Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda barama istehsalı niyə azalıb?

© Photo : Ministry of Agriculture (Azerbaijan)Barama, arxiv
Barama, arxiv - Sputnik Azərbaycan, 1920, 03.01.2025
Abunə olmaq
Ekspert bildirib ki, Azərbaycanda baramaçılığın inkişafı üçün münbit şərait var və ölkəmizin iqlimi buna uyğundur. Bu sahədə əsas problem baramaçılığın iqtisadiyyatının düzgün qurulmamasıdır.
BAKI, 3 yanvar — Sputnik. Azərbaycanda barama istehsalı aşağı düşüb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-noyabr aylarında ölkədə 239,4 ton barama istehsal olunub, 2023-cü ilin müvafiq dövrünə nisbətən barama istehsalı 32,9 faiz azalıb.
Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli Sputnik Azərbaycan-a deyib ki, Azərbaycanda baramaçılığın inkişafı üçün münbit şərait var və ölkəmizin iqlimi buna uyğundur:
"Bu sahənin inkişafına dövlət dəstək verir. Baramaçılara verilən subsidiyanın məbləği kifayət qədərdir. Amma bu sahədə əsas problem baramaçılığın iqtisadiyyatının düzgün qurulmamasıdır. Baramanı əhalidən alan şirkətlər məhduddur və eyni qiymətlə baramaçılardan məhsul alırlar. Baramanın alış qiyməti də aşağıdır. İstehsalın azalmasının əsas səbəbi budur. Ona görə də ildən-ilə barama istehsalı aşağı düşür. Baramaçıların dünya bazarına çıxmaq imkanları da yoxdur. Bu vəziyyət dəyişməsə, baramaçılıq inkişaf etməyəcək".
© Photo : Social media page of Akif NasirliAkif Nəsirli
Akif Nəsirli  - Sputnik Azərbaycan, 1920, 02.01.2025
Akif Nəsirli

"Sovet dövründə də baramaçılardan məhsulu bir mərkəzdən alırdılar. Amma baramanın alış qiymətini elə müəyyən edirdilər ki, fermerlər barama yetişdirməyə maraqlı olsunlar. Sovet dövründə də baramanın alış qiyməti sabit idi, amma məhsul satışından fermer ciddi mənfəət əldə edirdi. Ona görə də Sovet dövründə barama istehsalı artırdı", - deyə ekspert əlavə edib.

A.Nəsirli onu da qeyd edib ki, hava şəraitinin qeyri-sabit keçməsinin baramaçılığa təsiri o qədər də böyük deyil.
"Baramaçılığın inkişafı üçün optimal şərait var"
Naxçıvan Muxtar Respublikasının keçmiş kənd təsərrüfatı naziri, aqrar sahə üzrə ekspert Rəcəb Orucov isə Sputnik Azərbaycan-a qısa açıqlamasında deyib ki, ölkəmizdə baramaçılıq ənənəvi və həmişə aktiv məşğuliyyət sahəsi olub:
"Barama istehsalının tələbatına uyğun yem təminatı qurulsa, bu sahə çox effektli, rentabelli sahədir. Əsas məsələ baramaçıların maddi marağının təmin olunmasıdır. Respublikada baramaçılığın inkişafı üçün optimal şərait var".
© Sputnik / Ilham MustafayevBarama qurdları
Baramaqurdlarının qırılması - Sputnik Azərbaycan, 1920, 02.01.2025
Barama qurdları
"Baramaçılığın gələcək inkişafını təmin etmək məqsədilə bir sıra layihə və təkliflər hazırlanıb"
Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Seymur Səfərli mediaya açıqlamasında deyib ki, ölkə ərazisində 2024-cü ilin may ayı ərzində hava şəraitinin qeyri-sabit, soyuq və yağışlı keçməsi kümxanalarda temperatur və rütubətin nizamlanmasında da ciddi çətinliklər yaradıb:

"Qurdların islanmış, soyuq yarpaqlarla yemləndirilməsi əksər rayonlarda ipəkqurdlarının axırıncı yaş dövründə xəstələnərək, tələf olmasına və məhsuldarlığın kəskin azalmasına səbəb olub. Hazırda ölkəmizdə yaş barama istehsalı ev təsərrüfatları tərəfindən həyata keçirilir və bu təsərrüfatlar ixtisaslaşmış yemçilik bazasına və zəruri texniki tələblərə cavab verən kümxanalara malik deyillər. 2024-cü il mövsümündə əsasən baramaçılıqla könüllü olaraq məşğul olmaq istəyən kümçülərin (baramaçılar) müəyyənləşdirilməsi hesabına barama istehsalının həyata keçirilməsinə üstünlük verilib. Könüllü barama istehsalçılarının sayı, yem bazası, kümxanaların sahəsi və vəziyyəti barədə rayon dövlət aqrar inkişaf mərkəzlərinin məlumatları nəzərə alınmaqla, 2024-cü ildə əvvəlki 2023-cü ilə nisbətən 1900 qutu və ya 18% az ipəkqurdu toxumu baramaçılara paylanılıb".

