SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Qazaxın kəndləri, Parlamentin təcili iclası və işgəncənin cəzası: həftənin əsas məqamları

Avqustun 2-dən 8-dək Azərbaycanda və dünyada bir sıra hadisələr baş verdi ki, onların nəticələri bölgənin gələcəyinə mütləq təsir edə bilər.
Sputnik
BAKI, 8 avqust – Sputnik. Ötən həftə Azərbaycanda Eldəniz Səlimovun deputatlıq toxunulmazlığının əlindən alınması, rusiyalı sərhədçilərin Qazax ətrafında peyda olması və Birinci Qarabağ müharibəsində azərbaycanlılara işgəncə verən ermənilərin məhkəməsinin başa çatması ilə əlamətdar oldu.

Sərhəddə nə baş verir?

Ermənistanın Müdafiə Nazirliyi həftənin ortasında qəfil bəyanat verdi ki, rusiyalı sərhədçilər Azərbaycanla sərhəddəki Tavuş rayonunda yerləşdirilir. 
Maraqlıdır ki, bu bəyanat Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Aleksandr Bikantovun “Rusiya sərhədçilərinin sərhəd boyu yerləşdirilməsində əsas problem bunun beynəlxalq hüquqda təsbit olunmaması və üstəlik, tərəflərin yetəri qədər bir-birinə qarşılıqlı etimad göstərməməsidir” sözlərindən bir neçə saat sonra yayıldı.
Azərbaycanda isə hesab edirlər ki, sərhədin şimal hissəsində (Azərbaycan Respublikasının Qazax və Tovuz rayonları) rusiyalı sərhədçilərin yerləşdirilməsi ona dəlalət edir ki, Rusiya tərəfi hansısa hazırlıq görür və Yerevan da buna etiraz etmir.
“Valday” klubunun ekspert Fərhad Məmmədov əmindir ki, hazırda Azərbaycan-Ermənistan sərhədində rusiyalı sərhədçilərin yerləşdirildiyini demək düzgün deyil. Orada hələlik ancaq müvafiq infrastruktur qurulur. Onlar orada o zaman xidmətə başlayacaqlar ki, Bakı ilə Yerevan müvafiq razılığa gəlsinlər.
“İndi hər şey, delimitasiya və demarkasiya üzrə üçtərəfli bəyanata rəğmən, Azərbaycanla Ermənistan arasında ziddiyyətlərin olmasına dayanır. Yerevan delimitasiya prosesini sülh müqaviləsi ilə bağlamaq istəmir, Bakı isə öncə sülh sazişini imzalamaq, sonra isə delimitasiyaya başlamaq istəyir”, - Sputnik Azərbaycan-la söhbətində Məmmədov deyib.
O əlavə edib ki, rusiyalı sərhədçilər barədə yalnız bu ziddiyyətlərin aradan qaldırılmasından sonra danışmaq olar.

KTMT və Azərbaycan

Sərhəddəki durumun fonunda Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) yer ala biləcəyi barədə şayiələr dolaşmağa başlayıb.
Rusiya XİN nümayəndəsi Aleksandr Bikantov bu məsələyə dair də açıqlama verərək Azərbaycan tərəfindən KTMT-də müşahidəçi statusunun verilməsi ilə bağlı müraciət daxil olmadığını söyləyib.
O,  KTMT-yə üzv ölkələrin təşkilatın informasiya sahəsində açıqlığını, eləcə də xarici əlaqələrin genişlənməsi istiqaməti götürdüyünü söyləyib:
“Qəbul edilmiş sənədlər KTMT-nin fəaliyyətinə müxtəlif maraqlı ölkələrin tərəfdaş və ya müşahidəçi qismində cəlb olunmasına imkan verir. Bu cür qərarlar məlum olduğu kimi konsensus əsasında qəbul olunur. Azərbaycan tərəfindən bu cür müraciət hələ ki, edilməyib.
Ümid edirik ki, digər ölkələr və beynəlxalq strukturlarla konstruktiv əməkdaşlığın möhkəmləndirilməsi təşkilata inamın artmasına və təşkilatın cavabdeh olduğu məkanın təhlükəsizliyinin möhkəmləndirilməsinə yardım edəcək“.

Deputatın həbs olunması

Millət vəkili Eldəniz Səlimov yola saldığımız həftədə deputat toxunulmazlığından məhrum olmaqla yanaşı, barmaqlıq arxasına da düşdü. Düzdür, hələlik onun barəsində üç aylıq həbs-qətimkan tədbiri seçilib.
Hər şey isə Səlimovun qohumuna məxsus restoranda dava salmasıdır. Polisin israrına baxmayaraq, Səlimov gecə saat birdə restoranı tərk etmək istəməyib. Xatırladaq ki, ölkəmizdə karantin rejiminin qaydalarına görə, restoran və kafelər yalnız gecəyarısınadək işləyə bilər.
Mübahisə davaya çevrilib və deputat polisi döyüb.
Azərbaycan Parlamenti təcili iclasa toplanmağa məcbur olub. Deputatlar həmkarları barədə yekdil olaraq toxunulmazlıqdan məhrum edilmə qərarını veriblər.

