Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Trampın ərazi iddialarının arxasında nə dayanır?

© Getty Images / Scott Olson Donald Trump
 Donald Trump  - Sputnik Azərbaycan, 1920, 19.01.2025
Abunə olmaq
Beynəlxalq hüquqa görə, ABŞ-ın Kanadanı zorla birləşdirməsi mümkün deyil.
BAKI, 18 yanvar — Sputnik. Yanvarın 20-də Vaşinqtonda ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimi keçiriləcək. Bütün dünya Trampın yeni prezidentlik dövrünün başlamasının səbrsizliklə gözləyir. Tramp isə artıq iddialı açıqlamalarla çıxış edərək ABŞ xarici siyasət konsepsiyasının gələcək istiqamətlərini açıqlayıb. Trampın iddialı açıqlamaları Amerika qitəsində gərginliyi artırıb.
ABŞ-ın yeni seçilmiş prezidentinin xüsusilə Kanada ilə bağlı son bəyanatları diqqət çəkir. O, Milad təbrikində Kanada baş naziri Castin Trüdonu "qubernator" adlandıraraq, əgər Kanada ABŞ-ın 51-ci ştatı olsa, kanadalılar üçün vergilərin 60%-dən çox azalacağını bildirib. Tramp Kanada, Meksika və Çindən ABŞ-a narkotik maddələrin daşındığını iddia edərək, prezidentliyinin ilk günündə bu ölkələrdən idxal olunan mallara tariflər tətbiq edəcəyini açıqlayıb. O, Kanada və Meksikadan gətirilən mallara 25%, Çindən isə əlavə olaraq 10% rüsum tətbiq edəcəyini bildirib. Trampın sözlərinə görə, bu tariflər yalnız narkotik ticarəti və qanunsuz miqrasiya sona çatdıqdan sonra ləğv ediləcək. Ekspertlər iddia edir ki, bu bəyanatlar Trampın gələcək siyasətini əks etdirir. Bildirilir ki, Tramp ABŞ-ın maraqlarını qorumaq, sərhəd təhlükəsizliyini təmin etmək və iqtisadiyyatını gücləndirmək üçün bu cür bəyanatlar səsləndirib. Daha radikal yanaşma isə ABŞ-ın ekspansionist siyasətinin Tramp hakimiyyəti dönəmində işə salınacağıdır.
Beynəlxalq hüquqa görə, ABŞ-ın Kanadanı zorla birləşdirməsi mümkün deyil. Belə bir şey baş verərsə, həm Kanadanın daxili müqaviməti, həm də beynəlxalq ictimaiyyətin dəstəyi ABŞ-a ciddi maneələr yarada bilər, ABŞ-ın öz maraqlarına ciddi zərər verər. ABŞ daxilində də belə bir addımı dəstəkləyəcək siyasi konsensusun yaranması qeyri-real görünür. Konstitusiya və qanunlar belə bir hərəkəti təmin etməyə imkan vermir. Beləliklə, ABŞ-ın Kanadanı zorla birləşdirməsi nə hüquqi, nə də siyasi baxımdan mümkün deyil. Bu tip məsələlər yalnız xalqın iradəsi və könüllü razılıq əsasında, demokratik proseslərlə həll edilə bilər.
Kanada rəsmi olaraq 1 iyul 1867-ci ildə yaranıb. Bu tarixdə Britaniya Şimali Amerika Aktı (sonralar Kanada Aktı adlandırıldı) qüvvəyə minib. Bu aktla Britaniya İmperiyasının bir hissəsi olan dörd müstəmləkə – Nova Scotia, New Brunswick, Québec və Ontario birləşərək Kanada Dominiyonu adlandırılan federal bir dövlətə çevrildi.
Donald Trampın Panama Kanalı ilə bağlı son bəyanatları da yetərincə gərginlik yaradıb və beynəlxalq arenada ciddi müzakirələrə səbəb olub. Tramp ABŞ-ın kanal üzərində nəzarəti bərpa etməli olduğunu və bunun üçün hətta hərbi güc tətbiqini istisna etmədiyini bildirib. Tramp, həmçinin, kanalın Çin tərəfindən idarə edildiyini və ABŞ gəmilərindən yüksək keçid haqları alındığını iddia edib.
Panama Kanalı İdarəsinin rəhbəri Rikaurte Vaskes Morales bu iddiaları rədd edərək, kanalın tamamilə Panama tərəfindən idarə edildiyini və bütün ölkələr üçün eyni tariflərin tətbiq olunduğunu vurğulayıb. O, ABŞ gəmilərinə xüsusi güzəştlərin verilməsinin beynəlxalq hüququ pozacağını və kanalın neytrallıq müqaviləsinə zidd olduğunu qeyd edib.
