Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Bağçaları dəyişirlər, uşaqlar ailələrdə təhsil alacaq

Uşaq bağçası, arxiv - Sputnik Azərbaycan, 1920, 19.12.2024
Abunə olmaq
Kiçik kəndlərdə məktəbəqədər təhsildə "ailə modeli" yaratmaq üçün pilot layihə üzərində işlənilir.
BAKI, 19 dekabr — Sputnik. Azərbaycanda məktəbəqədər təhsildə "ailə modeli" yaratmaq üçün pilot layihə həyata keçiriləcək. Bunu Elm və Təhsil naziri Emin Əmrullayev "Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış" adlı II beynəlxalq konfransda deyib.
Nazir deyib ki, uşaq bağçalarında qarşımızdakı ən böyük maneə sovet dönəmindən qalmış modelin olmasıdır. Onun sözlərinə görə, həmin modeldə uşaq bağçaları təhsil müəssisəsindən daha çox qayğı yeri kimi qalıb:

"Digər tərəfdən, bu model çox bahalıdır. Dünyanın heç bir ölkəsində uşağı gündə dörd dəfə qidalandırıb təmirli binada saxlamaq nümunəsi yoxdur. Ona görə də bir çox ölkələrdə dövlət-özəl tərəfdaşlığına əsaslanan modellər təklif olunur. 2017-18-ci illərdən icma əsaslı məktəbəqədər təhsil modeli tətbiq olunur. Bu modelin qiyməti ənənəvi modeldən xeyli ucuzdur".

Nazir bildirib ki, daha kiçik kəndlərdə məktəbəqədər təhsildə "ailə modeli" yaratmaq üçün pilot layihə üzərində işlənilir.
Emin Əmrullayev deyib ki, ucqar kəndlərdə avtobus vasitəsilə məktəbəqədər təhsil xidmətini göstərmək planlaşdırılır:
"İcma əsaslı məktəbəqədər təhsil mümkün olmayan ərazilərdə bu modeli tətbiq edəcəyik. Bu modeldə uşaqların bir ailədə təhsil alması nəzərdə tutulur. Ucqar kəndlərdə bunun üçün avtobuslar ayrıla bilər".
Maraqlıdır, sözügedən model necə tətbiq olunacaq? Bu layihə gözləntiləri doğruldacaqmı?
Məktəbəqədər Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirilib ki, hazırda ölkəmizdə bağçayaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma göstəricisi 35% təşkil edir. Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi qarşıya qoyulan əsas hədəflərdəndir.
"Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə tutulub.
"Regionlarda uşaqların məktəbəqədər təhsilə cəlb edilməsi üçün dünyada tətbiq edilən uğurlu təcrübələrdən istifadə edilməsi hədəflənir. Onlardan biri "Ailə tipli təlim qrupları" modelidir. Bu modelin təşkili qaydaları Nazirlər Kabinetinin Müvafiq qərarı ilə tənzimlənir. Qrant müsabiqəsinin məqsədi 2024–2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqların cəlb olunması üçün təlim qrupları yaratmaqdır", - MÜTDA-dan bildiriblər.
Qurumun qeydində bildirilir ki, ailəsində 1 və ya 2 məktəbəqədər yaşlı uşaq olduğu halda, digər ailələrdən məktəbəqədər yaşlı uşaqları qəbul etməklə, ailə tipli təlim qrupunun təşkilinə yol verilir:

"Ailə tipli təlim qrupları müəyyən edilmiş yaş qrupları üzrə uşaqların təlim-tərbiyəsini, onlara qulluğu və nəzarəti həyata keçirir. Ailə tipli təlim qruplarında təhsilin məzmunu təhsil proqramları əsasında uşaqların yaş xüsusiyyətlərinə uyğun müəyyənləşdirilir. Ailə tipli təlim qruplarında təhsil prosesinin təşkili uşaqların intellektual, fiziki, mənəvi inkişafına xidmət edən bilik, bacarıq və vərdişlərin aşılanması üçün şərait yaradılmasını nəzərdə tutur. Ailə tipli təlim qruplarının yaradılacağı ev təhlükəsizlik qaydalarına cavab verməlidir, təlim-tərbiyə prosesinin təşkili üçün oyuncaqlar, kitablar, təlim vəsaitləri ilə təmin edilməlidir".

Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəbəqədər təhsildə "ailə modeli" konsepsiyası, xüsusilə ucqar kəndlərdə və kiçik icmalarda ənənəvi bağçaların qurulmasının iqtisadi baxımdan səmərəsiz olduğu şəraitdə tətbiq olunan alternativ bir yanaşmadır.
Onun sözlərinə görə, bu modelin əsas məqsədi, məktəbəqədər yaşda olan uşaqların təhsilə əlçatanlığını artırmaq, onların erkən yaş dövründə təhsil və inkişaf imkanlarını təmin etməkdir.
Ekspertin qənaətinə görə, Elm və Təhsil Nazirliyinin bu modeli Azərbaycanda tətbiq etmək üçün pilot layihə üzərində işləməsi, xüsusilə kənd yerlərində məktəbəqədər təhsilin inkişafına böyük töhfə verə bilər.

