Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanın xurma ixracından gəlirləri artır - İxracda dünyada ikinci yerdəyik

© Sputnik / Murad OrujovKaralyok meyvəsi
Karalyok meyvəsi - Sputnik Azərbaycan, 1920, 18.12.2024
Abunə olmaq
Nazirlikdən bildiriblər ki, Azərbaycandan xarici bazarlara ixrac olunan kənd təsərrüfatı məhsulları arasında xurma xüsusi çəkiyə malikdir. Ölkəmiz üçün ənənəvi bazarlar sayılan postsovet məkanında xüsusilə Azərbaycanda istehsal olunan xurmaya maraq böyükdür.
BAKI, 18 dekabr — Sputnik. Azərbaycanda qeyri-neft sektorunun və kənd təsərrüfatının inkişafı özünü qeyri-neft məhsullarının ixracında da göstərir. Azərbaycanda ən çox ixrac olunan məhsullardan biri də təzə xurmadır. Bu il təzə xurma ixracında kəskin artım müşahidə edilir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan xarici ölkələrə 53 milyon dollar dəyərində 74543 ton təzə xurma ixrac olunub. Təzə xurma ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 30,6%, miqdar ifadəsində 34,6% artıb.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a məlumat verilib ki, Azərbaycandan xarici bazarlara ixrac olunan kənd təsərrüfatı məhsulları arasında xurma xüsusi çəkiyə malikdir: "Ölkəmiz üçün ənənəvi bazarlar sayılan postsovet məkanında xüsusilə Azərbaycanda istehsal olunan xurmaya maraq böyükdür. Azərbaycanda xurma istehsalını və ixracını artırmaq məqsədilə dövlət tərəfindən xurma bağlarının salınması subsidiyalaşdırılır. Aqrar Subsidiya Şurasının qərarına əsasən, 1 sentyabr 2024-cü il tarixindən 2025-ci il mayın 31-dək Mərkəzi Aran, Şəki-Zaqatala, Qazax-Tovuz və Qarabağ iqtisadi rayonlarında salınacaq xurma bağlarının hər hektarına görə fermerlərə 3000 manat birdəfəlik əkin subsidiyası ödəniləcək. Birdəfəlik əkin subsidiyası ən azı 2 hektarda salınan, hər hektarda damcı suvarma sistemi quraşdırılan, hektar üzrə ən azı 650 ting əkilmiş xurma bağlarına şamil ediləcək".
Ekspert: "Azərbaycanda xurma istehsalına maraq artıb"
Aqrar sahə üzrə ekspert Mircavid Həsənov Sputnik Azərbaycan-a bildirib ki, ölkədə xurma istehsalına maraq artıb və bu məhsulun ixracı artmaqda davam edəcək: "Azərbaycanda əsasən aran rayonlarında yeni intensiv xurma bağları salınıb. Beş il bundan öncə xurma istehsalına maraq çox azalmışdı və fermerlər hətta xurma bağlarını məhv edirdilər. Son dövrlərdə isə fermerlər xurma istehsalına maraq göstərir və yeni bağlar salırlar. Xurma istehsalına marağın artması ixraca da təsir göstərir. Nəticədə xurma ixracından gəlirlər artır. Son illər xurma qurusunun ixracı da xeyli artıb".
Ekspert qeyd edib ki, bölgədə yaş xurmanın əsasən Azərbaycanda olması ölkəmizin xurma ixracında üstünlüyüdür: "Yəni məhsul sadəcə bizdədir, lakin xurmanın saxlanması çox xərc tələb edir. Bazarda sabitlik bir az pozulan kimi artıq xurma satışında problem yaranır. Başqa sözlə, hazır məhsul bağdan çıxıb birbaşa ixraca getsə, problem olmur və gəlir gətirir. Amma bu məhsul soyuducuda saxlansa, sərf etmir. Məsələn, almanı evdə azı 10-15 gün saxlamaq mümkündür, amma xurma tez xarab olur, belə saxlamaq olmur". Ekspert onu da əlavə edib ki, Azərbaycanın yaş xurma ixracında əsas bazarı Rusiyadır.
