləri və s. ödəmək (ödətdirilmək) üçün "divana" çağırmamışdılar. Xidmətimizdə dayana-dayana, üzrxahlıq edə-edə artıq ödədiyimiz pulları geri qaytarırdılar. Həm də minnətsiz-sünnətsiz.

Göründüyü kimi, üzümüzə tam yeni pəncərələr açıldı. Əvvəllər vəd verilmiş, elə vəd olaraq da qalmış "utopik" arzulara açılan pəncərədən deyildi bu pəncərə. Əksinə, arxasındakı həqiqətin ortaya çıxdığı, çəkinə-çəkinə cəftəsinə əl uzadıb, açıldıqdan sonra gördüklərimizə inanmadığımız bir dünya göstərdi bu pəncərə.

Həm də inandırdı. İnandırdı ki, belə ola bilərmiş. Belə işlər də varmış. Sabaha ümidlərimiz yarandı. Daha başqa arzularımızın da həyata keçəcəyinə dair ümidlər. Artıq tilsimin sındığını düşünmək olar. Ardının gəlməsi diləyi ilə...

Əsas mövzular