BAKI, 15 fevral — Sputnik. Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi ilə Bakıda 7, regionlarda 48 məktəb və məktəbdənkənar təhsil müəssisəsində təmir-tikinti işləri aparılır.
Bu barədə Nazirlikdən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq deyilib. Qeyd olunur ki, Cəbrayıl, Ağdam və Şuşada yerləşən məktəb və məktəbdənkənar təhsil müəssisələrində də təmir-tikinti işləri görülür.
Ötən ilin sonunda 69 təhsil müəssisəsi, o cümlədən 37 məktəb, 1 peşə liseyi və 31 modul tipli məktəb təhvil verilib ki, onlardan 29-u yeni tikilib, 8-i əsaslı təmir olunmuş məktəb olub.
Təmirsiz məktəblərdə faciələr yaşanır
Bununla belə, ölkədə təmirsiz məktəb problemi hələ də həllini tapmayıb. Bir müddət öncə Ağsuda Soltan Umbayev adına 2 saylı orta məktəbdə bədbəxt hadisənin baş verməsi təmirsiz məktəb problemini yenidən qabartdı. Orada 24 yaşlı Xəyal Şərifov sıradan çıxmış sayğacı dəyişdirərkən elektrik cərəyanının vurması nəticəsində dünyasını dəyişdı.
Hadisə ilə bağlı yayılan foto və videokadrlar həmin təhsil ocağında vəziyyətin əslində düşündüyümüzdən də acınacaqlı olduğunu göstərdi.
Valideynlər arasında keçirdiyimiz sorğu nəticəsində məlum oldu ki, Qax rayonu, Qaratala kənd tam orta məktəbi, Cəlilabad rayonunun Moranlı kənd orta məktəbi, Laçın rayonunun Minkənd kənd orta məktəbi (Ceyranbatan qəsəbəsində, yataqxananın altında yerləşir) müəllim və şagirdlərin həyatı üçün təhlükə yaradır.
Müəllim kəndə çata bilmir, çantadan isə ilan çıxır
İsmayıllı rayonunun Qoydan kənd orta məktəbi də təmir olunmayıb. Orada yalnız 4 şagird təhsil alır. Bununla bağlı Zülfiyyə Səfərli adlı "Facebook" istifadəçisi məlumat paylaşıb. O qeyd edib ki, 12 evin olduğu kəndin 1 otaqdan ibarət ibtidai məktəbi var. Şagirdlər 4 illik məktəbi bitirəndən sonra təhsili davam etdirmək üçün qonşu kəndlərə üz tutacaqlar.
Qoydan kəndi məşhur turizm yollarının üzərində yerləşşə də, asfalt magistraldan kəndə ayrılan yol torpaqdır. Yaxındakı çayın kiçik qolu yağışlı-qarlı fəsillərdə müəllimlərin həmin kəndə gəlməyini çətinləşdirir. Yalnız bir müəllim rayondan kəndə gedib-gəlir. Kəndə gedən yol elə uzun deyil, 2-3 km-dir, kəndin yolunun düzəldilməsinə, normal orta məktəb imkanlarının yaradılmasına ciddi ehtiyac var.
Ağdam rayonunda təhsil alan məktəblinin çantasından isə ilan çıxıb. Valideyninin sözlərinə görə, xoşbəxtlikdən, uşaq evə gələndə anası çantasını açarkən ilanın olduğunu görüb.
Ağsuda Soltan Umbayev adına 2 saylı orta məktəbdə
© Photo : Courtesy of Nigar Iskanderova
Rəsmilər nə deyirlər?
Soltan Umbayev adına 2 saylı orta məktəbin direktoru Ramin Mahmudov Sputnik Azərbaycan-a açıqlamasında deyir ki, məktəb istismara verildiyi 1983-cü ildən bəri əsaslı təmir olunmayıb: "Cari təmirlər olub, lakin əsaslı təmir olmayıb. 2023-cü ilədək məktəbin yenidən tikilməsi nəzərdə tutulub. Bununla bağlı müraciətlər olub”.
O deyir ki, ötən il məktəbin müəyyən hissəsində qəzalı vəziyyət yaranıb, hazırda o hissə istismar olunmur: “Həmin qəzalı hissənin sökülüb təzədən tikilməsi nəzərdə tutulur. Təmirə gəldikdə, məktəbin təmir olunması bizdən asılı deyil. Ötən il rayonumuzda 4 nömrəli, bu il 5 nömrəli orta məktəb təmir olunub. Yəqin ki, növbəsi çatanda bizim məktəbimiz təmir olunacaq. İstəyərdik ki, məktəbimiz tezliklə təmir olunsun".
