Работа за компьютером. Архивное фото - Sputnik Azərbaycan, 1920
YAZARLAR
Müxtəlif müəlliflərin fərqli mövzularda xəbər, məqalə və köşə yazıları

Suriya və "Hizbullah" olmadan: İran "müqavimət oxunu" canlandıra bilərmi?

© Getty Images / AnadoluHezbollah
Hezbollah  - Sputnik Azərbaycan, 1920, 12.12.2024
Abunə olmaq
İran hələlik gözləmə mövqeyindədir. O, silahlı qüvvələrini və vətəndaşlarını heç kimin onlara təhlükəsizlik zəmanəti verə bilməyəcəyi Suriyadan çıxarmaqla məşğuldur.
BAKI, 12 dekabr — Sputnik. Suriyada gözlənilməz hakimiyyət dəyişikliyindən və "Həyat Ət-Tahrir Əş-Şam"ın (HTŞ)* başçılıq etdiyi müxalifət qruplaşmaları tərəfindən ölkənin bütün ərazisinə demək olar ki, tam nəzarətin qurulmasından bir neçə gün sonra bir çox dövlətlər Suriya böhranı ilə bağlı müzakirələr aparmağa başlayıblar.
Əsədin gedişindən qazananlarla yanaşı, açıq şəkildə uduzan tərəf də var ki, bu da şübhəsiz olaraq İrandır. O, nəinki Suriyadakı əsas müttəfiqini itirib, həm də regiondakı əsas proksilərindən məhrum olub, xüsusən də Livandakı "Hizbullah" hərəkatı ilə əlaqələri kəsilib.
Hələlik İran gözləmə mövqeyindədir. O, silahlı qüvvələrini və vətəndaşlarını heç kimin onlara təhlükəsizlik zəmanəti verə bilməyəcəyi Suriyadan çıxarmaqla məşğuldur. Eyni zamanda, İranın ali lideri Əli Xamenei dünən xalqa müraciət edərək, Suriyanın uğursuzluğunda kimin günahkar olduğunu izah edib.
Boğulanların xilası onların öz işidir
Xamenei Suriyada hakimiyyət dəyişikliyini planlaşdıran İsrail və ABŞ-ın ilk növbədə Bəşər Əsəd rejiminin süqutunda günahkar olduğunu bildirib. Həmçinin Türkiyəyə də eyhamlar olub. Xamenei bildirib ki, Suriyaya qonşu olan dövlətlərdən biri də ölkədə baş verən proseslərdə əsas rol oynayır və oynamaqda davam edir.
İranın Əsədin hakimiyyətini xilas edə bilməməsinin əsas səbəbini İran lideri belə səsləndirib:

"Suriya ordusu zəiflik nümayiş etdirib müqavimət göstərməyəndə Bəsic (İranda yaradılmış hərbiləşdirilmiş (paramilitar) könüllü milis təşkilatıdır, "SEPAH"ın İslam İnqilabı Keşikçiləri Korpusunun tərkibindəki beş qüvvəsindən biridir) fəaliyyət göstərə bilmir və təəssüf ki, bu belə də baş verdi".

Eyni zamanda, İran rəsmilərinin Suriyada hakimiyyət dəyişikliyinə olan reaksiyasına nəzər salsaq, Tehranın bu ərəb ölkəsinin yeni rəhbərliyi ilə də razılığa gəlməyə çalışacağı görünür. Belə ki, iki gün əvvəl Suriyanın bəzi ölkələrdəki diplomatik nümayəndəlikləri ölkənin bayrağını yenisi ilə dəyişdirəndə İranda da Suriya Ərəb Respublikasının bayrağı götürülüb, lakin yenisi hələlik qaldırılmayıb.
Bundan əlavə, hakimiyyət dəyişikliyindən cəmi bir gün sonra İran rəsmiləri "Tehranın prinsiplərinə hörmətlə yanaşmaq və İsrailə hücumu genişləndirməyə imkan verməmək" şərti ilə müxalifətlə danışıqlara hazır olduqlarını bəyan ediblər. Qeyd edək ki, silahlı müxalifət Suriyada hakimiyyət dəyişikliyini elan etmədən və Bəşər Əsəd ölkəni tərk etməzdən əvvəl İranın televiziya kanalları və bir sıra nəşrləri artıq HTŞ-nin adını "paramilitar qruplar" adlandırıb və təşkilatı "terrorçu" adlandırmaqdan vaz keçiblər.
