DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Putin: Evə qayıtmaq lazımdır. Biz öz tapşırığımızı yerinə yetirdik

KTMT sülhməramlı kontingentinin komandanı deyib ki, Qazaxıstanda sülhməramlı əməliyyat uğurla başa çatıb, kontingentə verilən bütün tapşırıqlar yerinə yetirilib.
Sputnik
BAKI, 13 yanvar — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) hərbi kontingenti Qazaxıstanda tapşırığını yerinə yetirdi, ona görə indi evə qayıtmaq lazımdır.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşdə bildirib:
“Sülhməramlılar bizim yaxın tərəfdaşımız, müttəfiqimiz Qazaxıstanda vəziyyətin sabitləşməsində mühüm rol oynadılar. Bu, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin qiymətləndirilməsidir”, - deyə Putin qeyd edib.
***
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələri tez bir zamanda vətəndaşların təhlükəsizliyini təmin edə və Qazaxıstandakı strateji obyektlərin fəaliyyətinə zəmanət verə bilib.
Bu barədə Qazaxıstandakı KTMT sülhməramlı kontingentinin komandanı general-polkovnik Andrey Serdyukov bildirib.
O, qeyd edib ki, sülhməramlılar qısa müddət ərzində vətəndaşların təhlükəsizliyini qoruya, vəziyyətin sabitləşməsinə yardım göstərə, strateji obyektlərin fasiləsiz fəaliyyətini təmin edə biliblər.
A.Serdyukovun sözlərinə görə, Qazaxıstanda sülhməramlı əməliyyat uğurla başa çatıb, kontingentə verilən bütün tapşırıqlar yerinə yetirilib.
“Hərbçilərimiz çiyin-çiyinə qardaş qazax xalqını müdafiə edərək cinayətkar və terrorçu qrupların Qazaxıstanın konstitusiya quruluşuna və bütövlüyünə qəsd etmələrinə imkan vermədilər”, - KTMT qüvvələrinin komandanı bildirib.
Komandan həmçinin çoxmillətli sülhməramlı kontingentin həyatının və məişətinin təmin edilməsi məsələlərinin həllində göstərdiyi köməyə görə Qazaxıstan Müdafiə Nazirliyinin rəhbərliyinə xüsusi təşəkkür edib.
***
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlıları artıq mühafizə olunan obyektləri Qazaxıstanın hüquq-mühafizə orqanlarına təhvil verməyə başlayıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, KTMT kontingenti hərbçiləri qayıtmaq üçün texnikanı təyyarəyə yükləmək üçün hazırlayırlar.
Qeyd edək ki, KTMT sülhməramlılarının Qazaxıstandan çıxarılması bu gün başlamalıdır. Yanvarın ilk günlərində qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib.
Prezident Kasım-Jomart Tokayev yanvarın 5-də ölkədə kütləvi etirazlarla əlaqədar olaraq iki gün ərzində ikinci dəfə əhaliyə müraciət edib.
Tokayev bildirib ki, Qazaxıstan Təhlükəsizlik Şurasına bundan sonra özü başçılıq edəcək. Bununla da 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.
Dövlət başçısı vurğulayıb ki, paytaxtda, xalqın yanında qalacaq. Həmin günün axşamı isə KTMT-dən yardım istəyib. Onun müraciəti müsbət cavablandırılıb və KTMT sülhməramlıları Qazaxıstana göndərilib.
BMT-nin məlumatına görə, iğtişaşlar zamanı minə yaxın insan yaralanıb. DİN 18 güc strukturu əməkdaşının həlak olduğunu, ümumilikdə 4 mindən çox şəxsin saxlanıldığını bildirib.
Həmçinin oxuyun:
* KTMT sülhməramlı kontingenti Qazaxıstandan necə çıxarılacaq?
* ABŞ-ın Qazaxıstandan tələbi - jandarm iş başındadır
* Tokayev KTMT missiyasının Qazaxıstandan çıxacağı vaxtı açıqladı
* KTMT iclasında gözlənilməz təklif - Əfqanıstan ətrafında təhlükəsizlik kəməri yaradaq