BAKI, 11 dekabr - Sputnik. Diqqətini iyirmi ildən çoxdur ki, terrorizmlə mübarizəyə yönəltmiş ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Rusiya və Çini nəzərdə saxlamaq üçün kəşfiyyatçıların təlim və hazırlıq metodlarını yenidən gözdən keçirir.
Bu barədə CNN telekanalı məlumat verir. Telekanal bildirir ki, keçmiş kəşfiyyat zabitlərinin çoxu "mürəkkəb" dövlətlərdə, xüsusən Çində kəşfiyyat məlumatlarının toplanmasında əvvəlki ənənəvi "sakit" fəaliyyətə qayıtmağın tərəfdarıdır.
Mənbələrin sözlərinə görə, bu dəyişiklik MKİ kəşfiyyatçılarının ABŞ hüdudlarından kənarda, xüsusən də Çinin aktiv sərmayə yatırdığı Qərbi Afrika ölkələrində daha yaxşı işləməsini təmin edəcək. Keyfiyyətin yüksəldilməsi üçün zabitlər ixtisasları üzrə konkret coğrafi regiona uyğun hazırlıq keçəcəklər. Yerli dillərin öyrənilməsinə, eləcə də uzunmüddətli perspektivdə kəşfiyyatçının qarşılaşa biləcəyi məsələlərin həllinə ayrıca diqqət göstəriləcək.
Bundan başqa, MKİ daha çox mandarin dilinin (çin dilinin ən çox yayılmış dialekti) daşıyıcısını əməkdaşlığa cəlb etməyi, texnologiyalara yatırım etməyi, həmçinin insanlar haqda məlumat toplanmasına diqqəti yönəltməyi planlaşdırır.
MKİ-nin yeni metodlarının Rusiya bölməsinin işində necə tətbiq ediləcəyi barədə isə telekanal məlumat verməyib.
Qurum fəaliyyətini 2001-ci il sentyabrın 11-dən sonra terrorizmlə mübarizəyə yönəldib. Bəzi mənbələr deyirlər ki, yeni hazırlıq metodları sadəcə MKİ-nin 2001-ci ilədək mövcud olan fəaliyyətinə qayıdışıdır.
Eləcə də oxuyun:
* Rusiya ordusu Azərbaycanın PUA-ların tətbiqi təcrübəsini öyrənir
* MKİ yeni dünya müharibəsinin anonsunu verdi