HƏRBİ

İdarəolunan raketlərdən aviaparkadək – Azərbaycan cəbbəxanasını yeniləyəcək

Hərbi ekspert bu qənaətdədir ki, ordumuzun döyüş hazırlığını yüksək səviyyədə saxlamaq üçün həm aviasiya parkının, həm də texnika, silah-sursatın yenilənməsini həyata keçirməliyik.
Sputnik
BAKI, 19 noyabr — Sputnik. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq, düşmənin kapitulyasiyasından dərhal sonra Vətən müharibəsi zamanı istifadə və çıxdaş olunmuş silah və sursatların, hərbi texnikaların yenilənməsi, o cümlədən bir sıra hərbi texnika və avadanlıqların ehtiyatlarının yaradılması və bərpası üçün gələn ilin dövlət büdcəsindən əlavə olaraq 500 milyon manat vəsait ayrılıb. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov bildirib.
O qeyd edib ki, bununla da xüsusi müdafiə təyinatlı xərclər 2 milyard 100 milyon manata çatdırılıb.
Görünən budur ki, bundan sonra da Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazasının yaxşılaşdırılması hökumətin diqqət mərkəzində olacaq. Sputnik Azərbaycan məsələ ilə bağlı millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə və hərbi ekspert Ədalət Verdiyevlə həmsöhbət olub.
HƏRBİ
Mədət Quliyev Dubayda danışıqlar aparır
Hərbi ekspert Ədalət Verdiyev vurğulayır ki, Vətən müharibəsi zamanı Azərbaycan Ordusu bir çox silah resurslarını intensiv şəkildə istifadə edib: "Müharibənin sürətlə davam etdirilməsi və Qələbənin qısa müddət ərzində təmin olunması üçün Azərbaycanın arsenalında olan sursatların böyük bir hissəsini sərf etdi. Qələbəyə baxmayaraq Azərbaycanın Ermənistan tərəfindən bundan sonra da təhdidlərə məruz qalacağı istisna deyil. Ona görə də istifadə olunan silah və sursatların yerini doldurmaq üçün Azərbaycanın yeni növ silah, sursat, aviasiya vasitələri, zirehli texnika alması gözləniləndir.
Başqa sözlə desək, biz ordumuzun döyüş hazırlığını yüksək səviyyədə saxlamaq üçün həm aviasiya parkının, həm də texnika, silah-sursatın yenilənməsini həyata keçirməliyik. Azərbaycan müharibədə istifadə etdiyi resursları yenidən bərpa etməlidir ki, ordunun yenidən döyüşə hazırlıq səviyyəsini yüksək səviyyədə saxlasın".
Millət vəkili Aydın Mirzəzadə də hesab edir ki, Azərbaycan Ordusunun vaxtaşırı silah təminatının yenilənməsinə ehtiyac var: "44 günlük müharibə dövründə Silahlı Qüvvələrimizin silah arsenalının müəyyən bir hissəsi döyüşlərdə istifadə olundu. Digər tərəfdən, Azərbaycan ordusu Ermənistan-Azərbaycan sərhədi də daxil olmaqla otuz il əvvəlki mövqelərdə qərarlaşdı. Coğrafi relyef də nəzərə alındıqda buna uyğun olaraq silahların alınmasına ehtiyac var. Müharibə bitsə də, postmünaqişə dövrü davam edir. Bu dövr heç də sakit keçmir.
Bu günlərdə Ermənistanın Laçın və Kəlbəcər, Tovuz istiqamətində təxribatları onu göstərir ki, Ermənistan tərəfindən təhdidlərə, potensial həmlələrə, döyüşlərə hazır olmaq lazımdır. Bundan əlavə, silah bazarı daim yenilənir, mövcud silahların yeni modifikasiyaları meydana gəlir.
Aydın Mirzəzadə
Millət vəkili
Azərbaycanın öz arsenalını yeniləmək üçün kifayət qədər maliyyə resursları var. Gələn ilin büdcəsində yeni silahların alınması və sosial proqramların icrası üçün də ayrılan vəsaitin həcmi artırılıb. Göründüyü kimi, yeni silahların alınması hansısa sosial proqramın azalması hesabına həyata keçirilmir".
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Ermənistan ordusu Tovuz ərazisini atıcı silahlardan atəşə tutur - SON DURUM
Alınacaq sursatlar barədə danışan Ədalət Verdiyev hesab edir ki, bu proses bütün sursatlara şamil olunacaq: "Biz aviasiya vasitələrinin alınmasına hazırlaşırıq. Artilleriya sursatları və idarəolunan raket sistemlərində çox ciddi sərfiyyatımız olub. Bu növ silahların alınması, sursat arsenalının bərpası gözlənilir.
İstifadə müddətini başa vuran texnika, silah və avadanlıqların bəziləri təmir olunmaqla istifadə müddəti artırılacaq, bəziləri isə yeniləri ilə əvəzlənəcək. Digər tərəfdən yeni yaradılan hissə və bölmələrin təchizatı üçün də yeni silahlar, avadanlıqların alınması da gündəmdədir. Düşünürəm ki, bu proses gələcək illərdə də analoji şəkildə davam etdiriləcək".
Ədalət Verdiyev
Hərbi ekspert
Eləcə də oxuyun:
* Sabiq hərbi pilot: Azərbaycan Rusiya qırıcıları ala bilər
* Azərbaycanda hərbçilərin ümumi və xüsusi vəzifələri müəyyənləşir
* Azərbaycanın hərbi büdcəsinin müzakirəsi: Artıq başqa güclərlə müqayisə vaxtı çatıb
* Gələn il müdafiə xərclərində 404 milyon manat artım nəzərdə tutulub