SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ceyhun Bayramov Rusiya ilə Ukraynanı dialoqa çağırıb

Nazir bildirib ki, Azərbaycan xüsusilə mülki əhali arasında ciddi itkilərə səbəb olan bu böhrandan dərin təəssüf hissi keçirir.
Sputnik
BAKI, 2 mart — Sputnik. Bizim müzakirələrimiz Ukraynada və onun ətrafında vəziyyətin ciddi şəkildə pisləşməsi fonunda, beynəlxalq münasibətlərdə gərginliyin artdığı zamanda keçirilir.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının 49-cu Sessiyasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, Azərbaycan xüsusilə mülki əhali arasında ciddi itkilərə səbəb olan bu böhrandan dərin təəssüf hissi keçirir.
"Mülki insanların həyatı, mülki infrastruktur qorunmalı və insan hüquqlarına hər zaman hörmət edilməlidir. Orada yaranmaqda olan humanitar böhran mövcud vəziyyətin mülki əhaliyə təsirini azaltmaq üçün məqsədəuyğun tədbirlər tələb edir.
Bu anlayışdan çıxış edərək Azərbaycan artıq ikitərəfli əsasda Ukrayna xalqına dərman, tibbi avadanlıq və digər ilkin ehtiyac olan humanitar yardım göndərib.
Bu kritik zamanda Azərbaycan vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün təxirə salınmadan dialoqa çağırışını təkrarlayır və tərəflər arasında birbaşa danışıqların aparılmasının zəruriliyini vurğulayır", - XİN başçısı qeyd edib.
Ukraynada nə baş verir
Fevralın 24-ü Rusiya prezidenti Vladimir Putin Ukraynanın demilitarizasiyası üçün xüsusi hərbi əməliyyat keçirməyə qərar verdiyini açıqlayıb.
Televiziya ilə rusiyalılara müraciətində o, bildirib ki, yaranmış vəziyyət "bizdən qəti və dərhal hərəkətə keçməyi tələb edir, "Donbas xalq respublikaları" yardım xahişi ilə Rusiyaya üz tutub".
Ukraynanın paytaxtı Kiyevdə komendant saatı, eləcə də hava hücumu barədə xəbərdarlıq elan edilib. Hava hücumu barədə xəbərdarlıq həmçinin Lvovda elan olunub. Paytaxt Kiyevi tərk edən xarici səfirliklərin xeyli hissəsi məhz bu şəhərə köçüb.
Azərbaycan vətəndaşları gündəlik aviareyslərlə Ukraynadan təxliyə olunacaq
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə "Azərbaycan Hava Yolları" QSC (AZAL) aviaşirkəti Ukraynadakı hadisələrlə əlaqədar Vətənə qayıtmaq arzusunda olan həmvətənlərin daşınması üçün hər gün təxliyə reyslərini yerinə yetirəcək.
AZAL-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, Azərbaycan vətəndaşlarının təxliyə reysləri ilə daşınması ödənişsiz həyata keçirilir.
Martın 1-də AZAL artıq təxliyə reysi yerinə yetirib və 176 nəfər Azərbaycan vətəndaşı Vətənə qayıdıb.
Ukraynadan qonşu dövlətlərə köçmüş soydaşlarımızın təxliyəsi üçün Azərbaycan tərəfindən əlavə olaraq digər çarter reysləri də təşkil edilir. Belə ki, bu reyslərlə fevralın 28-də və martın 2-də 336 nəfər Azərbaycan vətəndaşı Bakıya çatdırılıb.
Ukraynanı tərk edən Azərbaycan vətəndaşları Vətənə qayıtmaq üçün Azərbaycanın xaricdəki diplomatik missiyaları ilə əlaqə saxlaya bilərlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Həmçinin oxuyun:
Lavrov: "Ukrayna qəsdən danışıqların vaxtını uzadır"
Avropa Rusiya ilə dialoqa qayıtmalı olacaq
KİV Ukraynanın Rusiyadan tələblərini açıqlayıb
Makron Putin və Zelenski ilə danışıqlar aparıb
Avropa İttifaqı Ukraynaya döyüş təyyarələri verəcək
G7 Ukraynaya silah təchizatı və Rusiyaya qarşı sanksiyaları gücləndirmək qərarına gəlib