© Photo : UNECAzərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnnovativ Biznes-İnkubatorunun direktoru, iqtisadçı-ekspert Mircavid Həsənov
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnnovativ Biznes-İnkubatorunun direktoru, iqtisadçı-ekspert Mircavid Həsənov - Sputnik Azərbaycan, 1920, 17.12.2024
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnnovativ Biznes-İnkubatorunun direktoru, iqtisadçı-ekspert Mircavid Həsənov
"Azərbaycan təzə xurma ixracına görə dünyada ikinci yerdədir"
"Azexport.az" elektron ticarət portalının rəhbəri Ayxan Qədəşov mediaya deyib ki, 2023-cü ildə Azərbaycan İspaniyadan sonra dünyanın ikinci ən böyük təzə xurma ixracatçısı olub: "Ötən il Azərbaycandan 127 milyon dollar dəyərində təzə xurma ixrac olunub və ölkəmizin xurma üzrə dünya bazarında ixracat payı 23,09 faiz təşkil edib".
Xurma ixracının 89,2%-i AİB ölkələrinin payına düşüb
Qeyd edək ki, Azərbaycandan Avrasiya İqtisadi Birliyi (AİB) ölkələrinə təzə xurma ixracı kəskin artıb. Bu ilin 10 ayında Azərbaycanın cəmi təzə xurma ixracının 89,2%-i AİB ölkələrinin payına düşüb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2024-cü ilin yanvar-oktyabr aylarında Azərbaycandan Rusiyaya 46,2 milyon dollar, Qazaxıstana 431 min dollar, Belarusa 301 min dollar dəyərində təzə xurma ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından ölkəmizdən təzə xurma ixracı Rusiyaya 14%, Qazaxıstana 280%, Belarusa 41% artıb. Azərbaycan xurmasının əsas ixrac bazarı Rusiya olub.
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, keçən il Azərbaycan 127,2 milyon dollar dəyərində 165 min ton təzə xurma ixrac edib ki, bu da 2022-ci illə müqayisədə dəyər ifadəsində 39%, miqdar ifadəsində 11,7% çoxdur. Xurmanın əsas ixrac bazarı Rusiya olub. Belə ki, 2023-cü ildə Azərbaycanın cəmi təzə xurma ixracının 89%-i Rusiyanın payına düşüb.
Xurmanın böyük ixrac potensialı Azərbaycanda xurma bağlarına marağı artırıb. 2023-cü ilin sonuna olan məlumata görə, ölkəmizdə 13132 hektar xurma bağı var. Xurma bağları Azərbaycanın bütün regionlarında yaradılıb. Ölkədə ən çox xurma bağları Göyçay, Şəmkir və Ağdaşdadır.
Xurma bağlarını sığortalamaq mümkündür
Azərbaycanda əkin sahələrinin, o cümlədən meyvə bağlarının dövlət dəstəyi ilə sığortasını təqdim edən Aqrar Sığorta Fondu xurma bağlarını da sığortalayır. Aqrar sığorta vasitəsilə xurma bağlarını sərfəli şərtlərlə sığortalamaq mümkündür. Aqrar sığorta xurma bağlarını müxtəlif təbii fəlakətlərdən sığorta edir. Sığorta haqqı bağın ölçüsündən, məhsuldarlıqdan, məhsulun qiymətindən və bağın yerləşdiyi region üzrə sığorta tarifindən asılıdır. Azərbaycanın bölgələrinin iqlimi fərqli olduğuna görə, sığorta tarifləri də bölgələr üzrə fərqlidir. Məsələn, Göyçay rayonunda yerləşən xurma bağında 1000 manatlıq xurma məhsulunun sığota haqqı illik 21,8 manat təşkil edir. Bu məbləğin 50%-i, yəni 10,9 manat dövlət tərəfindən qarşılandığına görə, fermer cəmi 10,9 manat ödəməklə 1000 manatlıq xurma məhsulunu sığorta edə bilər.
Karalyok meyvəsi - Sputnik Azərbaycan, 1920, 17.10.2024
İQTİSADİYYAT
Xurma ixracından gəlirlərimiz artır - Azərbaycan təzə xurma ixracında dünyada ikincidir
Xəbər lenti
0