BAKI, 5 yanvar – Sputnik. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Rusiyaya təxliyəsi barədə Moskvanın əlində məlumat yoxdur. Şərait hələ ki belə addım atılmasını tələb etmir.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu RİA Novosti-yə vəziyyətlə tanış olan şəxs deyib.
“Hesab etmirik ki, vəziyyət bu cür radikal addım atılmasını tələb edəcək həddə gərginləşib. Bizim məlumatlarımız hələlik onun təxliyə edildiyini təsdiqləmir”, - agentliyin həmsöhbəti bildirib.
Qeyd edək ki, qaz qiymətlərinin artımına əhalinin kəskin etirazları səbəbindən Qazaxıstanın bir neçə şəhər və vilayətində fövqəladə vəziyyət rejimi elan edilib. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu barədə fərman imzalayıb.
Həmçinin Qazaxıstan Prezidenti bir neçə dəqiqə əvvəl ölkədə kütləvi etirazlarla əlaqədar olaraq iki gün ərzində ikinci dəfə əhaliyə müraciət edib.
Tokayev bildirib ki, bu gündən Qazaxıstan Təhlükəsizlik Şurasına özü başçılıq edəcək. Bununla da Tokayev 1995-ci ildən bu vəzifəni icra edən ölkənin ilk prezidenti Nursultan Nazarbayevi işindən kənarlaşdırıb.
Tokayev vurğulayıb ki, Qazaxıstan paytaxtında, xalqın yanında qalacaq. Prezident xalqın onu dəstəkləyəcəyinə əmin olduğunu bildirib.
Tokayev etiraz aksiyaları fonunda yaxın müddətdə yeni təkliflər paketi ilə çıxış edəcəyini deyib.
Eləcə də oxuyun:
* Qazaxıstanda qaz narazılığı: etiraz meydanından fotolar