Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan alpinisti dünyanın doqquzuncu zirvəsini fəth edib

© Photo : social page of İsrafil Aşurlu İsrafil Aşurlu
 İsrafil Aşurlu - Sputnik Azərbaycan, 1920, 15.07.2024
Abunə olmaq
Everesti (8848 metr) fəth edən ilk azərbaycanlı İsrafil Aşurlu ötən il pakistanlı alpinistin həyatını xilas etdiyi üçün bu zirvəyə çata bilməmişdi.
BAKI, 15 iyul - Sputnik. Azərbaycan alpinisti İsrafil Aşurlu hündürlyünə görə dünyada doqquzuncu zirvə olan Nanqa-Parbatı (8125 m) fəth edib.
Gəncələr və İdman Nazirliyinin verdiyi məlumata görə, alpinistimiz zirvəyə əlavə oksigen ehtiyatından istifadə etmədən çatmağa müvəffəq olub.
Bu, İsrafil Aşurlunun fəth etdiyi hündürlüyü 8 000 m olan 7-ci zirvədir.
Nanqa-Parbat Pakistanda yerləşir və Qərbi Himalayın ən yüksək nöqtəsi hesab edilir.
Xatırladaq ki, ötən ilin iyulunda dünyanın ən hündür doqquzuncu zirvəsi Nanqa-Parbatı fəth etmək istəyən bir qrup alpinist əlverişsiz hava şəraiti səbəbindən çətinliklə üzləşib.
8 125 metrlik zirvəyə qalxmağı hədəfləyən alpinistlərdən biri vəfat edib. Polşalı Pavel Kopets hündürlük xəstəliyindən dünyasını dəyişib.
Daha bir alpinist isə görmə qabiliyyətini itirib və hündürlükdə köməksiz qalıb. Söhbət pakistanlı Asif Bhattidən gedir. O, 7 300 metr hündürlükdə qalıb. İyulun 3-də xilasedici helikopter pis hava şəraiti səbəbindən oraya uça bilməyib.
Nanqa-Parbata qalxmaq istəyən alpinistlər arasında Azərbaycan Alpinizm Federasiyasının baş katibi İsrafil Aşurlı da olub. O, iyulun 3-də (20230cü il) zirvəyə çatmağı hədəfləsə də, 7 300 metr yüksəklikdəki dördüncü düşərgədə baş verənlər fikrini dəyişməsinə səbəb olub. Aşurlı həyatını təhlükəyə ataraq Asif Bhattiyə kömək etmək qərarına gəlib.
Azərbaycanlı alpinist əvvəlcə pakistanlı həmkarını 6 800 metr yüksəklikdəki üçüncü düşərgəyə endirməyi bacarıb.
Nanqa-Parbatdakı dördüncü düşərgədə baş verənlər barədə ətraflı məlumatı rus alpinist Sergey Kofanov verib. O, Aşurlının dostudur və Everest zirvəsinə birlikdə qalxıblar. Kofanov “ExplorersWeb”ə bildirib ki, İsrafil Aşurlı ilə “InReach” vasitəsilə əlaqə saxlayıb:
“O, iyulun 3-də zirvəyə qalxmağı planlaşdırırdı, lakin dördüncü düşərgəyə çatdıqda köməyə ehtiyacı olan iki alpinist görüb. Pavel Kopets sözün əsl mənasında İsrafilin qolları arasında ölüb. Digəri isə (Asif Bhatti - red.) qardan kor olub. İsrafil onu sürüyərək üçüncü düşərgəyə aparıb, ikisi də pis hava səbəbindən orada ilişib qalıb”.
Kofanovun sözlərinə görə, İsrafil Aşurlı ilə birlikdə olan italyan alpinistlər onları qoyub baza düşərgəsinə qayıdıblar. Daha sonra onlara iki pakistanlı alpinist qoşulub:
“İsrafil “InReach” vasitəsilə mənə bildirdi ki, ikinci düşərgədən əvvəl, demək olar ki, ən təhlükəli hissələri bitirdik. İki pakistanlı bizə kömək etməyə gəldi”.
“İsrafil Aşurlı qəhrəmandır. O, Asifi arxada qoymadı, bununla öz həyatını riskə atdı” - deyə S.Kofanov əlavə edib.
Qeyd edək ki, dünya şöhrətli alpinist İsrafil Aşurlı Azərbaycan Alpinizm Federasiyasının keçmiş prezidentidir. O, dünyanın ən hündür zirvəsi Everesti (8848 metr) fəth edən ilk azərbaycanlı alpinistdir.
Xəbər lenti
0