Yanğınlar planları pozdu

Avqustun əvvəlində Azərbaycan, Türkiyə və Türkmənistan rəhbərləri görüşməli idilər. Bu bərədə hələ iyul ayında üç ölkənin XİN rəhbərləri razılığa gəlmişdilər.
Bir sıra sənədlərin imzalanması, eləcə də analitiklərin fikrincə, əvvəllər mübahisəli olan, bu ilin əvvəlində isə Bakı və Aşqabadın razılığa gəldiyi “Dostluq” yatağının işlənməsi üzrə addımların müzakirəsi planlaşdırılırdı.
Ancaq həftənin ortasında bəlli oldu ki, sammit baş tutmayacaq. O, Türkiyədəki meşə yanğınları səbəbi ilə ölkə başçısının xahişi ilə təxirə salındı.
Türkmənistanlı həmkarı ilə telefon danışığında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan görüşün bir müddət sonraya salınmasını xahiş etdi.
Qeyd edək ki, Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin sammiti müxtəlif səbəblərdən dolayı 2015-ci ildən təxirə salınır.

İşgəncə verənlərə hökm oxundu

Avqustun 2-də iki erməni hərbçi – Lüdviq Mkrtçyan və Alyoşa Xosrovyanın işi üzrə məhkəmə sona yetdi. Onlar Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə verməkdə ittiham olunurdular.
Onların işgəncə verdikləri azərbaycanlılar sağ qaldılar bə Mkrtçyanla Xosrovyana ən ağır cəzanı – ömürlük həbs - tələb etdilər.
İttihamçı isə 20 il həbs cəzasının verilməsində israrlı idi: 10 il həbsxanada, 10 il də sərt rejimli koloniyada.
Nəticədə prokurorun israr etdiyi qədər – 20  il iş kəsildi.

Makronun Əliyevə zəngi 

Avqustun 5-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Söhbət zamanı dövlət başçıları 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatdan sonrakı dövrdə regional məsələlər və Bəyanatın müddəalarının həyata keçirilməsi, Ermənistan-Azərbaycan dövlət sərhədindəki vəziyyət və postmünaqişə dövründə regionda sabitlik və təhlükəsizliyin möhkəmləmləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıblar.
Dövlət başçıları söhbət əsnasında Azərbaycan-Fransa ikitərəfli əlaqələrinin müxtəlif sahələrinə aid məsələləri də müzakirə ediblər.

İrandakı səfirimiz dəyişdi

Avqustun 7-də Bünyad Səməd oğlu Hüseynov Azərbaycanın İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Əli Fikrət oğlu Əlizadə Azərbaycanın İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi təyin edilib.
Qeyd edək ki, bundan iki gün öncə Tehranda, İran parlamenti binasında yeni seçilmiş prezident İbrahim Rəisinin andiçmə mərasimi keçirilib. O, and içərək prezident vəzifələrinin icrasına başlayıb.
Andiçmə mərasimində İran parlamentinin üzvləri ilə yanaşı, 73 ölkədən 115 nümayəndə də iştirak edib.
Ayətullah Seyid İbrahim Rəisinin andiçmə mərasimində Azərbaycanı Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.
Ermənistanın Baş naziri Nikol Paşinyan da andiçmə mərasimində iştirak etmək üçün İrana gedib. O, mərasimdən qabaq İbrahim Rəisi ilə görüşüb.
Sözsüz ki, bu, yalnız ötən həftə baş verən hadisələrin kiçik bir qisminin icmalı isə. Sputnik Azərbaycan hadisələrin inkişafını diqqətdə saxlayır və oxucularını məlumatlandırmaqda davam edəcək.
Eləcə də oxuyun:
İlham Əliyev İran səfirini geri çağırdı və yerinə yenisini təyin etdi
Nazirlər zəngləşdilər: Türkiyənin yanındayıq, ehtiyac duyulan bütün dəstəyi göstərəcəyik
Bakı Yerevanın daha bir yalanını təkzib edir
Politoloq: “Makronun dövründə Azərbaycan-Fransa münasibətləri düzəlməyəcək”
Moskva: Rusiya öz hərbçilərini Azərbaycan-Ermənistan sərhədinə yerləşdirə bilməz
İranda İbrahim Rəisinin andiçmə mərasimi keçirilib