BAKI, 18 oktyabr - Sputnik. Azərbaycanın Müstəqilliyinin Bərpası günü Azərbaycan tarixinin ən mühüm günlərindən biridir və hər il 18 oktyabrda qeyd edilir.
XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etdi.
Azərbaycan Respublikası Ali Sovetinin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında 1991-ci il avqustun 30-da "Azərbaycan Respublikasının Dövlət müstəqilliyini bərpa etmək haqqında" bəyannamə qəbul edildi. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası isə 4 gün müzakirə apardı. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd — Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi.
Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verdi, yerdə qalanlar ya sessiyaya qatılmadı, ya da onun əleyhinə səs verdilər.
Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.
1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarıldı və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verdi.
Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edildi.
Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə “Müstəqillik Günü haqqında” yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib.
Qanunun təsdiqlənməsi ilə 28 May - Respublika Gününün və 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilib. Belə ki, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.
Həmin günlər isə hər il bayram kimi qeyd olunacaq. Bununla da Azərbaycanda Müstəqillik Günü qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü isə iş günü olan bayram sayılacaq.
Həmçinin oxuyun:
Prezident İlham Əliyev “Müstəqillik Günü haqqında” qanunu təsdiq edib
Respublika Gününün Müstəqillik Günü adlandırılmasının əsasında nə dayanır?
Parlamentarilər "Müstəqillik Günü haqda" müzakirələri bitirə bilmirlər