BAKI, 31 dekabr — Sputnik. Artıq 2021-ci ilin son günündəyik. Ötən ilin 44 günlük Vətən Müharibəsindən sonra 2021-ci ilin Azərbaycan siyasi həyatında gərginliklərlə yadda qalacağı gözlənilən idi. Sputnik Azərbaycan cari ilin siyasi mənzərəsi ilə bağlı politoloq Mübariz Əhmədoğlu ilə həmsöhbət olub.
Politoloq Mübariz Əhmədoğlu bildirib ki, qələbədən sonrakı bu il ölkəmiz üçün öz orijinallığı ilə seçilirdi: "Biz bu ili ərazi bütövlüyünü bərpa etmiş şəkildə başa vururuq. Bununla belə, müharibə başa çatsa da Ermənistanın beynəlxalq tərəfdarlarının basqılarını gördük. Bircə o qalmışdı ki, bizə qarşı hərbi əməliyyatlara başlasınlar. Bizim qələbəmizə baxmayaraq, Ermənistanın havadarları qələbəmizə müxtəlif don geyindirməyə cəhd edirdilər".
Politoloqun fikrincə, bu il Azərbaycan 2020-ci ildə qazandığı qələbəni legitimləşdirməyə nail oldu:
"ATƏT-in Minsk qrupu da Azərbaycanın razılıq verdiyi çərçivədə proseslərə qoşula bilər. Keçmiş münaqişə zonasının statusu ilə artıq Ermənistan da yola gəlməkdədir. Paşinyan bildirdi ki, status məsələsi Azərbaycanın ərazisi daxilində müəyyən edilməlidir. Bu fikri bəyan edənə qədər Paşinyan müxtəlif ziddiyyətli açıqlamalar verirdi. Ancaq bu bəyanatların hamısı heçə getdi".
Mübariz Əhmədoğlu Şərq Tərəfdaşlığı Proqramı haqqında da fikirlərini bölüşüb və bildirib ki, onlar da bu il Azərbaycanla əlaqələrini intensivləşdiriblər: "Diqqət çəkmək istədiyim bir məqam da Avropa İttifaqı tərəfindən ayırlan maliyyə yardımı ilə bağlıdır. Burada regional ölkələrinə münasibətdə ədalətsiz yanaşma sərgiləyən Aİ sonradan bölgə ölkələri arasında birgə layihələrin maliyyələşdirilməsi ilə bağlı öhdəlik götürdü. Bu addım Ermənistanın regional məsələlərin həllini gecikdirmək niyyətini iflasa uğratdı".
Politoloq Azərbaycan və Rusiya münasibətlərinin bu ili də uğurla başa vurduğunu qeyd edib: "Qərbdə bu münasibətləri müxtəlif istiqamətlərə çəkmək niyyətləri hər kəsə bəllidir. Ancaq ölkə prezidentimiz Qərb mediasına verdiyi son müsahibədə Şimal qonşumuzla əlaqələrin əhəmiyyətini aydın şəkildə xarici auditoriyaya çatdırdı. Avropalılar da başa düşdülər ki, İlham Əliyev realistdir və real danışır. Avropanın xoşuna gəlmək üçün fikirlər səsləndirmir".
M.Əhmədoğlu hesab edir ki, il ərzində digər istiqamətlərdə gedən proseslər də diqqətdən kənarda qalmamalıdır: "Bizim bu il Cənub qonşumuz olan İranla müəyyən qədər gərginliyimiz oldu. Azərbaycan təmkin və dözümlülüyü ilə o gərginliyin aradan qaldırılmasına nail oldu.
Diqqət çəkən məqamlardan biri "Dostluq" neft yatağı ətrafında yaranmış vəziyyətlə bağlıdır. Aşqabadda Azərbaycan, İran, Türkmənistan arasında imzalanmış qaz tranziti müqaviləsi isə təkcə 2021-ci il hadisəsi hesab edilməməlidir. Bu, qarşıdan gələn ildə baş verəcək proseslərə də təsirini göstərəcək".
"Azərbaycan körpü rolunu oynayaraq İran və Türkmənistan qazını Avropaya ötürə bilər. Tək geosiyasi və Qarabağ kontekstində deyil, imic məsələsində də Azərbaycan üçün çox düşərli il oldu. Amma gözləntim odur ki, növbəti ildə iqtisadi sahədə boşluqlarımız aradan qaldırılsın", – deyə politoloq qeyd edib.
Eləcə də oxuyun:
* Rəsmi Bakı Ermənistanla bağlı hansı işləri görüb - XİN-dən açıqlama
* İran Azərbaycana qarşı mövqeyini niyə dəyişib? Əsas səbəblər
* "Erməni layihəsi"nin bağlanmasına fürsət yaranıb - Zahid Oruc