"Müqavimət oxu"nun sonu
"SEPAH"ın uzun illər davam edən kəşfiyyat səyləri, informasiya təbliğatı və çoxmilyardlarla maliyyə vəsaiti sayəsində İran bir sıra ərəb ölkələrinin ərazisində İranın şiə proksilərindən ibarət İsrailə qarşı müqavimət oxu olan "Şiə Ayparası" yaratmağa nail olub.
Eyni zamanda, müqavimət oxunun mühüm halqası, şübhəsiz ki, həm hökumətin, həm də ordunun İranla sıx bağlı olduğu və birbaşa Tehrandan tövsiyə və əmrlər aldığı Suriya olub.
Bundan əlavə, məhz Suriya ərazisindən Livanın "Hizbullah" şiə hərəkatının təchizatı həyata keçirilib, təşkilatın yaraqlıları Suriya ərazisində təlim keçiblər, orada həmçinin bir sıra məsləhətləşmələr və görüşlər də keçirilib.
Suriyanı itirən İranın Livandakı proksiləri ilə əlaqəsi kəsiləcək. Bundan əlavə, general Qasım Süleymaninin İraq üzərindən İranın Suriya və Livanla əlaqələndirilməsi üçün hazırladığı və müqavimət oxunun infrastruktur arteriyası hesab edilən "Süleymaninin quru dəhlizi" də Dəməşqin oradan çıxması üzündən "kəsilib".
İran üçün Suriyanın itirilməsi demək olar ki, "Hizbullah"ın zəifləməsi ilə paralel gedir. İsraillə atəşkəs əldə etdikdən sonra Livan qrupu, razılaşmaya əsasən, tərksilah edilməli və Livanda istənilən hərbi əməliyyatı tamamilə dayandırmalıdır. Aydındır ki, Livan hakimiyyəti tezliklə "Hizbullah"ı demilitarizasiya edə bilməyəcək – təşkilat bu gün həddindən artıq hərbi gücə malikdir, lakin İranın Suriya vasitəsi ilə yardımını dayandırması "Hizbullah" hərəkatına nəzərəçarpacaq dərəcədə zərbə vuracaq.
Suriyanı itirən İran "Hizbullah" üzərində də təsirini itirir və beləliklə, faktiki olaraq Yaxın Şərqin Levant bölgəsini tərk edir.
Bundan əlavə, İraqla bağlı hər şey o qədər də yaxşı deyil - lideri Müqtəda əs-Sədr hesab edilən İraq şiələrinin bir hissəsi regional münaqişələrə müdaxilənin və İranın İraqdakı rolunun gücləndirilməsinin əleyhinədir. Belə ki, Suriyada silahlı müxalifətin hücumu başlayanda Əs-Sədr İraq şiələrini qonşu ölkədəki vəziyyətə qarışmamağa çağırıb.
Belə olan halda İranın təsiri altında özünün maliyyələşdirməsindən birbaşa asılı olan "Əl-Həşd Əl-Şaabi" kimi yalnız bir sıra proksi-qruplaşmalar qalır, lakin bu qruplaşmalar, şübhəsiz ki, bölgədə nüfuzun artması məsələsində Tehranı Levant proksi-qüvvələri ilə əvəz edə bilməyəcəklər.
Yəni bu gün elə bir vəziyyət yaranıb ki, ərəb şiələri ilə İran şiələri siyasi baxımdan uçurum yaşayırlar - Suriya və Livandakı mövqelərini itirən Tehran tezliklə İraqda olan gücünü də itirə bilər. Həmçimin dini cəhətdən şiə olan Yəmən husilərinə (ideologiya baxımından sünniliyə nisbətən yaxın olan zeydilər) gəlincə, onlar uzun illərdir ki, İrandan "imtina etməyə" çalışırlar.
