BAKI, 10 noyabr — Sputnik. Azərbaycanda İkinci Qarabağ müharibəsində Qələbə Gününə həsr olunmuş üç həftəlik mini-futbol turniri keçirilib və burada təkcə futbol kollektivləri deyil, həm də güləşçilər, cüdoçular və taekvondoçulardan ibarət komandalar da iştirak ediblər. Yarışda ümumilikdə 64 kollektiv iştirak edib.
Nəticədə Azərbaycan güləşçilərindən ibarət komanda final görüşündə Tovuz komandasına 1:2 hesabı ilə məğlub olaraq ikinci yeri tutub. Qeyd edək ki, Tovuz komandası futzal üzrə Azərbaycan çempionatında iştirak edir.
Azərbaycanın ən titullu güləşçilərindən biri, ikiqat Olimpiya mükafatçısı, sərbəst güləş üzrə üçqat dünya və Avropa çempionu Hacı Əliyev turnirin ən yaxşı oyunçusu seçilib. Güləşçilər komandasının tərkibinə 2012-ci ilin Olimpiya çempionu Toğrul Əsgərov, dünya və Avropa çempionatlarının qalibləri Cəbrayıl Həsənov, Coşqun Əzimov, Yaşar Əliyev, Sənan Süleymanov da daxil olmaqla, digər tanınmış Azərbaycan güləşçiləri də burada yer alıb.
Hacı Əliyev özü də "Instagram" səhifəsində Qələbə Gününə həsr olunmuş futbol turnirinin ən yaxşı oyunçusu olmaqdan xoşbəxt olduğunu bildirib.
"Turnirin ən yaxşı futbolçusu adına layiq görüldüyüm üçün çox sevinirəm. Güləşçilərimizi futbol turnirində ikinci yerə görə təbrik edirəm", - deyə Əliyev qeyd edib.
Qeyd edək ki, güləşçilər futbolu birinci dəfə oynamırlar. Məsələ ondadır ki, mini-futbol Azərbaycan güləşçilərinin hazırlıq prosesinə daxildir və bu məşq prosesinin əsas hissəsindən sonra isinmə hərəkətləri kimi istifadə olunur.
Eləcə də oxuyun:
* Futbol üzrə Azərbaycan Kuboku uğrunda yarışın püşkü atılıb
* Paytaxt klubu bölgəyə köçür, adını da dəyişəcək
* Azərbaycan çempionatının bombardiri ilk dəfə Gürcüstan yığmasına çağırılıb