BAKI, 16 dekabr — Sputnik. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) DSX-nin hərbi helikopterinin qəzaya uğraması nəticəsində şəhid olmuş 8 hərbi qulluqçunun 14 azyaşlı övladını himayəyə götürəcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə qərar qurumun İcraiyyə Komitəsinin onlayn formatda iclasında verilib. Bildirilir ki, həmin uşaqların hər birinə 18 yaşına çatana kimi ayda 100 manat maddi yardım göstəriləcək. Həmçinin qəzada həlak olan 6 hərbi qulluqçunun hər birinin ailəsinə 1000 manat məbləğində birdəfəlik maddi yardım göstərilməsi də nəzərdə tutulub.
Noyabrın 30-da Xızı rayonu ərazisində "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman Dövlət Sərhəd Xidmətinə məxsus helikopter qəzaya uğrayıb. “Mİ-17” markalı helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər hərbi qulluqçu həlak olub, 2 nəfər yaralanıb.
Azərbaycanın həmkarlar ittifaqları həmçinin Vətən müharibəsində şəhid olmuş əsgər və zabitlərimizin ailələrinin sosial problemlərinin aradan qaldırılmasına kömək etmək məqsədilə ümumilikdə 164 şəhidin 274 nəfər azyaşlı uşaqlarını himayəyə götürüb və onlara maddi və mənəvi yardımlar göstərir.
Eləcə də oxuyun:
* Bir həftədə ailənin iki böyük itkisi: Biri "Əfsanəvi Füzuli Cavadov"
* Helikopter qəzasının qurbanlarına şəhid statusu verildi, ailələrinə sosial ödəniş ediləcək
* Atasını tabutda təsvir edərək ürəkləri dağlayan şəhid qızı o rəsm haqqında danışdı