BAKI, 1 aprel — Sputnik. ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) qeyri-adi iş təklifi ilə diqqət mərkəzinə gəlib. Belə ki, təşkilat 2 ay ərzində, yalnız yataq vəziyyətində qalmaq üçün külli miqdarda pul verəcəyini vəd edir.
Yayılan məlumatda qeyd olunur ki, bu müddət ərzində yataq vəziyyətində qalacaq şəxslər, eyni zamanda televiziya da izləməlidirlər. NASA bunun üçün 19 min dollar pul mükafatı vəd edir. Vakansiya 14 nəfər üçün nəzərdə tutulub.
Bu NASA-nın diqqətini yönəltmək lazımdır biz tərəfə. Amerikada çətin ki, o təklifi qəbul edəcək 14 nəfər tənbəl tapıla. Amma yönəlsin bu tərəfə, deyil 14 nəfər, azı 140 min nəfər adam çıxaraq qabağına. Həm də iki ay yox e, ölənə qədər yerlərindən qalxmasınlar, təki pul gəlsin.
Sinov getmirik havayı pul qazanmaq, yeyib-yatmaq, yerimizdən tərpənmədən rahat loxma udmaq üçün? Vəssalam da! NASA-nın istədiyi iki göz, daha doğrusu gününü yataqda və televizor qabağında keçirən adam tapmaqdırsa, bizdən uyğununu tapa bilməz.
Gəlin, bir az da özümüzü tənqid edək, əyrilərimizi, eyiblərimizi dilə gətirək. İşsiz-pulsuz qalmağımızın səbəbkarı həm də özümüz deyilik? Gül kimi rayonlarımızı atıb paytaxta axın edirik, nədi-nədi 5-10 manat günəmuzd qazanıb, axşama özümüzü gecə klublarına çatdıra bilək.
Bəli, rayonlarda iş yeri tapmaq asan deyil. Amma istəsək, iş yerlərini elə özümüz yarada bilərik, öz ağamız, öz nökərimiz ola bilərik. Hektarlarla əkin sahələrinı, meyvə bağlarını, potensial fermer təsərrüfatlarını arxamızda buraxıb, şəhərin cansıxıcı küçələrində dolaşmasaq, 3 gün o tikinti briqadasında, 5 gün bu kafenin bulaşıq masaları arasında qəpik-quruş üçün ömür sürməsək, edə bilərik!
Və etmirik. Bilirsiniz niyə? Çünki təsərrüfat yaratmaq üçün az yatıb, çox çalışmaq lazımdır, canını dişinə tutmaq lazımdır, əyləncələrə, çayxanalara, meyxanalara daha az zaman ayırmaq lazımdır.
Görürük axı, qonşumuz Arif kişinin halını. Noolsun yaxşı pulu var, "zato" gecəsi-gündüzü yoxdur. Səhərdən-axşama el-el, oba-oba gəzir, arıq-sısqa mal-heyvanları ucuz qiymətə alır, gətirib bəsləyir-bordayır, minbir əziyyət çəkir, sonra da aparıb baha qiymətə satır. Belə də güzəran olar?
Ya da kəndin aşağısında Quliyev qardaşlarını götürək. Yazıqlar 30 baş inəyin, 200 baş qoyunun, 20 hektar üzüm bağının arasında itib-batıblar. Ailəlikcə tarlalarda, mal-heyvan tövlələrində tər tökürlər ki, 5-10(000…) manat pul qazansınlar.
Biz isə bu əziyyətə niyə qatlaşaq ki?! Yuxumuza niyə haram qataq, şirin canımıza niyə qəsd edək, tinlərdə, dalanlarda çöməlib siqaret tüstülədən yoldaşlarımızın bizim əvəzimizə asudə vaxt keçirmələrinə niyə şərait yaradaq?!
Gedib Gədəbəydə kartof alası vurmaqdansa, Zaqatalada mal tövləsini kürüyüb, inək sağmaqdansa, Şəmkirdə pomidor istixanalarında barmaqlarımızı qabar etməkdənsə, Lənkəranda limonun saralmasını gözləyə-gözləyə çəltik suvarmaqdansa, elə hazır Yasamalın "13-cü xriptovu"sunda 5 nəfərin kirayə qaldığı 1 otaqlı, ümumi hamam-tualetli daxmada lətifədən danışıb, şaqqanaq çəkib gülürük də.
Gülürük… Bəli, gülürük. Ağlamalı halımıza gülürük. "Kruqa" buraxdığımız bir ədəd siqaretin tüstüsü altında gülürük. Kirayə pulunun vaxtı çatarkən, 5 kişiyə 100 manat düzəldə bilmədiyimizə görə ev sahibinin üzümüzdəki tüpürcəyini silə-silə gülürük.
Eyyy NASA, bizə bir nəzər eylə, uduzmazsan. Hələ bəlkə ştatların sayını artırası oldun…