""Ailə modeli" ənənəvi bağçalardan fərqli olaraq daha kiçik miqyasda fəaliyyət göstərir və əsasən icma resurslarına əsaslanır. Bu modelin tətbiqi üçün geniş infrastruktura və böyük xərclərə ehtiyac olmur. Təhsil prosesi adətən bir evdə və ya kiçik icma mərkəzində həyata keçirilir. Bu məkanda az sayda uşaq, adətən 3-5 nəfər, təhsil alır və sosiallaşma imkanlarına malik olur. Məkanın sadələşdirilməsi və uşaqların daha kiçik qruplarla təhsil alması, onların fərdi ehtiyaclarının daha yaxşı qarşılanmasına imkan yaradır", - deyə Kamran Əsədov bildirib.

© Sputnik / Murad OrujovKəmran Əsədov
Эксперт по образованию Кямран Асадов - Sputnik Azərbaycan, 1920, 18.12.2024
Kəmran Əsədov
K.Əsədov deyir ki, bu modeldə təhsilin əsas iştirakçıları ailələr və icma üzvləridir. Belə ki, valideynlər, qohumlar və ya icmanın digər üzvləri uşaqların inkişafına birbaşa cəlb olunur. Bununla yanaşı, müvafiq peşəkar müəllimlər valideynlərlə əməkdaşlıq edir, onlara mentorluq edir və təhsil proqramının icrasında dəstək verir. Bu yanaşma həm ailələrin məktəbəqədər təhsildə aktiv iştirakını artırır, həm də uşaqların daha tanış və rahat bir mühitdə böyüməsinə şərait yaradır.
Ekspert bildirir ki, "Ailə modeli"nin iqtisadi baxımdan daha sərfəli olması, xüsusilə ucqar ərazilərdə bağçaların yaradılması ilə bağlı yüksək xərclərin qarşısını alır. Ənənəvi bağçaların tikilməsi və fəaliyyət göstərməsi üçün böyük maliyyə vəsaiti, geniş heyət və xüsusi avadanlıqlar tələb olunur. Lakin bu modelin tətbiqi ilə həmin xərclər azaldılır və dövlətin resursları daha effektiv şəkildə istifadə olunur. Kiçik icmaların bu cür modellərlə təmin edilməsi təkcə maliyyə yükünü azaltmır, eyni zamanda həmin icmalarda məktəbəqədər təhsil mədəniyyətini formalaşdırır:

"Beynəlxalq təcrübə göstərir ki, bu cür modellər bir çox ölkədə uğurla tətbiq olunur. Yeni Zelandiya və Norveç kimi inkişaf etmiş ölkələrdə "ailə modeli" məktəbəqədər təhsilin əsas alternativ formalarından biri hesab olunur. Bu model, xüsusilə ucqar bölgələrdə yaşayan ailələrin uşaqları üçün əlçatan və keyfiyyətli təhsil imkanları təqdim edir. Hindistan kimi inkişaf etməkdə olan ölkələrdə isə icma əsaslı yanaşmalar məktəbəqədər təhsilin əlçatanlığını təmin etmək üçün geniş istifadə olunur. Bu təcrübə göstərir ki, "ailə modeli" yalnız maliyyə baxımından deyil, eyni zamanda uşaqların sosiallaşma və inkişafı üçün də effektiv yanaşmadır".

K.Əsədovun sözlərinə görə, Azərbaycanda bu modelin tətbiqi üçün pilot layihənin həyata keçirilməsi çox vacibdir. Bu layihə zamanı müəllimlərin hazırlığı və valideynlərin maarifləndirilməsi əsas prioritetlərdən biri olmalıdır. Müəllimlərə məktəbəqədər yaş qrupunda uşaqlarla işləmək üçün xüsusi təlimlər keçirilməli, valideynlər isə uşaqlarının təhsil prosesinə aktiv şəkildə qoşulmağa həvəsləndirilməlidir:

"Bununla yanaşı, pilot layihə çərçivəsində istifadə edilən təhsil proqramları beynəlxalq təcrübə ilə uyğunlaşdırılmalı, lakin Azərbaycanın milli xüsusiyyətlərinə uyğun olaraq hazırlanmalıdır".

Ekspert bildirir ki, "Ailə modeli"nin uğurlu tətbiqi məktəbəqədər təhsil sahəsində innovativ yanaşma kimi qəbul edilə bilər. Bu model təkcə ucqar ərazilərdə təhsilin əlçatanlığını artırmayacaq, həm də cəmiyyətin məktəbəqədər təhsilə baxışını dəyişərək, ailələrin və icmaların təhsil prosesində daha aktiv iştirakını təmin edəcək. Uzunmüddətli perspektivdə bu yanaşma ölkədə təhsilin keyfiyyətinin və əhatə dairəsinin artırılmasına mühüm töhfə verə bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Bakıda uşaq bağçası, arxiv - Sputnik Azərbaycan, 1920, 04.12.2024
TƏHSİL
Nazir: "Köhnədən qalan bağça modeli çox bahalıdır"
Xəbər lenti
0