Məktəbin "Facebook" səhifəsindəki şəkillərdən burada istilik sisteminin olmadığı, yaxud məktəbin isidilməsində problemin olduğu qənaətinə gəlmək olar.
Lakin direktor deyir ki, məktəbin istilik sistemi var: "Məktəb mərkəzləşdirilmiş istilik sistemi ilə təmin olunub. Sadəcə olaraq məktəbin qapı-pəncərələri 40 ildir ki, istismar olunur. Nəticədə çöldən axın edən hava kütləsinin tam olaraq qarşısı alınmır. Bacardığımız qədər çalışırıq ki, siniflər istiliklə təmin olunsun".
Məktəb direktoru bildirir ki, məktəbdə 600-dək şagird təhsil alır, müəllimlərin sayı 46-dır:
"Ötən il məktəbin 32 məzunu olub. Ümumiyyətlə, 9-cu sinfi bitirdikdən sonra şagirdlərin bəziləri peşə, orta-ixtisas məktəblərinə yönəlir, bəziləri təhsildən yayınırlar. Ona görə 11-ci sinifdə şagird sayı azalır. Həm də şagirdlərin əksəriyyəti kənd zonasından gəldiyi üçün həmin yerlərdə təsərrüfat işlərinə meyl çox olur. Valideynlərlə danışanda şagirdlərin təhsilinin üstün tutulmasının vacibliyini qeyd edirik”.
Məktəbin hazırda iki 11-ci sinfi var - birində 18, digərində 23 şagird təhsil alır.
Həmsöhbətimiz deyir ki, 2017-ci ilin dekabrında, direktor təyin olunduğu müddətdən ali məktəblərə qəbul səviyyəsində dinamika getdikcə artıb: "Ötən il 10 məzunumuz ali məktəbə qəbul olub”.
Qeyd edək ki, adı çəkilən təmirsiz məktəb şəhərin mərkəzində yerləşir, o, şəhərdəki beş məktəbdən biridir.
Cəlilabad rayonu Təhsil Şöbəsindən Sputnik Azərbaycan-a bildirilib ki, Moranlı məktəbinin qəzalı vəziyyətdə olması haqda Təhsil Nazirliyinə məlumat verilib: "Məktəbin yeni bina ilə əvəz olunması üçün məktub yollamışıq. Məsələyə baxılır, yəqin ki, problem qısa müddətdə həllini tapacaq".
Şöbədən vurğuladılar ki, köhnə məktəblər odun sobaları ilə qızdırılır, yeni tikilmiş məktəblər müasir istilik avadanlıqları ilə təmin olunub. Moranlı məktəbi odun sobası ilə qızdırılır: "Məktəbin binası köhnədir, amma qapı-pəncərəsi təzədir, damı uçmayıb. Binanın köhnə olması tamamilə doğrudur, lakin damı, qapısının olmaması yalan məlumatdır. Məktəbdə davamiyyət normaldır”.
Ağsuda Soltan Umbayev adına 2 saylı orta məktəbdə
© Photo : Courtesy of Nigar Iskanderova
Burada hazırda 12 nəfəri məktəbəqədər olmaqla ümumilikdə 110 nəfər təhsil alır. Şöbədən verilən məlumatda qeyd olunur ki, cari dövrdə rayonda 5 məktəb tikilir. Ümumilikdə, son üç ildə rayonda 30-a yaxın məktəb tikilib. Rayondakı məktəblərin sayı 126-dır.
Qeyd edək ki, Moranlı məktəbi 1988-ci ildə taxta konstruksiyalardan tikilib.
Bəzi məktəblərdə 30-40 ildə heç mıx belə vurulmayıb
Məktəblərin təmiri ilə bağlı təhsil eksperti Nadir İsrafilov Sputnik Azərbaycan-a açıqlamasında deyir ki, təhsillə bağlı bu məsələlər də şübhəsiz ki, birdən-birə həll oluna bilməz: “Şəhərin mərkəzində elə elit məktəblər var ki, 2-3 ildən bir təmir olunur. Lakin ucqar yerlərdə 30-40 ildə məktəblərə heç mıx belə vurulmur”.
O deyir ki, 4500 məktəbi birdən-birə təmir etmək mümkün deyil:
“Elə məktəblərimiz var ki, orada kompüter, digər texniki avadanlıqlar məktəbin anbarında toz basır, lakin eləsi də var ki, orada surətçıxaran aparat belə yoxdur. Məktəblərdə qiymətləndirmələr keçirilir, bunun üçün bütün məktəblərin müvafiq texniki avadanlıqları olmalıdır".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Eləcə də oxuyun: