BAKI, 9 yanvar - Sputnik. ABŞ Qazaxıstandan hakimiyyət orqanlarının ölkədə vəziyyəti sabitləşdirmək üçün KTMT-dən kömək istəmək qərarına aydınlıq gətirməsini xahiş edir. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken bazar günü deyib.
“Nə üçün Rusiyanın başbilən olduğu quruma üz tutmağa məcbur olmaları ilə bağlı real suallarımız var və bu məsələyə aydınlıq gətirilməsini xahiş edirik. Amma indi ən vacib olan odur ki, hər şey sülh yolu ilə və səsinin eşidilməsini istəyənlərin hüquqlarına hörmətlə həll olunsun”, - deyə Blinken CNN-ə müsahibəsində vurğulayıb.
O, həmçinin Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin silahı yerə qoymayanları öldürmək üçün atəş açmaq əmrini pisləyib:
"Mən bu bəyanatı pisləyirəm. Əgər bu, milli siyasətdirsə, mən bu siyasəti pisləyirəm", - diplomat bildirib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin də daxil olmaqla, beş dövlətin rəhbərliyinin iştirakı ilə KTMT Şurasının iclası Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin müraciəti əsasında çağırılıb. KTMT Şurasının yanvarın 10-na təyin edilmiş fövqəladə sessiyasının yekunlarına əsasən hər hansı sənədin qəbulu hazırda planlaşdırılmır.
Gündəlikdə bir məsələ var - “Qazaxıstan Respublikasında vəziyyət və onun normallaşdırılması tədbirləri haqqında”. İclas videokonfrans vasitəsilə Ermənistanın sədrliyi ilə keçiriləcək.
Xatırladaq ki, qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib.
Kasım-Jomart Tokayev yanvarın 5-də ölkədə kütləvi etirazlarla əlaqədar olaraq iki gün ərzində ikinci dəfə əhaliyə müraciət edib.
Tokayev bildirib ki, yanvarın 5-dən Qazaxıstan Təhlükəsizlik Şurasına özü başçılıq edəcək. Bununla da 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.
Tokayev vurğulayıb ki, paytaxtda, xalqın yanında qalacaq. Həmin günün axşamı isə KTMT-dən yardım istəyib. Onun müraciəti müsbət cavablandırılıb və KTMT sülhməramlıları Qazaxıstana göndərilib.
Həmçinin oxuyun: