BAKI, 12 oktyabr — Sputnik. Artıq bir aydan çoxdur ki, Azərbaycan və İran arasında münasibətlər gərgin olaraq qalır. İran rəsmiləri bu müddət ərzində Azərbaycanın əleyhinə böhtan xarakterli məlumatlar yayırlar. Azərbaycanın Xarici İşlər Nazirliyi İranın anti-Azərbaycan fəaliyyətinə və ona qarşı səsləndirdiyi böhtan xarakterli ittihamları cavab verib.
Xarici işlər nazirinin sözçüsü Leyla Abdullayeva xatırladıb ki, Azərbaycan öz torpaqlarını şəhidlərinin qanı və canı bahasına işğaldan azad edib: "Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 100 000 dən çox Orduya malik olan Azərbaycanın muzdlulara ehtiyacı yoxdur".
Azərbaycan XİN-in rəsmi təmsilçisi vurğulayıb ki, anti-Azərbaycan kampaniyası İrana xeyir gətirməyəcək: "Məlumdur ki, bu əsassız ittihamların səbəbləri İran yük maşınlarının Azərbaycan ərazisinə qanunsuz daxil olmasının qarşısının alınması və Azərbaycan torpaqlarının işğaldan azad olunmasıdır". Həmçinin rəsmi Bakı qeyd edib ki, hələ ötən ilin oktyabr ayında Azərbaycan XİN-i ölkənin o zaman işğal altında olan ərazilərində gedən döyüşlərdə erməni muzdlu döyüşçülərinin iştirakına dair konkret faktlara əsaslanan məlumatı ölkədəki diplomatik korpusa, o cümlədən İran İslam Respublikasının səfirliyinə təqdim edib.
Sputnik Azərbaycan İranın Azərbaycan qarşı bu addımlarının əsl səbəbi və gözləntilər barədə Türkiyənin "Strategic Outlook" beyin mərkəzinin Qafqaz üzrə eksperti Mehmet Fatih Öztarsu ilə həmsöhbət olub.
Qafqaz üzrə ekspert bu fikirdədir ki, İranın yeni rəhbərliyi hücum siyasəti həyata keçirəcəyini göstərmək üçün hərbi təxribatlar da daxil olmaqla bir sıra məsələlərdə qonşu, region ölkələrini təxribata çəkməyə çalışır.
Ekspert xatırladıb ki, İranın Azərbaycana qarşı hərbi təzyiq göstərmək cəhdləri əvvəllər də olub.
"Lakin son zamanlar baş verənlər birbaşa Qarabağ müharibəsinin nəticələri və yeni İran rəhbərliyi ilə bağlıdır. Müharibənin nəticələrinə əsasən, qalib tərəfdə olmayan İran bölgədəki nüfuzunu göstərməyə çalışır".
Öztarsu bildirib ki, məsələnin İsrail tərəfi tamamilə siyasi ritorikadan ibarətdir: "İran qonşu ölkələri açıq şəkildə təhdid edə bilmədiyi üçün İsraili vasitə olaraq istifadə edir. Azərbaycanın İsraillə əlaqələri gündəmə gətirilir. Bunun bölgə ölkələri üçün bir mənası, məntiqi olmasa da, İran İslam Respublikasının ənənəvi siyasətində yer alan olduqca faydalı alətdir. Dolayısı olaraq, İranın bu hərəkətlərini aktiv siyasi prosesin başlaması kimi dəyərləndirə bilərik".
Eləcə də oxuyun:
* DSX İranın yalanını təkzib etdi: Sərhəddimizdə üçüncü dövlətin qüvvələri heç vaxt olmayıb
* Cənubi Qafqazdakı yeni reallıqlar kimləri narahat edir? – Şantaja cavab
* Hərbi ekspert: "İran vətəndaşları Gümrüyə axışır, Rusiyaya qarşı təxribatlar ola bilər"