BAKI, 19 dekabr - Sputnik. Avropa İttifaqının təhlükəsizliklə bağlı məsələlərin artıq mövcud olan formatlarda müzakirəsinə hazır olması barədə bəyanat ondan xəbər verir ki, Avropa hərbi təhlükəsizlik sahəsində tamamilə NATO-nun nəzarəti altındadır. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib.
Bir qədər əvvəl Aİ xarici siyasət xidmətinin nümayəndəsi Piter Stano bildirib ki, Rusiyanın təhlükəsizlik zəmanətləri ilə bağlı təklifinə cavab olaraq qurum Avropada təhlükəsizlik məsələlərinin artıq mövcud olan formatlarda, o cümlədən Rusiya-NATO Şurası və ATƏT çərçivəsində müzakirəsinə hazırdır.
"Bu bəyanatlar yalnız o mənanı kəsb edir ki, Avropa hərbi təhlükəsizlik sahəsində tamamilə NATO-nun nəzarəti altındadır. Hazırda müstəqil hərbi-siyasi rol oynamaq, ABŞ-dan asılı olmamaq ambisiyaları təcrübədə təsdiqini tapmır", - deyə Qruşko jurnalistlərə bildirib.
Xatırladaq ki, NATO-nun Baş katibi Yens Stoltenberq Rusiya ilə nüfuz dairələrinin müəyyənləşdirilməsinə dair konfransın keçirilməsi ideyasını rədd edib.
"Böyük dövlətlərə öz qonşularına nəzarət etmək imkanı verən təsir zonalarını yenidən müzakirə edəcəyimiz növbəti konfransın keçirilməsi ideyası bizim üçün geriyə addım olardı və bu tamamilə yanlış istiqamətdir", - deyə agentlik Stoltenberqin "Journal de Dimanche"-yə verdiyi müsahibəsindən sitat gətirir.
NATO-nun baş katibi bunun əvəzinə Moskva ilə etimadın möhkəmləndirilməsi, silahlara nəzarət, təlimlərin şəffaflığının təmin edilməsi və gərginliyin azaldılması məsələlərini müzakirə etməyin tərəfdarı olduğunu bildirib.
Həmçinin oxuyun:
Zəncirini qıranlar: amerikalılar bizimlə müharibə istəyirlərmi