SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident İlham Əliyev Ərdoğanla Suriyada yaranmış vəziyyəti müzakirə etdi

© Official website of President of Azerbaijan Republic Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan
 Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğan - Sputnik Azərbaycan, 1920, 10.12.2024
Abunə olmaq
Prezident Rəcəb Təyyib Ərdoğan bütün sahələrdə olduğu kimi Suriya xalqına humanitar yardım və dəstək məsələsində də Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərəcəyini məmnuniyyətlə qeyd edib.
BAKI, 10 dekabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Təyyib Ərdoğana zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Söhbət zamanı dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin strateji müttəfiqlik zəminində inkişaf etdiyini bir daha vurğulayıblar.
Dövlətimizin başçısı Prezident Rəcəb Təyyib Ərdoğan və Əminə xanım Ərdoğanın Azərbaycanda keçirilmiş COP29 konfransının liderlər sammitində fəal iştirakını məmnuniyyətlə qeyd edərək, geniştərkibli Türkiyə nümayəndə heyətinin konfransın işinə əsaslı töhfələr verdiyini vurğulayıb.
Prezident Rəcəb Təyyib Ərdoğan öz növbəsində COP29-un uğurla keçirilməsi və danışıqlar prosesində əldə olunmuş nəticələr münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırıb.
Telefon danışığı əsnasında Cənubi Qafqaz və Yaxın Şərq regionuna aid məsələlərə toxunulub, xüsusilə Suriyada Əsəd rejiminin çökməsindən sonra yaranmış vəziyyət müzakirə olunub.
Dövlət başçıları bu münasibətlə Suriya xalqına təbriklərini, Suriya dövlətinin ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə ediblər.
Prezident İlham Əliyev bundan sonra Türkiyənin yaxın dəstəyi ilə Suriyada sabitlik dövrünün başlayacağına ümidvar olduğunu bildirərək Azərbaycanın qardaş Türkiyə ilə birlikdə Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək verməyə hazır olduğunu qeyd edib.
Prezident Rəcəb Təyyib Ərdoğan bütün sahələrdə olduğu kimi Suriya xalqına humanitar yardım və dəstək məsələsində də Azərbaycan və Türkiyənin birgə fəaliyyət göstərəcəyini məmnuniyyətlə qeyd edib.
Söhbət əsnasında Azərbaycan və Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Bəşər Əsəd həyat yoldaşı ilə - Sputnik Azərbaycan, 1920, 09.12.2024
YAZARLAR
Niyə heç kim Əsəd hakimiyyətini xilas etmədi
Xəbər lenti
0