Belə ki, ötən ilin oktyabrında İsraillə HƏMAS arasında müharibə başlayandan sonra Yəmən husiləri həm yəhudi dövləti və ya Qərb şirkətləri ilə əlaqəli olan ticarət gəmilərini, həm də İsrail ərazisini vaxtaşırı atəşə tutaraq, orada həlledici qüvvəyə çevriliblər. Eyni zamanda husilərin İrandan maliyyə və hərbi yardım almalarına baxmayaraq, Yəmən üsyançıları özləri də İranla əməkdaşlıqlarını nümayiş etdirməyi sevmirlər, onlar İsrailə qarşı müqavimətdən öz uğurları kimi danışmağı üstün tuturlar.
İranın xarici siyasətini bundan sonra nə gözləyir?
İran Yaxın Şərq oyununda bütün "tuz"larını itirdikdən sonra Tehran çox güman ki, fasilə verəcək və yeni xarici siyasət strategiyasını qurmağa başlayacaq. Ola bilər ki, İran Qərblə münasibətləri yaxşılaşdırmağa çalışsın. Məsud Pezeşkian və onun Qərblə münasibətlərin normallaşdırılmasını dəstəkləyən diplomatlardan ibarət komandası hakimiyyətə gəldikdən sonra İran dəfələrlə nüvə sazişi üzrə danışıqların bərpasının zəruriliyindən danışıb.
Qərb də İrana "yaşıl işıq" yandırıb, lakin bu günə qədər bu məsələdə heç bir irəliləyiş qeydə alınmayıb. Suriyada yeni hakimiyyət dövründə ABŞ-ın Dəməşqə qarşı tətbiq etdiyi sanksiyaları ləğv edəcəyi gözlənilir ki, bu da Suriya iqtisadiyyatı üçün son dərəcə vaxtında olacaq. Ekspertlər istisna etmirlər ki, nisbi iqtisadi sabitliyə nail olmaq üçün İran da Qərblə danışıqlarda öz mövqeyini yumşalda və ola bilsin ki, məhdudiyyətlərin aradan qaldırılmasını da əldə edə bilər.
Digər tərəfdən, İranın hələ də Suriyanın yeni hakimiyyəti ilə münasibətləri yaxşılaşdıra bilmə şansı var. Burada qeyd etmək lazımdır ki, Fars körfəzinin bir sıra ölkələri artıq HTŞ və Suriya müxalifətinin digər hərəkatları ilə danışıqlara başlayırlar. Bəzi KİV-lər danışıqların Türkiyə üzərindən aparıldığını da iddia edir. Bir sıra regional məsələlərdə bəzi fikir ayrılıqlarına baxmayaraq, Tehran və Ankara hələ də yaxın ticari-iqtisadi əlaqələri olan qonşu ölkələrdir və bəzi şərtlər daxilində Ankara Suriyanın yeni hakimiyyəti ilə İran arasında vasitəçi kimi çıxış edə biləcək. Üstəlik, rəhbəri HTŞ Əbu-Məhəmməd Əl-Culani mediaya müsahibəsində bildirib ki, artıq İranla danışıqlar aparmağa hazırdır.
Aydındır ki, İran yalnız ideoloji manipulyasiya əsasında yenidən Suriya ilə müqavimət oxunu qura bilməyəcək, Lakin Tehran öz səhvlərindən dərs çıxarsa, kürdlər kimi yeni təzyiq rıçaqlarından istifadə etsə və Suriyanın yeni hakimiyyətinə ümumi düşmənə qarşı əməkdaşlıq üçün yenilənmiş yol xəritəsi təklif etsə, o zaman İslam Respublikasının regional proseslərdən kənarda qalmamaq və hətta Dəməşqlə münasibətləri bərpa etmək şansı var.
Məşhur ərəb məsəlində deyilir ki, Ay köhnəldikdən sonra onu atmırlar, yeni ulduzlara bölürlər. Ola bilsin ki, İran yalnız xarici imicini yaxşılaşdırmaqla yanaşı, ilk növbədə İslam Respublikasının iqtisadiyyatına fayda gətirmək niyyəti ilə köhnə şiə ayparasını yeni "ulduzlara" bölə biləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0