İlham Mustafayev, Sputnik Azərbaycan
BAKI, 28 sentyabr — Sputnik. Yeni dərs ili başlasa da Tovuz rayonu Aşağı Öysüzlü kəndinin sakinləri övladlarını məktəbə göndərməyə tərəddüd edirlər. Bir çox yerlərdə bu, pandemiya ilə əlaqədar olsa da öysüzlülərin başqa səbəbləri var. Belə ki, onlar övladlarının hər an uçmaq təhlükəsi olan məktəbdə uçqun altda qalmalarını istəmirlər.
Sputnik Azərbaycan-a danışan sakinlər 1 mərtəbəli 3 korpuslu məktəb binasından ikisinin yaşının 100 ildən artıq olduğunu söyləyiblər. Belə ki, hər biri 5 sinif otağından ibarət bu tikililər ötən əsrin əvvəllərində yerli bəylərin at tövləsi məqsədilə inşa olunub. Sovet hakimiyyəti dövründə öncə uşaq evi, 1948-ci ildən isə məktəb kimi fəaliyyət göstərib. Digər korpus isə 1972-ci ildə tikilməsinə baxmayaraq indiyədək təmir olunmayıb. Nəticədə sinif otagının divarlarında yaranan iri çatlar, tavanı əvəz edən beton plitələrin deformasiyaya uğraması, taxta dözəmənin yararsız halı həm şagirdlər, həm müəllimlər üçün ciddi təhlükə yaradır.
Kənd sakini Ziyəddin Hüseynov bir vaxtlar rayonun ən çox bal toplayan şagirdlərinin bu məktəbdən çıxdığını, lakin hazırda o şöhrətdən çox uzaq olduğunu söyləyib:
“Heç kim burada övladını oxutmaq istəməz. Uşaqlarımızın həyatı hər an təhlükə qarşısındadır. Divarların çatına əl girir. Üstünün beton plitələri aralanıb. Yağış birbaşa sinif otaqlarına yağır. Döşəmənin arasından hər cür həşərat çıxır. Bu da uşaqların həyatına ciddi təhlükə yaradır. Kimin imkanı var, maşını var, övladını rayon mərkəzinə, yaxud qonşu kəndə aparır. 1-2 il bu vəziyyətdə qalsa, məktəbdə bir nəfər belə şagird qalmayacaq”.
O, dəfələrlə kənd sakinlərinin aidiyyatı qurumlara məktublar ünvanladıqlarını, cavab kimi isə yalnız təsəlli aldıqlarını bildirib.
Digər sakin Minə Əliyeva isə övladlarını məktəbə qorxa qorxa göndərdiklərini söyləyib.
“Məktəb günü-gündən dağılır. Beş nəvəm oxuyur. Qorxa-qorxa göndərirəm. Sinif otaqlarından siçovul, ilan çıxır. Hər an əlimiz ürəyimizdə qalır ki, nəsə baş verər. İstəyimiz odur ki, məktəbimiz təzələnsin. Biz də ürəklə uşaqlarımızı məktəbə yola salaq”,- deyə istəyini dilə gətirib.
Məktəb rəhbərliyi də sakinlərlə həmfikirdir. Direktor Rahilə Həsənova hər il şagird sayının azaldığını, məktəb nəticələrinin aşağı düşdüyünü vurğulayıb:
“Məktəbimiz ənənəsi olan, ən qabaqcıl təhsil ocaqlarından olub. Lakin qəzalı olduğundan ildən-ilə şagird sayı azalır. Valideynlər övladlarını bu məktəbə qoymağa ehtiyat edirlər. Bu il iyul döyüşlərində məktəb yaxınlığına iki top mərmisinin düşməsi isə vəziyyəti daha da acınacaqlı edib. Əvvəlki çatları daha da böyüdüb, eyni zamanda yeni çatlar əmələ gəlib”.