Şöbə müdiri bildirib ki, ölkəmizdə baramaçılığın gələcək inkişafını təmin etmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ilkin texniki-iqtisadi səmərəlilik təhlilləri əsasında "Mövcud barama təsərrüfatlarının effektivliyinin artırılması" və "Orta və iri intensiv baramaçılıq təsərrüfatlarının yaradılması" istiqamətində layihə və təkliflər hazırlanıb.
Barama istehsalının ən pik həddi (5,9 min ton) 1991-ci ildə olub
Qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin məlumatına əsasən, son 5 ildə ölkədə barama istehsalı 44,5% azalaraq 2023-cü ildə 357 ton olub. Barama istehsalı üzrə ən pik hədd (5,9 min ton) 1991-ci ildə olub. 2023-cü ildə cəmi barama istehsalının 52,8 tonu Zərdab, 34,4 tonu Ağcabədi, 28,9 tonu Zaqatala, 28,2 tonu Balakən, 21,2 tonu Bərdə rayonlarının payına düşüb. 2023-cü ildə yarpaq üçün çəkil (tut) əkmələrinin ümumi sahəsi 2134 hektar təşkil edib.
2024-cü ildə 40 rayonda yaş barama tədarükü aparılıb
Xatırladaq ki, Azərbaycanda 2024-cü ilin may ayında barama mövsümünə start verilib. İlkin olaraq, Qax Damazlıq İpəkçilik Stansiyasında aran və dağətəyi zonalarda yeləşən 19 baramaçılıq rayonundan olan kümçülərə tut ipəkqurdu toxumunun paylanlması həyata keçirilib. Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov bildirib ki, barama istehsalının dəstəklənməsi üçün "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı" təsdiq edilib: "Nazirlik tərəfindən qabaqcıl barama istehsalçılarının siyahısı, onlara məxsus kümxanaların vəziyyəti barədə məlumatlar toplanılaraq təhlil edilib və müvafiq tədbirlər planı hazırlanıb. Tədbirlər planına uyğun olaraq mövsümün əvvəlindən kümxanaların aqrozootexniki tələblərə uyğun hazırlanması, ipəkqurduların düzgün bəslənməsi, xəstəliklərin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə nazirliyin mütəxəssisləri tərəfindən bütün baramaçılıq rayonlarının məhsul istehsalçıları üçün maarifləndirici təlimlər təşkil edilib, kümxanalarda xəstəlik və zərərvericilərə qarşı qabaqlayıcı dezinfeksiya işləri aparılıb və kümçülərə yerində məsləhətlər verilib. İnkubasiya nəticəsində əldə edilmiş ipəkqurduların təbii-iqlim şəraitinə uyğun olaraq iki mərhələdə 40 rayonun kümçülərinə paylanılmasının qrafiki tərtib edilib və məlumat üçün əvvəlcədən Qax Damazlıq İpəkçilik Stansiyasına, baramaqurutma məntəqələrinə və dövlət aqrar inkişaf mərkəzlərinə təqdim edilib".
Diqqətə çatdırılıb ki, barama istehsalının təşkilinin sınaqdan keçirilməsi məqsədilə 2024-cü ildə ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasına 30 qutu ipəkqurdu toxumu ayrılıb, bu toxumların inkubasiyasının həyata keçirilməsinə metodiki köməklik göstərilməsi üçün nazirlik tərəfindən Naxçıvan Muxtar Respublikasına mütəxəssis ezam olunub.
Barama istehsalına görə subsidiya verilir
Kənd Təsərrüfatı Nazirliyinin məlumatına əsasən, yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Kümçülər yaş baramanı kiloqramı 5 manatdan "Azərİpək" MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 6 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 11 manat alır. 2024-cü ildə dövlət tərəfindən kümçülərə əvəzsiz olaraq 9000 qutu ipəkqurdu toxumu paylanıb. 2024-cü ildə Azərbaycanın 40 rayonunda, o cümlədən Naxçıvan Muxtar Respublikasında yaş barama tədarükü aparılıb.
1985-ci ildə ölkədə 5,5 min ton yaş barama istehsal edilib
Əlavə edək ki, baramaçılığın və ipəkçiliyin inkişafı üzrə nəzərdə tutulan işlərin vahid proqram əsasında həyata keçirilməsi məqsədi ilə hazırlanmış "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı" bu sahəyə dövlət dəstəyinin gücləndirilməsinə, ixrac potensialının artırılmasına və kənd yerlərində məşğulluğun təmin edilməsinə yönəldilib. Həmin sənəddə deyilir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində qədim ənənələrə söykənən baramaçılığın və ipəkçiliyin bərpası kənd təsərrüfatının prioritet istiqamətlərindən biri kimi müəyyən edilib. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair 2004-cü ildən etibarən qəbul edilmiş dövlət proqramları çərçivəsində ölkədə ipək məhsullarının istehsalı, tədarükü və emalı sahələrində sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, ənənəvi baramaçılıq rayonlarında barama istehsalının və emalının dəstəklənməsi üçün zəruri tədbirlər görülüb. Azərbaycanda baramaçılığın və ipəkçiliyin inkişafında əsaslı dönüş keçən əsrin 70-ci illərinin əvvəllərinə təsadüf edir. Belə ki, yaş barama istehsalı 1970-ci ildə 3,7 min, 1975-ci ildə 4,4 min, 1980-ci ildə 5 min, 1985-ci ildə isə 5,5 min ton olmuşdu.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Prezident İlham Əliyev Ağdam rayonunun Nəmirli kəndinin təməlini qoyub - Sputnik Azərbaycan, 1920, 28.05.2024
Qarabağın dirçəlişi və reinteqrasiyası
Azərbaycan Prezidenti Ağdamın dörd kəndinin təməlini qoyub
Xəbər lenti
0