DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Saakaşvili məhkəməyə çıxarılıb

Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın həbsdə olan üçüncü prezidenti Mixeil Saakaşvilinin "7 noyabr" işi üzrə məhkəmə iclası başlayıb. İclasa siyasətçilər, ictimai fəallar və media nümayəndələri buraxılmayıb.
Sputnik
BAKI, 29 noyabr — Sputnik. Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvilinin məhkəməsinin keçirildiyi Tbilisi Şəhər Məhkəməsinin ətrafına toplanmış aktivistlərlə polis arasında qarşıdurma baş verib.
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, məhkəmə binasının yaxınlığındakı beton məhəccərə dırmanmağa çalışan etirazçılara polis icazə verməyib. Nəticədə tərəflər arasında fiziki qarşıdurma yaranıb, xəsarət alanların olduğu bildirilir.
Bəzi aksiyaçılar polisə butulkalar atıb, polis isə aksiyaçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.
Gürcüstan Daxili İşlər Nazirliyi vəziyyətlə əlaqədar yaydığı bəyanatda aksiyanın təşkilatçılarını və siyasi liderləri zorakılığa yol verməməyə çağırıb.
Onu da bildirək ki, Tbilisi Şəhər Məhkəməsində Gürcüstanın həbsdə olan üçüncü prezidenti Mixeil Saakaşvilinin "7 noyabr" işi üzrə məhkəmə iclası başlayıb. İclasa siyasətçilər, ictimai fəallar və media nümayəndələri buraxılmayıb.
Müdafiə tərəfindən vəkillərlə yanaşı, M.Saakaşvilinin anası Qiuli Alasanianın məhkəmə iclasında iştirakına icazə verilib. M.Saakaşvilinin vəkillərinin iclasın yerli telekanallar vasitəsilə canlı yayımlanması tələbi qəbul edilməyib. Ümumilikdə 5 ayrı iş üzrə ittiham edilən sabiq prezident M.Saakaşvilinin öz məhkəməsində iştirakına ilk dəfə icazə verilir.
Artıq sabiq prezident hazırda müalicə aldığı Qori Hərbi Xəstəxanasından Xüsusi Penitensiar Xidmətə məxsus avtomobil karvanı ilə Tbilisi Şəhər Məhkəməsinə aparılıb.
Məhkəmə prosesi ilə əlaqədar binanın ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib, məhkəmə binasının daxili və xaricinə çox sayda polis və su şırnağı maşını cəlb edilib. İclasla əlaqədar sabiq prezidentin çox sayda tərəfdarı da məhkəmə binasının ətrafına toplaşıb.
Qeyd edək ki, M.Saakşavili 7 noyabr 2007-ci ildə hökumət əleyhinə etiraz aksiyasını zorakılıqla dağıtmaqda, İmedi TV-yə basqın təşkil etməkdə və milyarder Badri Patarkatsişviliyə məxsus əmlakı qanunsuz ələ keçirməkdə ittiham edilir.
Eləcə də oxuyun:
* Mixeil Saakaşvilidə təhlükəli xəstəlik aşkarlanıb - ölə bilər
* Saakaşvili məsələsi: aclıq edən deputatlar, aksiyalar və İstanbuldan gətirilən cadugər
* * Məhkumsuz və vəkilsiz məhkəmə: Saakaşvili barədə bir cəzanı ləğv etdilər
* Tbilisidə Saakaşviliyə görə ara qarışdı – Saxlanılanlar var
* Saakaşvilini həbsxanadan helikopterlə aparıb xəstəxanaya yerləşdirdilər