Panama xalqı və liderləri Trampın bəyanatlarına sərt reaksiya verərək, milli suverenliklərinə müdaxilə cəhdlərini qınayıblar. Son günlərdə keçirilən etiraz aksiyalarında Trampın şəkilləri yandırılıb və anti-Amerika şüarları səsləndirilib. Panama prezidenti Xose Raul Mulino 1964-cü ildə ABŞ nəzarətinə qarşı çıxan və həlak olanları anma mərasimində Trampın bəyanatlarını tənqid edib.
Mulino Trampın bu cür bəyanatlarının ABŞ və Panama arasındakı diplomatik münasibətlərə zərər verə biləcəyini və regionda gərginliyi artırma potensialına malik olduğunu vurğulayıb. O, kanalın üzərindəki nəzarəti heç bir şəkildə təhvil vermək niyyətində olmadığını bəyan edib.
Panama Kanalı, Atlantik və Sakit okeanları birləşdirən strateji bir su yoludur və qlobal ticarətdə mühüm rol oynayır. Kanalın inşası ABŞ tərəfindən tamamlanıb və 15 avqust 1914-cü ildə açılıb. 1999-cu ildə isə kanalın idarəçiliyi rəsmi olaraq Panamaya təhvil verilib.
Son illərdə Çin, Latın Amerikasında, o cümlədən Panamada iqtisadi təsirini artırmaq üçün müxtəlif layihələr həyata keçirib. Bu çərçivədə, Panama ilə Çin arasında yüksək sürətli dəmir yolu xətti və Panama şəhərində yeni metro xətti kimi infrastruktur layihələri müzakirə edilib. Təbii olaraq, ABŞ Çinin Amerika qitəsindəki sürətli böyüməsini sakit qəbul edə bilmir. Bu baxımdan Trampın Panama kanalı ilə bağlı iddialarının Çinlə növbəti gərginliyə səbəb olacağı gözlənilir.
Trampın daha bir iddiası isə Qrenladiyayadır. Artıq Konqresindəki respublikaçılar ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampa vəzifəyə gəldikdən dərhal sonra Qrenlandiyanın alınması ilə bağlı danışıqlara başlamağa icazə verən qanun layihəsi hazırlayıblar.
Qrenladiya Danimarka Krallığına bağlı muxtar ərazidir. Tarixdə bir neçə dəfə ABŞ-ın Qrenladiyanı satın almağa çalışdığı barədə hadisələr mövcuddur. ABŞ 1946-cı ildə Qrenladiyanı almaq üçün Danimarkaya təklif göndərib. Lakin həmin dövrdə Danimarka bu təklifi rədd edir. Qeyd edilir ki, ABŞ Qrenlandiyanı almaqla Arktika regionunda daha çox strateji nəzarət əldə etmək məqsədi güdür.
ABŞ-ın Qrenlandiya olan iddiası növbəti dəfə 2019-cu ildə ortaya çıxır. Həmin dövrdə prezident olan Donald Tramp Qrenladiyanı satın almaq fikrini yenidən gündəmə gətirir. Trampın bu təşəbbüsü qlobal müzakirələrə səbəb olur və Danimarka hökuməti bu dəfə də təklifi rədd edir.
ABŞ Qrenlandiyada əsasən hərbi-strateji məqsədlərlə iştirak edir. ABŞ-ın burada "Thule Hava Bazası" mövcuddur. Qrenlandiyanın şimal-qərb sahilində yerləşən baza ABŞ Kosmik Qüvvələrinə aiddir. Arktika Dairəsindən şimalda yerləşən "Thule Hərbi Hava Bazası" xüsusən də Rusiyaya qarşı fəaliyyətdə mühüm strateji rol oynayır.
Qrenlandiya, Danimarka Krallığının bir hissəsi olaraq, 1979-cu ildən bəri məhdud suverenlik əldə edib və 2009-cu ildə keçirilən referendum nəticəsində daha geniş muxtariyyət qazanıb. Bu muxtariyyətə baxmayaraq, xarici siyasət və müdafiə məsələləri hələ də Danimarka tərəfindən idarə olunur. Ada Arktikanın təhlükəsizliyinin təmin edilməsində mərkəzi halqa, regionun suları vasitəsilə dəniz yolları üçün başlanğıc nöqtəsi və s. hesab olunur. Adada qrafit, mis, sink, qızıl, almaz və başqa təbii ehtiyatlar var, adada geoloji kəşfiyyat işləri tam həcmdə aparılmayıb. Danimarkanın xarici işlər naziri Lars Rasmussen son hadisələrdən sonra bildirib ki, Qrenlandiya ilə sıx əməkdaşlıq çərçivəsində ABŞ-nin gələcək administrasiyası ilə danışıqları davam etdirməyə hazırdırlar.
Xəbər lenti
0