DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Saakaşvilini müalicə üçün xaricə aparacaqlar?

Ombudsman Nino Lomcariya və çağırdığı həkim konsiliumu az əvvəl Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin saxlandığı Qori hərbi hospitalını tərk ediblər.
Sputnik
BAKI, 12 dekabr - Sputnik. Saakaşvilinin vəziyyəti elədir ki, onu xaricdəki reabilitasiya mərkəzinə köçürmək gərəkdir.
Həkimlər konsiliumunun üzvü Otar Teidzenin bu sözlərini RİA Novosti yayıb.
"Onun nevroloji vəziyyəti əsasdır. Hərəkətində, koordinasiyada problemləri var, əhval dəyişkənliyi olur, ancaq bunlar normadan kənara çıxmır. Onun nevroloji statusu xüsusi reabilitasiya tələb edir. Biz buna neyroreabilitasiya deyirik, onun da imkanları Gürcüstanda kifayət etməyə bilər. Ona xüsusi müəssisə lazımdır, onun da Gürcüstanda olmasına şübhə edirəm. Söhbət xaricə köçürülməkdən gedir", - Teidze deyib.
Sputnik Gürcüstan-ın məlumatına görə, ölkə ombudsmanı Nino Lomcariya və çağırdığı həkim konsiliumu az əvvəl Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin saxlandığı Qori hərbi hospitalını tərk ediblər.
"Hələ bir şey deyə bilmərəm, həkim deyiləm, onlar özləri deyəcəklər. Həkimlərin sözlərinə görə, bəzi hallarda vəziyyət pisləşib, bəzi hallara görə isə yaxşılaşıb", - Lomcariya deyib.
Ombudsman bildirib ki, Saakaşvilini müxtəlif sahələr üzrə mütəxəssislər müayinə ediblər. Həkimlər yaxın günlərdə yekun hesabatı və tövsiyələrini dərc edəcəklər.
Lomcariya deyir ki, Saakaşvili hələ də açıq havada gəzintiyə buraxılmır. Onun fikrincə, həbsdəki siyasətçiyə fiziki təmrinlər yerinə yetirmək imkanı da yaradılmalıdır.
Həkim-psixiatr Marine Kurataşvili jurnalistlərə deyib ki, həkimlər Gürcüstanın sabiq prezidentinin sonrakı müalicəsini müzakirə etməlidirlər, çünki indi dəqiq nəsə demək çətindir.
"Problemlər var. Mixeil Saakaşviliyə həm tibbi, həm də psixoterapevtik yardım lazımdır", - Kurataşvili deyib.

Gürcüstanın sabiq prezidentinin həbsi

Saakaşvili Tbilisidə oktyabrın 1-də saxlanılıb. Onu üç məhkəmə instansiyası parlamentin deputatı Valeri Gelaşvilinin döyülməsi və "Gürcüstan Birləşmiş Bankı"nın əməkdaşı Sandro Qirqvlianinin işinə görə müqəssir bilib.
Ona qarşı həmçinin:
* Dövlət Mühafizə Xidmətinin 9.2 milyon larisini xərcləmək,
* 2007-ci il noyabrın 7-də aksiyanın dağıdılması,
* "İmedi" telekanalının dağıdılması,
* mərhum milyoner Badri Patarkatsişvilinin əmlakına yiyələnmə kimi ittihamlar irəli sürüblər.
Prokurorluqdan bildirilib ki, Saakaşvilinin Ukraynaya ekstradisiyası məsələsi hələlik müzakirə olunmur və cəzasını vətənində çəkəcək.
Oktyabrın 1-də Rustavi həbsxanasına aparılan Mixeil Saakaşvili elə həmin axşam özünə qarşı irəli sürülən hökmlə razı olmadığını, özünü siyasi məhbus hesab etdiyini bildirərək aclıq elan edib.
Əlli günlük aclıqdan sonra Saakaşvili Qoridəki hərbi hospitala köçürülüb.
Eləcə də oxuyun:
* Saakaşvili məhkəməyə çıxarılıb
* Mixeil Saakaşvilidə təhlükəli xəstəlik aşkarlanıb - ölə bilər
* Saakaşvili məsələsi: aclıq edən deputatlar, aksiyalar və İstanbuldan gətirilən cadugər
* * Məhkumsuz və vəkilsiz məhkəmə: Saakaşvili barədə bir cəzanı ləğv etdilər
* Tbilisidə Saakaşviliyə görə ara qarışdı – Saxlanılanlar var
* Saakaşvilini həbsxanadan helikopterlə aparıb xəstəxanaya yerləşdirdilər