İQTİSADİYYAT

Bəzi mallar üzrə ödənişlər yalnız nağdsız şəkildə həyata keçiriləcək

Hesablaşmaların yalnız nağdsız qaydada həyata keçirilməsinə mebellərin və məişət texnikasının satışı üzrə bir əməliyyat çərçivəsində on min manatdan artıq olan ödənişlər də daxil ediləcək.
Sputnik
BAKI, 24 noyabr — Sputnik. Pərakəndə satış qaydasında (mebellərin və məişət texnikasının satışı istisna olmaqla) təqdim edilən malların satışı üzrə bir əməliyyat çərçivəsində iki min manatdan artıq olan ödənişlər yalnız nağdsız şəkildə həyata keçiriləcək.
Sputnik Azərbaycan xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan "Nağdsız hesablaşmalar haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Hesablaşmaların yalnız nağdsız qaydada həyata keçirilməsinə mebellərin və məişət texnikasının satışı üzrə bir əməliyyat çərçivəsində on min manatdan artıq olan ödənişlər; tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlər də daxil ediləcək.
Həmçinin buraya “Lotereyalar haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” qanunlar ilə tənzimlənən münasibətlər üzrə müəyyən edilmiş ümumi məbləği üç min manatdan artıq olan uduşlar (mükafatlar) və oyunlarda iştirakla bağlı pul ödənişləri (pul qoyuluşları) də aid ediləcək.
Bu, 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.
Layihə müzakirələrdən sonra ikinci oxunuşda qəbul edilib.
Eləcə də oxuyun:
* Tibbi xidmətlər bahalaşacaq? Yeniliklərin yükü yenə pasiyentin çiyninə düşəcək
* Tibbi xidmətlərə görə ödənilən ƏDV-ni geri almaq mümkün olacaq
* Dövriyyədə olan nağd pul niyə artıb?
* Avtomobillərin satışında nağd ödəmə ləğv olunur?