BAKI, 8 yanvar - Sputnik. Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev səssizliyini pozub. Təhlükəsizlik Şurasının sabiq sədri Nazarbayev əhalini hazırkı prezident Kasım-Jomart Tokayevin ətrafında birləşməyə çağırıb.
Bu barədə Nazarbayevin mətbuat katibi bildirib. Onun sözlərinə görə, Nazarbayev hazırda Nur-Sultandadır.
"Xahiş edirik, yalan, spekulyasiya xarakterli məlumatlar yaymayın. Yelbası bir sıra məşvərət xarakterli görüşlər keçirir və Kasım-Jomart Tokayevlə birbaşa əlaqədədir", - mətbuat katibinin Twitter-dəki səhifəsində yazılıb.
Qeyd edək ki, qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu barədə fərman imzalayıb.
Həmçinin o, yanvarın 5-də ölkədə kütləvi etirazlarla əlaqədar olaraq iki gün ərzində ikinci dəfə əhaliyə müraciət edib.
Tokayev bildirib ki, bu gündən (yanvarın 5-dən - red.) Qazaxıstan Təhlükəsizlik Şurasına özü başçılıq edəcək. Bununla da 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.
Prezident vurğulayıb ki, Qazaxıstan paytaxtında, xalqın yanında qalacaq. Həmin günün axşamı isə KTMT-dən yardım istəyib. Onun müraciəti müsbət cavablandırılıb və KTMT sülhməramlıları Qazaxıstana göndərilib.
Eləcə də oxuyun:
* NATO Qazaxıstanda yaranmış vəziyyətdən narahatdır - Stoltenberq