BAKI, 22 iyul — Sputnik. Beynəlxalq Olimpiya Komitəsi (IOC) azərbaycanlı boks hakiminə və həkiminə etimad göstərib.
Azərbaycan Boks FederasiyasındanSputnik Azərbaycan-a verilən məlumata görə, IOC iki şəxsi Tokio Yay Olimpiya Oyunlarına dəvət edib.
İyulun 24-dən avqustun 8-dək "Ryoqoku Kokuqikan" İdman Sarayında keçiriləcək boks yarışlarında ədaləti qoruyacaq referilər arasında beynəlxalq dərəcəli hakim Anar Babanlı da olacaq.
Olimpiadanın boks yarışlarında isə Leyla Nəsirova həkim kimi çalışacaq.
Qeyd edək ki, yığma Tokio-2020-də 5 boksçu ilə mübarizə aparacaq. Ölkənin idman şərəfini Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Alfonso Dominqes (81 kq) və Məhəmməd Abdullayev (+91 kq) qoruyacaq.
Azərbaycan Tokio-2020-də
Tokio Yay Olimpiadasında ölkəmizi 44 idmançı təmsil edəcək. Onlar 40 lisenziya qazanaraq 14 idman növündə - cüdo, güləş, bədii gimnastika, idman gimnastikası, karate, boks, taekvondo, yüngül atletika, güllə atıcılığı, qılıncoynatma, veloidman, badminton, üzgücülük və triatlonda - çıxış edəcəklər.
Azərbaycan üçün bu, 2004-cü ildə Afinada keçirilən Olimpiya Oyunlarından bəri ən az sayda olimpiya lisenziyasıdır, o vaxt idmançılarımız 38 lisenziya qazanmışdılar.
2008-ci ildə Pekində azərbaycanlı idmançılar 44, 2012-ci ildə Londonda 53, 2016-cı ildə Rioda 56 lisenziya qazanmışdılar. 1996-cı ildən bəri olimpiadalarda idmançılarımız 43 medal qazanıblar ki, bunun da 7-si qızıl, 11-i gümüş, 25-i isə bürüncdür.
Eləcə də oxuyun:
Tokio Olimipiadasına yeddi gün qalıb: Şəhər oyunlara necə hazırlaşır?
Tokio-2020: Azərbaycanlı bayraqdarlar bəlli oldu
Testlər, məhdudiyyətlər və nəzarət: Tokio Olimpiadasında idmançılarımızı nələr gözləyir
Yaponiya Olimpiya Komitəsinin üzvü özünə qəsd edib